Yazıçılar Birliyindən "26-lar kafesi"nin boşaltdığı məkanla bağlı YENİ AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyinin (AYB) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

- Xəyal müəllim, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən "26-lar kafesi"nin fəaliyyəti dayandırılandan sonra boşalmış məkan hazırda istifadə olunurmu? Həmin ərazidən AYB necə yararlanır?

- Bununla bağlı qərar verilməyib. Həmin məkan AYB-nin binasının bir hissəsidir. AYB nə vaxt istəsə, bununla bağlı öz qərarını verəcək. Hazırda qərar vermə ilə bağlı bir nəticə yoxdur. Həmin ərazi hələ ki, istifadə olunmur.

- Yazıçılar Birliyi "26-lar kafesi" gündəmdə olan ərəfədə yaydığı bəyanatda bildirilirdi ki, icarəyə verilən məkandan əldə olunan gəlir xəstə, imkansız şair və yazıçıların problemlərinin həllinə sərf edilir, onlara maddi yardım göstərilir. İndi həmin ərazidən gəlir əldə olunmur, sözügedən şair və yazıçılara maddi yardımlar dayandırılıbmı?

- Təbii ki, əgər oradan gələn gəlir dayanıbsa, heç bir gəlir gəlmirsə, onun vasitəsi ilə edilən yardımlar da müvəqqəti olaraq göstərilmir. Həmin ərazi nə vaxtsa yenidən icarəyə verilsə, oradan hər hansı mədaxil olsa, onda xəstə, kasıb, ehtiyacı olan yazıçı və şairlərə yardımlar da bərpa olunacaq. Həm maaşı az olan yazıçılarımıza, həm də xəstə olanlara yardımlar ediləcək.

- Həmin şair və yazıçılara maddi dəstəyin davam etdirilməsi üçün alternativ maliyyə axtarışı varmı?

- Yeni maliyyə mənbəyi axtarılması məsələsi yoxdur. Yazıçılar Birliyi biznes fəaliyyəti ilə məşğul deyil ki, biznes imkanlarını daha da böyütsün, alternativ variantlar axtarsın. Bizim işimiz bəlli, gücümüz bəllidir. Dövlətin dotasiyası ilə fəaliyyət göstərən təşkilatıq.

- Xəyal bəy, bir çox ölkələrdə iş adamları müvafiq təşkilatlara müraciət edərək şair və yazıçılara, onların əsərlərinin çapına maddi yardım göstərirlər. Bizdə AYB-ə müraciət edib şair və yazıçılara maddi dəstək göstərmək istədiyini bildirən iş adamları varmı?

- Allah ağzınızdan eşitsin. Müraciət etsinlər, ədəbiyyata dəstək versinlər, söhbət AYB-dən getmir, gənc və istedadlı nəsilə, kitabını nəşr etdirmək istəyən yazıçılara, imkansız insanlara, xəstə yazıçılara, ədəbiyyatçılara, sənətçilərə dəstək olmaq özü böyük savabdır. Yəni elə iş adamları olsa... Yəqin ki, belələri var, bizə müraciət etməsələr də, ayrı-ayrı fərdlərə dəstək olan, adının çəkilməsini istəməyən, özünü reklam etmək istəməyən iş adamları var. Amma biz məlumatsızıq bunlarla bağlı.

Sırf AYB-ə hansısa biznesmenin maddi dəstək göstərməsi təcrübəsi bizdə hələ ki, yoxdur.

- Hazırda AYB-nin neçə üzvü var?

- 1500-dən çox deyək...

- Bəs üzvlük üçün müraciət edib növbə gözləyənlərin sayı nə qədərdir?

- Bununla bağlı dəqiq məlumatım yoxdur. Yəqin ki, belələrinin sayı yüzlərlədir.

- AYB-ə üzvlük şərtləri ilə bağlı hansısa dəyişiklik varmı?

- AYB-ə üzvlük üçün müraciətlərə qəbul komissiyasında baxılır. Müraciətlərə təxminən 3-4 aydanbir baxılır. Əgər gənc deyilsə, AYB-yə üzv olmaq üçün müraciət edən şəxsin yaşı 35-dən çoxdursa, onun 2 kitabının çap olunması və dövrü mətbuatda əsərlərinin işıqlandırılması mütləqdir. Həmin şəxsin Yazıçılar Birliyinin ən az 10 il üzvü olan 3 tanınmış qələm adamından zəmanət alması mütləqdir. Bundan sonra artıq qəbul komissiyası onun əsərlərini dəyərləndirir.

- Bəs müraciət edən şəxs gəncdirsə?

- Əgər üzvlük üçün müraciət edən şəxs gəncdirsə, şərtlər bu qədər çətin deyil. Gənc olduğu üçün təbii ki, fəaliyyətə yeni başlayır və ona dəstək olmaq lazımdır. Onun 2 kitabı yox, 1 kitabı da ola bilər, xüsusi zəmanətə ehtiyac yoxdur. Onunla bağlı qərarı gənclər üzrə katiblik verir.

- Əvvəllər gənc və yaşlı şair, yazıçılara dövlət tərəfindən mükafatlar verilirdi, yenə də davam edirmi?

- Hər il Prezident İlham Əliyevin mükafat fondundan gənc və yaşlı nəsildən olan yazıçı və şairlərə dəstək verilir. Belə ki, 50 ortayaşlı və yaşlı yazar, 20 gənc şair və yazıçı bu mükafatdan yararlana bilir. Yaşlılar üçün mükafatın məbləği 300, gənclər üçün isə 200 manatdır.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top