"ASAN pay" sistemində görünməyən cərimələr - Maşınlar həbsə gedir

"ASAN pay" sistemi Prezident İlham Əliyevin 2014-cü il 11 fevral tarixli Fərmanı ilə yaradılıb. Əsasnaməsində bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməlidir.

Elə məhz buna görə də son illər ərzində minlərlə sürücü öz cərimədən vaxtında xəbərdar olmaq və onu vaxtında ödəyə bilmək üçün "ASAN pay" sistemində qeydiyyatdan keçərək, şəxsi kabinetlərini yaradıblar. Lakin "ASAN pay" sisteminə güvənib başına iş gələn sürücülərin də sayı az deyil. Sürücülərin dediyinə görə, hər ay "ASAN pay"dakı şəxsi kabinetlərinə girib cərimələrinin olub-olmadığını dəqiqlədirməyə çalışıblar. Sistemdə cərimə görünmür, lakin yol polisi onların maşınını saxlayır və ödənməmiş cərimələrinin olduğunu bildirir, avtomobillər cərimə meydançasına aparılır.

Halbuki "ASAN pay"ın saytında elektron kabinetlə bağlı bunlar qeyd olunur:

- cərimələr və inzibati tənbehlər haqqında məlumatlara baxmaq;

- tətbiq edilmiş cərimələr barədə məlumat almaq;

- inzibati tənbeh protokollarının detalları (foto və video) ilə tanış olmaq;

- cərimələr üzrə ödənişləri həyata keçirmək...

"Maşınımı cərimə meydançasına apardılar"

"ASAN pay"da cəriməsi görünmədiyi üçün avtomobilinə həbs qoyulan sürücülərdən biri də Elvin Əliyevdir. 10 NA 272 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sahibi Elvin Əliyevin avtomobili əlindən alınaraq cərimə meydançasına aparılıb. O, "Yeniavaz.com" saytına açıqlamasında hadisəni belə nəql etdi: "Maşın alanda "Asan pay"ın saytında qeydiyyatdan keçərək, şəxsi kabinetimi yaratmışam. Hər ay ən azı 2 dəfə buraya daxil olub sahibi olduğum və idarə etdiyim avtomobilin cəriməsinin olub-olmadığını dəqiqləşdirməyə çalışırdım. Hər dəfə də məlum olurdu ki, cəriməm yoxdur. Təxminən 5 ay sonra, yəni ötən ayın sonunda yol polisləri avtomobilimi saxladılar və cəriməmin olduğunu bildirdilər. Dedilər ki, cəriməni ödəmədiyim üçün üstünə faiz gəlib, üstəlik, avtomobilimə həbs qoyulub. Mən "ASAN pay"da şəxsi kabinetimin olduğunu, orada cərimənin görünmədiyini dedim. Lakin onlar mənə bildirdilər ki, bu bizlik deyil, sənin və "ASAN pay"ın problemidir. Onları inandırmaq üçün hadisə yerindəcə "ASAN pay"dakı şəxsi kabinetimə girdim, həqiqətən də cərimə yox idi. Lakin israrıma baxmayaraq, yol polisləri yenə də dedilər ki, bizim üçün maraqlı deyil, əsas odur bizim sistemdə görünür, maşının həbsi var, cərimə meydançasına aparılmalıdır. Onlara cəriməni yerində ödəmək istədiyimi bildirdim, razı olmadılar. Maşın cərimə meydançasına aparıldı. Maşını cərimə meydançasına apararkən mənə dedilər ki, get "Asan pay"dan məsələni özün araşdır".

Elvin Əliyev bu hadisədən sonra Daxili işlər naziri Ramil Usubova şikayət məktubu ünvanlayıb: "Bundan sonra cərimələrdən biri "ASAN pay"da göründü, ancaq digəri yox. Cəriməni ödəyəndən sonra isə ikisi də "Asan pay"dakı şəxsi kabinetimə gəldi. Halbuki artıq mən o cərimələri ödəmişdim, sonradan göndərilməsinin nə əhəmiyyəti var idi? Cəriməni ödəməyimdən 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, biri silinib, digər sistemdə hələ də qalır".

"ASAN pay"dan şikayətlərə münasibət

Problemin səbəblərini öyrənmək məqsədi ilə "ASAN pay"ın 108 nömrəli "qaynar xətt"i ilə əlaqə saxladıq.

Bildirildi ki, hər bir vətəndaş "ASAN pay"da açdığı şəxsi kabinetində ancaq öz adına olan cəriməni görə bilər: "Avtomobil ola bilər ki, vətəndaşın adınadır, amma həmin cərimə vətəndaşın adına yox, başqa bir şəxsin adına qeydə alınıb. Ona görə də orada avtomobilə aid cərimələr görünməyə bilər".

Bildirdik ki, haqqında danışdığımız Elvin Əliyevin maşını da öz adınadır, şəxsi kabineti də.

Bu zaman "qaynar xətt"ən bir az fərqli cavab aldıq: "Vətəndaş şəxsi kabineti şəxsiyyət vəsiqəsinin FİN kodu (şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi) əsasında açır. Tutaq ki, MMX cəriməsidir və qeydə alınıb. Əgər vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodu Dövlət Yol Polisinin sistemində cəriməyə vurmayıblarsa, o zaman "ASAN pay"dakı şəxsi kabinetində vətəndaş cəriməni görmür. Onu da əlavə edək ki, vətəndaş öz adına olan inzibati xəta ilə bağlı cəriməni 1 ay ərzində şəxsi kabinetində görmürsə, onu ödəməmək hüququ var".

Ödənilmiş cərimənin hələ də "ASAN pay"da şəxsi kabinetdən silinməməsinə gəlincə, eşitdiyimiz cavab belə oldu: "Cərimə ödənilib, ancaq şəxsi kabinetdə görünürsə, bu ümumi bir çətinlikdir və bununla bağlı son günlər bizə müraciətlər xeyli artıb, 2-3 gün ərzində öz həllini tapacaq. Bir daha qeyd edirik, cərimənin şəxsi kabinetdə görünməməsinin səbəbi odur ki, DYP şəxsiyyət vəsiqəsinin FİN kodunu o cəriməyə vurmur. Fin kodla vurulduqca vətəndaş cəriməsini sistemdə görə bilir. Bu problemlə üzləşən vətəndaşlar həlli üçün Dövlət Yol Polisi İdarəsinə məlumat verməlidirlər ki, cərimələr olduqda şəxsiyyət vəsiqəsinin FİN kodunu da sistemə vursunlar".

"Sürücülərə təyin edilmiş cərimələr "ASAN pay"a necə göndərilir?" sualımıza cavab belə oldu: "Dövlət Yol Polisi İdarəsinin sistemində hansı cərimə olursa, onlayn rejimdə göndərilir və bizdə sistemə vurulur. "ASAN pay" yaradılan vaxt cənab Prezidentin fərmanında göstərilib ki, əgər vətəndaş bir ay ərzində elektron şəxsi kabinetində öz cəriməsi barədə məlumat görmürsə, onu ödəməmək haqqı var. Vətəndaş bununla bağlı Dövlət Yol Polisi İdarəsinə də məlumat bildirə bilər ki, Prezidentin imzaladığı sənəddə bu əksini tapıb və mən cəriməni ödəməyə bilərəm. Amma yaranmış problemlər "Asan pay"la bağlı olubsa, yəni həmin vaxt sistem işləməyibsə, bununla bağlı bizə rəsmi müraciət edilməlidir. Həmin müraciət şikayət olaraq rəsmiləşdirilir və müvafiq şöbəyə yönləndirilərək araşdırmaya başlanılır.

Bir neçə gündür ki, vətəndaşlar bizə zəng vuraraq, şəxsi kabinetlərindən ödənilmiş cərimələrin silinmədiyini bildirirlər. Hazırda bununla əlaqədar sistemdə işlər aparılır və çətinliklər bir neçə gün ərzində həll olunacaq. Ümumilikdə onu da qeyd edək ki, vətəndaşların müraciətləri əsasında yaranmış hər bir çətinliklə bağlı tədbir görülür".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top