Hüquqşünas: "Əgər bağça kommersiya obyektidirsə, orada "kasıblar qrupu" ola bilər"

Xəbər verildiyi kimi, mətbuatda paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasında uşaqların 2 qrupa ayrılmaları barədə məlumat yayılıb. İddia olunur ki, narazılığa səbəb bağçaya yeni gələn müdirin tətbiq etdiyi qaydalardır: "Direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış olduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda uşaqların yaşı fərqli olsa da, bütün uşaqlar eyni dərsi keçir".

Yayılan məlumatda o da bildirilir ki, 20-dən çox valideyn bununla əlaqədar Yasamal rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, bu xəbər həm ictimai şəxslər, həm də cəmiyyət tərəfindən narazılıqla qarşılanıb.

"Yeniavaz.com"un məlumatına görə, məsələ ilə bağlı hüquqşünas Sahib Məməmdov bunları bildirib: "Dünəndən bir sıra KİV-lər yazır ki, Bakıda uşaq bağçasında "kasıblar qrupu" yaradılıb. Əgər bağça kommersiya obyektidirsə, bunun nəyi pisdir? Büdcədən maliyyələşən bağçadırsa və Təhsil Nazirliyinə aiddirsə və qeyri-rəsmi yaradılıbsa, əlbəttə, bu araşdırılmalı və tədbir görülməlidir. Kommersiya tipli bağçalarda isə qruplar minimal normalar çərçivəsindən aşağı olmamaqla dərəcələşdirilə bilər. Yəni əlavə xidmətlər, əlavə şərait olan qrup üçün qiymət baha, daha az xidmət olan üçün isə ucuz ola bilər. Kimsə deyəcəksə ki, yox bu ədalətsizlikdir, valideynləri, nə bilim uşaqları aşağılamaqdır onda həmin adam getsin milyarderlər məhəlləsində özünə ev tiksin. Müasir dünya belədir. Təyyərdə uçanda biri birinci siniflə, digəri bezneslə, əksəriyyət isə ekonol sinif tarifi ilə uçur. Hətta "Lowcoster" təyyarədə belə yanaşı oturduğuna yaxşı yeməklər verirlər, sən isə cibindən peçenye çıxarıb yeyirsən (ödəməmisən və ya ödəmək istəmirsən). Orta məktəblərin pulsuzu da, pullusu da (pulsuzu dövlət təmin etməlidir). Hər yerdə bütün xidmətlərdə VİP xidmət də var, premiumda, ondan aşağı da. Adət edin, sosializm yoxdur. Onda da VİP var idi, amma gizli".

Hüquqşünas Ələsgər Əhmədoğlu isə onun bu fikirləri ilə razılaşmayıb: "Bu hərəkət birbaşa ayrıseçkilikdir və qadağandır, 283-cü maddəyə əsasən də cinayət hesab olunur".

DİGƏR XƏBƏRLƏR

Top