Mingəçevirdə göllərdə yırtıcı naxalar yetişdirilir

Uzun ömür sürür, çəkisi 100 kiloqramdan artıq olur, digər balıqlardan fərqli olaraq ətlə qidalanır. Söhbət yırtıcı balıq olan naxadan gedir. Su canlısının ilk dəfə olaraq AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində süni yolla çoxaldılmasına başlanılıb. Məntəqədəki göllərdən birinə 3 ay öncə buraxılan canlılar artıq 100-120 qram çəkiyə malikdir. AMEA-nın Zoologiya İnstitutunun baş elmi işçisi Asif Manafov elmi tədqiqat məqsədilə yetişdirilən naxa körpələrinin sağlam və nəticənin ümidverici olduğunu bildirir. Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində ilk dəfə yetişdirlən yırtıcı balıqlar müəyyən yaş dövrünə qədər dalaq, qaraciyər, növbəti mərhələrədə isə göllərdə olan digər canlılarla qidalanır. AMEA-nın Zoologiya İnstitutunun baş elmi işçisi Asif Manafovun sözlərinə görə, bu günə qədər Zoologiya İnstitutunda aparılan tədqiqatlar nəticəsində Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsinin ərazisindəki göllərdə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş və yüksək ekoloji keyfiyyətə malik üç növ birillik çəki, ağ amur, qalınalın və dekorativ koe balıqları yetişdirilib. Naxa balığının ilkin mərhələdə zəif yemələnməsi bir qədər ümidsizlik yaratsada, son bir ayda artırılan yem balıqların sürətlə böyüməsinə şərait yaradıb. Asif Manafov onu da dedi ki,dadına görə digər balıqlardan fərqlənən naxa, həm də bahalı balıq hesab edilir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top