Neft və təbii qazı günəş və külək enerjisi əvəzləyir

Məlum olduğu kimi, ənənəvi enerji mənbələri (neft, təbii qaz, kömür və s.) müəyyən dövürdən sonra tükənməyə başlayacaq. Məhz bunu nəzərə alaraq dünyanın inkişaf etmiş ölkələrində alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş, külək və biokütlə enerjisi, su elektrik stansiyaları (SES) və termal sular) geniş istifadə olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, ənənəvi enerji mənbələrindən istifadə ətraf mühitə külli miqdarda zərər vurur. Bu baxımdan dünyada alternativ enerji mənbələrinə olan maraq hər keçən gün daha da artır.

Külək enerjisi

Ölkəmiz özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Bunlardan ən səmərəlisi külək enerjisi hesab olunur. Belə ki, külək enerjisi digər alternativ enerji mənbələrilə (günəş, hidroenergetika, geotermal və biokütlə) müqayisədə özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Araşdırmalar göstərir ki, ölkə ərazisində külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Hesablamalara görə, ölkəmiz 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Ən əlverişli şəraiti Abşeron yarımadası və Xəzər dənizi sahillərindədir. Bundan başqa Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində də orta güclü külək elektrik qurğularından istifadə etmək mümkündür. Artıq Bakıdan 40 km şimalda 3 ədəd külək-enerji stansiyası quraşdırılıb. Yaxın gələcəkdə Qobustan rayonunun enerjiyə olan tələbatı bütünlüklə alternativ enerji hesabına təmin olunacaq.

Günəş enerjisi

Külək enerjisindən sonra ən səmərəli alternativ enereji mənbəyi günəş enerjisi hesab olunur. Ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400-3200 saat təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici ABŞ və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saata bərabərdir. Göründüyü kimi, ölkəmizin ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadəni daha da aktual edir. Həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri yaşayış binalarının damında günəş batareyalarının yerləşdirilməsidir. Gələcəkdə bu cür binaların dəhlizləri günəş enerjisi hesabına işıqlandırılacaq. Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının yeni binasında 2 ədəd bu cür günəş batareyası quraşdırılaraq istifadəyə verilib.

Su elektrik stansiyası

Ölkəmizdə əsas alternativ enerji növlərindən biri hesab olunan hidroenerji ehtiyatlarından istifadə etməklə elektrik enerjisi istehsalı üçün çox böyük imkanlar mövcuddur. Ölkəmizdəki çayların tam hidroenerji potensialı 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialı isə 16 mlrd. kVt.s-a bərabərdir. Bunun da 5 mlrd kVt.s kiçik SES-in payına düşür. Yaxın perspektivdə ölkəmizin müxtəlif bölgələrində dağ çayları və kanallar üzərində ümumi gücü 600 MVt olan 300-ə yaxın kiçik SES-in tikintisi nəzərdə tutulur.

Biokütlə

İqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Belə ki, ölkəmizdə hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Artıq bir çox Avropa ölkələrində bu problemin həlli yolları tapılıb. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma zavodları tikilməklə, orada məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılan tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur.

yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top