"İmkanı olanlar vəkil tutacaq, olmayanlar müdafiəsiz qalacaq?" - YENİ DƏYİŞİKLİK

Milli Məclisinin iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gərgin müzakirələrə səbəb olub. Hər üç sənədə eyni dəyişikliyi nəzərdə tutan layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.

Bildirilir ki, nümayəndəlik institutunun ləğvinin bir neçə mənfi nəticəsi olacaq.

Hüquq üzrə fəlsəfə doktoru, dosent Mübariz Yolçuyev "Yeniavaz.com" saytına açıqlamasında gözlənilən mənfi nəticələri belə sıraladı: "Birincisi, Azərbaycanda hüquqi xidmətin qiyməti bahalaşacaq. Çünki məhkəmədə müdafiə etmək hüququ olan şəxslərin sayı azalacaq. 10 milyon əhalinin hüququnu cəmi 736 nəfər (bəzi mənbələrə görə 936 nəfər) vəkil müdafiə edəcək. Əgər əvvəlki şəraitdə vətəndaşların hüququnu müdafiə etmək səlahiyyəti olan 10000 nəfər var idisə, indi onların sayı 10 dəfə azalacaq. Tələb artacaq, lakin o tələbi qarşılamalı olanların sayı isə azalacaq. Bu da vəkillik xidmətinə görə qiymətin 5-6 dəfə artmasına səbəb olacaq. Əksər vətəndaşlar tələb olunan məbləği ödəyə bilməyəcəklər. Məhkəmədə müdafiələrini ya özləri həyata keçirəcəklər, ya da hüquqlarının müdafiəsindən yayınacaqlar.

İkincisi, təxminən 9000-ə yaxın insanın - Azərbaycan vətəndaşının işsiz qalmasına səbəb olacaq. İşsiz qaldıqları üçün onların dolandırdıqları ailələri, həmin ailələrdə 3-4 fərdin də olduğunu düşünsək, 50000-ə yaxın insanın yaşam şəraitinə mənfi təsir edəcək.

Avropanın tələb etdiyi müəyyən hüquqi standartlar var, ən azından 1000 nəfərə 1 vəkil düşməlidir. Bəzi tələblərə görə 500 nəfərə 1 vəkil düşməlidir. Ancaq bizdə 10 milyon əhaliyə heç 1000 nəfər vəkil də düşmür. Təbii ki, başqa mənfi nəticələri də olacaq".

Mübariz Yolçuyev bu məsələ ilə bağlı dünya təcrübəsindən də danışdı: "Bəzi ölkələrdə, xüsusilə bizim vəziyyətimizə yaxın olanlarda bu institutdan istifadə edilir. Eyni zamanda mərhələli formada, yəni vəkillərin sayını artıraraq nümayəndəlik institutunu ləğv edən dövlətlər var. Amma mərhələli, birdən-birə yox. Əvvəl vəkillərin sayını artırdılar, standarta yaxınlaşdılar, ondan sonra nümayəndəlik institutunu ləğv elədilər.

Birbaşa bunu ləğv etdiyimiz zaman xaos meydana gəlir. Qiymətlər kəskin şəkildə artacaq, eyni zamanda keyfiyyət də aşağı düşəcək.

Türkiyə illər öncə bu mərhələni keçdi. O vaxt Türkiyədə "dava vəkili" deyə bir anlayış var idi. Bir var "avukat", bir də var "dava vəkili". "Dava vəkilləri" bir müddət məhkəmə işlərinə çıxa bilirdilər. Daha sonra "avukat"ların sayı artırıldı və məsələ öz həllini tapdı.

Hazırda İstanbulun 20 milyona yaxın əhalisi var. Orada təxminən 150 minə yaxın vəkil var. Türkiyədə hər bir şəhərin özünün regional kollegiyası var. Vəkillərin sayını standarta uyğun göstəriciyə çatdırandan sonra Türkiyə nümayəndəlik institutunu ləğv elədi.

Gürcüstan da bunu mərhələli şəkildə həll etdi. Hazırda Gürcüstanda əhalinin sayı 6 milyona yaxındır, 6000-dən çox vəkil var. Gürcüstan vəkillərin sayını bu rəqəmə çatdırandan sonra nümayəndəlik institutunu ləğv etdi.

Azərbaycanda da bu işi mərhələli şəkildə həll etmək olar. Müəyyən bir müddət ərzində tez-tez imtahanlar keçirərək Vəkillər Kollegiyasının üzvlərinin sayını, yəni vəkillərin sayını 7000, 8000-ə çatdırandan sonra nümayəndəlik institutunu ləğv etmək olar. 10000 istəmirik, vəkillərin sayını 7000-ə çatdırsınlar, ondan sonra nümayəndəlik institutunu ləğv eləsinlər.

Vəkillər Kollegiyasına üzv qəbul olmaq üçün 3 ildir gözləyənlər var. 3 ildənbir olacaqsa, onda vəkil olmaq istəyənlər ora necə qəbul ola biləcəklər? Bu prosesləri həll edəndən sonra qanunun dəyişməsinə razıyam. Bu mərhələləri keçməliyik ki, vətəndaşlar hüquqi xidmət göstərilməsinin müqabilində indikindən 5-10 qat çox pul ödəməsinlər. Bu, vətəndaşların da əleyhinə olan bir şeydir. Yanvarın 1-dən etibarən 500 manat olan xidmətin xərci təxminən 3000-4000 manatadək artacaq. Çünki vəkillər deyəcəklər çatdıra bilmirəm, üstəlik, xidmətin keyfiyyəti də aşağı düşmüş olacaq. Bu vəziyyət həm də hüquqpozma hallarını artıracaq".

Hüquq elmləri doktoru Fərhad Mehdiyev fikrincə, nümayəndəlik institutunun ləğvindən sonra vəziyyət o həddə gəlib çıxacaq ki, insanlar məhkəməyə getməyəcəklər: "Vəkillər göstərdikləri xidmətin qiymətini artıracaqlar. İnsanlar məhkəməyə getməyəcəklər. Məhkəməyə vətəndaş tək çıxacaq, nə vəkili yanına aparacaq, çünki vəkil ondan çox pul istəyəcək, nə də nümayəndələrə qadağa qoyulduğu üçün onlar çıxa bilməyəcəklər. Bu nə ilə nəticələnəcək? İmkanı olanlar vəkil tutacaqlar, imkanı olmayanlar isə müdafiəsiz qalacaqlar. Yəni faktiki olaraq ədalətli məhkəmə hüququ pozulmuş olacaq. Dövlətin pulsuz hüquqi yardım haqqında bir sənədi var idi. Amma bu heç qəbul da olmadı.

Müstəqil Dövlət Birliyi ölkələrində ya nümayəndəlik sərbəstdir, ya da hüquqşünaslara, hüquq fakultəsinin məzunlarına bu iş sərbəstdir. Bakalavr diplomunu göstərmək şərti ilə şəxs məhkəmədə nümayəndə qismində çıxış edə bilir. Avropa ölkələrinin çoxunda məhkəməyə ancaq vəkillər çıxır, nümayəndələr çıxa bilmir. Amma Azərbaycandan fərqləri nədir - orada vəkillərin sayı kifayət qədər çoxdur, vəkillik tamamilə müstəqil qurumdur, bir inhisarçı Vəkillər kollegiyası yoxdur, hətta regional vəkillər kollegiyası belə var. Vəkillərin müstəqilliyi mübahisə mövzusu deyil orada. İngiltərədə, Amerikada nümayəndəlik institutu var. Amerikada dövlətlə olan çəkişmələrdə nümayəndəlik institutunun xidmətindən yararlanmaq olduqca geniş yayılıb. Amerikanın bəzi əyalətlərində nümayəndələr etibarnamə ilə bütün işlərə girə bilirlər.

Bizdə isə Ali Məhkəmə bildirib ki, guya nümayədələr keyfiyyətli hüquqi yardım göstərmirlər. Birincisi, Ali Məhkəmənin özünə nümayəndələr çıxmırlar. Rayonlarda isə vəkil yoxdur. Rayonlarda bir dənə vəkil varsa, böyük işdir. Şəkidə məhkəmə prosesində bizə dedilər ki, Oğuzda cəmi 1 vəkil var. Elə İsmayıllıda da 1 vəkil var. İndi siz bütün rayonun işini bir nəfərə necə tapşıra bilərsiniz? Mümkün də deyil. Bu vəziyyət dediyim kimi, insanların ümumiyyətlə məhkəməyə getməməsinə gətirib çıxaracaq. İnsanlar konfliktləri öz aralarında, məhkəmədən kənar yollarla həll etməyə çalışacaqlar. Məhkəməyə gedə bilməyən insan məcbur qalacaq ki, öz haqqını özü əldə etsin. Bununla isə ictimai qaydanı pozacaq, yəni özbaşınalıqla məşğul olacaq.

Milli Məclisdə kifayət qədər insan buna etiraz elədi. Deyə bilərsiniz ki, bəs onda niyə qəbul olundu? Ona görə ki, bunda müəyyən bir qüvvənin marağı var".

Fərhad Mehdiyev bu qənaətdədir ki, yaranacaq vəziyyət hüquqpozma hallarını da artıracaq: "Deyək ki, dövlət orqanı vətəndaşdan 300 manat rüşvət istəyir. Vətəndaş məhkəməyə gedəcək, yoxsa 300 manat rüşvət verəcək? Rüşvəti verəcək, çünki vəkilə müraciət etmək ona 1000 manata başa gələcək. Sərf etməyəcək. Deyəcək ki, vəkilə 1000 manat verməkdənsə, 300 manat verib işimi həll edim. Bu qədər bəsitdir məsələ".

Müsahibimizdən Vəkillər Kollegiyasına üzvlüyün sadələşdirilməsi ilə bağlı təkliflərini də soruşduq: "Son 10 il ərzində Vəkillər Kollegiyasına cəmi 120 vəkil qəbul edilib. Bu çox gülünc rəqəmdir. Çalışırdılar ki, kollegiyanın üzvlərinin sayı 1000 nəfərdən çox olmasın, əgər çox olsaydı, sədr başqa cür seçilməli idi. Azər Tağıyev öz yerini vermək istəmirdi, ona görə də imkan vermirdi. Kimi istəyirdi Vəkillər Kollegiyasından rahat çıxarırdı. Bu ayrıca müzakirə ediləsi bir problemdir ki, vəkillərin sayı hansı formada artırılacaq?

Vəkilliyə qəbulda staj müddəti aşağı salınmalıdır. 3 il staj az deyil. Hazırda Vəkillər Kollegiyası hər işi 3 illik stajı da staj kimi qəbul eləmir. Məsələn, mən VÖEN ilə hüquqşünas kimi işləmişəm, bunu qəbul eləmir, sən bir yerdə hüquqşünas kimi işləməlisən. Bu ləğvdən sonra 6-7 min nəfər işsiz qalacaq və onlar hamısı özünə hüquqşünas işi axtarıb tapmağa çalışacaq. Bir qismi tapacaq, bir qismi ümumiyyətlə tapmayacaq. Hüquq fakultəsini yeni bitirən şəxs haradan özünə hüquqşünas işi tapacaq? O, ümumiyyətlə həmin stajı əldə edə bilməyəcək. Keçid balı aşağı salınmalıdır. Müsahibə mərhələsi sadələşdirilməlidir. Hüquqşünaslıqdan sonra rahat vəkil olmaq mümkün olmalıdır.

Vəkillər Kollegiyasından çıxarılma şərtləri də qəlizləşdirilməlidir. Bizdə qanunu pozaraq Vəkillər Kollegiyasından çıxarırlar və məhkəmə də faktiki olaraq zərərçəkmiş şəxsin arxasında dayanmır. Bütün bunlara əsasən demək olar ki, nümayəndəlik institutunun ləğvi olduqca təzadlı nəticələrə gətirib çıxaracaq. İnsanlar keyfiyyətli hüquqi yardımla təmin olunmalıdırlar, ya bunu dövlət özü verməlidir, ya da dövlət elə rəqabət şəraiti yaratmalıdır ki, insanlar bunu rahat şəkildə əldə edə bilsinlər".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top