“MTN işi” ədalətli yekunlaşdımı?

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərə hökm oxunub. Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına əsasən Akif Çovdarov və digərlərinin üzərinə həbs qoyulmuş əmlakları müsadirə edilib. Məhkəmə qərarına əsasən, adları sadalanan şəxslərin 2,9 milyon manatlıq mülkləri müsadirə edilib.

Bundan başqa, A.Çovdarov və digərlərinin rütbələrinin əllərindən alınması barədə qərardad çıxarılıb. Qərardadda qeyd edilib ki, bununla bağlı müvafiq qurumlara təqdimat verilib. Həmin qurumlar sənədləri hazırlayıb, prezidentə göndərəcək.

Akif Çovdarov və Səlim Məmmədovun ailə üzvlərinin qaldıqları evlərin üzərinə qoyulmuş həbs və S.Məmmədovun pensiya kartının üzərinə qoyulmuş həbs götürülüb.

Image result for Sülhəddin Əkbər

Sabiq milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər sözügedən məhkəmə işi və prosesin necə yekunlaşdığı barədə fikirlərini “Yeni Müsavat”a açıqlayıb. Sülhəddin Əkbər deyib ki, “MTN işi” məhkəməsi əvvəldən tam əhatəli aparılmadı: “Keçmiş MTN hərbi qaydada idarə olunan bir təşkilatdır. Məhkəmə araşdırması zamanı həmin nazirliyin birinci şəxsinin prosesdən kənarda qalması, hətta bir dəfə də olsun şahid qismində belə olsa da məhkəmədə ifadə verməməsi Azərbaycan cəmiyyətində sual doğurub. İkincisi, məhkəmə sisteminin icra hakimiyyətindən asılı olduğunu da sübut etməyə xüsusi ehtiyac yoxdur, bunu hər kəs bilir. Bütün bu və digər məqamları nəzərə aldıqda hesab etmək olar ki, sözügedən prosesdə obyektiv, dəqiq araşdırmadan söhbət gedə bilməz. Bu proses birtərəfli, natamam aparıldı və bunu zaman-zaman proses iştirakçıları da bəzən açıq, bəzə dolayısı ilə ifadə etdilər. Söhbət ondan getmir ki, məsələn, Akif Çovdarova 12 il yox, daha artıq müddətə həbs cəzası verilsəydi, proses ədalətli, tam əhatəli aparılan məhkəmə prosesi sayılacaqdı. Söhbət burada kimə hansı müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsindən getmir. Hər kəsə bəllidir ki, əgər MTN hərbi təşkilatdırsa, komanda nəzarət sistemi ilə idarə olunursa, o qədər hadisənin həmin nazirliyin birinci şəxsi olmadan orada baş verməsi qeyri-mümkündür. Keçmiş naziri isə dediyim kimi, hətta şahid qismində belə məhkəməyə dəvət etmədilər. Belə olan halda, hansı əhatəli araşdırmadan söhbət gedə bilər. Əhatəli araşdırma aparılsaydı, müttəhimlər kürsüsündə daha çox sayda şəxsin oturacağı ehtimalı böyük idi. Əhatəli araşdırma olmayıbsa, indi kimə neçə il iş verildi, neçə il verilməli idi kimi məsələlər hüquqi-texniki məsələlərdir”.

S.Əkbər onu da dedi ki, istənilən zaman “MTN işi” məsələsi yenidən istintaqa çıxarıla bilər: “İstənilən bir şahid və proses iştirakçısı yeni hal ortaya çıxaracaq ifadə verərsə və ya yeni hal yaradacaq dəlil, sübutlar ortaya qoyarsa, proses yenilənə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top