Banklar hansı sahələrə nə qədər kredit ayırıblar?

Bu ilin oktyabr ayının əvvəlinə olan sonuncu məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 39,2%-nə bərabər olub. Bu növ kreditlər üzrə kəskin azalma baş verib. İlin əvvəlindən ötən 9 ay ərzində istehlak kreditlərtinin həcmi 932,5 milyon manat azalaraq 4 milyard 881,5 milyon manata düşüb.

Bundan başqa ümumi kreditlərin 2 milyard 201,9 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Son 9 ay ərzində bu sektora qoyulan kreditlərin həcmi 230,3 milyon manat azalıb. Verilən kreditlər azalsa da, bu sektorun ümumi kredit portfelindəki payı 14,6%-dən 17,7%-ə yüksəlib.

İnşaat və əmlak sektoruna isə 545,4 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi ilini əvvəlindən 3,6 dəfə və ya 1 milyard 443,1 milyon manat aşağı düşüb. Bu azalma ilə bərabər ümumi kredit portfelindəki payı da 11,9%-dən 4,4%-ə düşüb.

Nəqliyyat və rabitə sektorunun maliyyələşdirilməsinə 1 milyard 60,9 milyon manat kredit ayrılıb ki, bu da ilin əvvəlindən ötən 9 ay ərzində 335,6 milyon manat azalma deməkdir. Sənaye və istehsal sektoruna yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı ilin əvvəlindəki 8,4%-dən 8,5% səviyyəsinə yüksəlib.

Sənaye və istehsal sektoruna isə banklardan 637,7 milyon manat vəsait cəlb edib. Bu, ilin əvvəli ilə müqayisədə 2 dəfə və ya 663,2 milyon manat azdır. Sektorun ümumi kreditləşmədə payı isə 7,8%-dən 5,1%-ə enib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 461,9 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği cüzi miqdarda - 14,3 milyon manat artıb, ümumi kredit portfelindəki payı 2,7%-dən 3,7%-ə yüksəlib.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə 358,2 milyon manat ayrılıb. Bu isə ilin əvvəli ilə müqayisədə 98,3 milyon manat azdır. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı isə ilin əvvəlindəki 2,7%-dən 2,9%-ə yüksəlib.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 719,9 milyon manat borc verib. Bu, son 9 ay ərzində 8,1 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı isə artıb - 10,2%-dən 13,8%-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top