Dünya yağ böhranı yaşayır

Azərbaycanda kərə yağının qiyməti yenidən bahalaşıb. Paytaxtda fəaliyyət göstərən supermarketlərdə qiymətlər fərqli olsa da, artım hər birində müşahidə olunur. “Yeni Müsavat”ın müxbiri artım trendini izləmək üçün marketlərə baş çəkib. Məlum olub ki, xaricdən idxal olunan kərə yağının qiymətində 60 qəpik- 1 manat arasında artım var. “Wellington” markalı kərə yağının 1 kiloqramı 17.96 manat, “West gold” kərə yağının 1 kiloqramı 18.38 manat, “Golden Kraun” yağının kiloqramı isə 17.96 manatdır. Almaniya istehsalı olan “Gerda” kərə yağı isə 20.95 manata satılır.

Satıcıların sözlərinə görə, bahalaşam əhalinin alıcılıq qabiliyyətini də zəiflədib, əgər əvvəllər kərə yağı kiloqramla alınırdısa, indi qramla alınır. Bu da bazarda tələbatın azalmasına gətirib çıxarır.

Qiymətlərin bu qədər qalxması nisbətən keyfiyyətsiz olan Ukrayna yağlarının bazara ayaq açmasına səbəb olub. Bu kərə yağlarının qiyməti 12 manatdan başlayır. Artıq ucuz yağlara tələbat artdığından əksər marketlər Ukrayna , Rusiya yağlarını satış çıxarıblar. Bitki tərkibli yağların qiymətində də müəyyən artım müşahidə olunur. Kərə yağının bahalaşması paralelində digər yağları da gətirir. Bu durum dünya bazarında da müşahidə olunur.

Paytaxt bazarlarında isə yağla yanaşı yumurtanın və digər ağartı məhsullarının da qiyməti qalxıb.

Kərə yağının təkrar bahalaşmasının səbəblərini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, dünyada da kərə yağının bahalaşması prosesi davam edir: “Çünki quraqlıqla əlaqədar dünya bazarında yağ ixrac edən ölkələrdə istehsalın azalması müşahidə olunur. Həm Avstraliyada, həm Yeni Zellandiyada, həm Hollandiyada təbii şəraitlə əlaqədar istehsalda azalmalar müşahidə olunduğu üçün qiymət artır. Hətta bu yaxınlarda Fransada parlament səviyyəsində çox ciddi müzakirələr başladı ki, supermarketlərdə kərə yağı kifayət qədər azalıb və qiymətlər artıb. Dünyada bu proses gedir”.

Ekspertin sözlərinə görə, avrozonadan gətirilən yağların Azərbaycanda bu qədər bahalaşmasının səbəbi həm dünyada gedən proseslər, həm də avro ilə manatın məzənnə fərqindən qaynaqlanır: “Dolların məzənnəsi sabit qalsa da avronun məzənnəsində oynaqlıqlar var, ciddi dəyişikliklər baş verir. Bu da Mərkəzi Bankın siyasətindən qaynaqlanır. Son aylarda avronun təqribən 15 faizə yaxın bahalaşmasının şahidi oluruq. Ona görə də, avrozonadan gələn yağların qiymətinin artmasında məzənnə fərqi də rol oynayır.

Bir də Azərbaycan iqtisadiyyatında qiymət artımına səbəb olan amillər də var. Gömrüklə bağlı problemlərin olması, bazar oyunçularının sayının az olması, rəqabətin aşağı olması və sair. Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə. 55 şirkət ölkəyə yağ gətirir. Ancaq araşdırarkən məlum olur ki, bu şirkətlərin cəmi 5-i bazarın 90 faizindən çoxuna nəzarət edir. Bu baxımdan sözügedən sahədə Azərbaycanda çox da ciddi rəqabətli mühit yoxdur. Bu da qiymətin daha sürətli artımına gətirib çıxarır".

Yerli məhsullara gəldikdə isə, N.Cəfərli bildirdi ki, Azərbaycanın yerli məhsul adı altında bazara çıxartdığı yağ da bir çox hallarda xaricdən gətirilir və qablaşdırılması burada həyata keçirilir: “Bəzilərinin isə xammalı xaricdən gətirilir. Süd tozundan istehsal edilən yağlar var, onların xammalı xaricdən idxal olunur. Çünki Azərbaycanda bu qədər süd sağımı yoxdur ki, yerli xammaldan hazırlanmış xammalın bazara çıxmasının şahidi olaq. Xammalın xaricdən gətirilməsi də məhsulun maya dəyərinə təsir göstərir. Azərbaycana Ukraynadan, Hollandiyadan, Belçikadan süd tozu gətirilir və süd tozundan hazırlanmış yağ məhsulları bazara çıxarıldıqda həmin süd tozunun bahalaşması qiymətlərə də təsir göstərir. Bu anlamda yerli istehsal adı altında bazarda olan məhsulları şərti olaraq yerli istehsal adlandırmaq olar”.

Qeyd edək ki, hazırda kərə yağı ilə bağlı ən kritik vəziyyət Fransada yaşanır.

Son günlər Avropanın aqrar sahədə ən inkişaf etmiş ölkələrindən olan Fransada ciddi yağ qıtlığı yaranıb. Kərə yağı nəinki kəskin bahalaşıb, üstəlik mağazaların piştaxtalarından da yoxa çıxıb. Bu durum kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər. Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər.

Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb.

Ekspertlər hesab edir ki, kərə yağı bazarında problemlər Avropa İttifaqının 2015-ci ildə kvotaları ləğv etmə qərarı ilə başlayıb. Bundan sonra əvvəlcə süd istehsalı kəskin şəkildə artıb, bu isə bazarda qiymətin kəskin azalması ilə nəticələnib və süd istehsalçılarını istehsalı kəskin şəkildə azaltmağa məcbur edib. Lakin istehsalçıların bu qərarı ilə yanaşı dünyada kərə yağına tələbat da artmağa başlayıb. Süd istehsalçıları kərə yağının istehsalının onlar üçün əlverişli olmadığından şikayətlənirlər. Hökumət istehsalçıların qiymət dəyişikliyi tələblərinə razılıq verərək problemi aradan qaldırmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top