Mənzilindəki ümumi istilik xətlərini kəsənlər məhkəməyə veriləcək

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev "Yeniavaz.com" saytının suallarını cavablandırıb:

- Rafiq müəllim, iddialar var ki, istilik mövsümünə keçiddən, yəni noyabrın 15-dən sonra istilik tarifləri bahalaşacaq. Bu iddiaların əsası varmı?

- Qiymətlərin artırılması Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. Bu barədə mənim şərh verməyim doğru olmaz.

- Deyilənə görə, "Azəristiliktəchizat" ziyanla işləyir və buna görə də qiymətlər artırıla bilər.

- "Azəristiliktəchizat" ASC həmişə ziyanla işləyib. Bizim tariflərimiz maya dəyərindən aşağıdır. Buna baxmayaraq, tarifləri artırıb-azaltmaq bizim səlahiyyətimizdə deyil. Ona görə münasibət də bildirə bilmirəm, bu suala Tarif Şurası cavab verə bilər.

- "Azəriqaz"ın sabiq idarə rəisi Nüsrət Qasımov ötən gün saytımıza bildirib ki, "Azəristiliktəchizat"ın istilik mövsümünə noyabrın 15-də keçməsi doğru deyil. Nüsrət müəllimin dediyinə görə, bu sovet dövründən qalma rejimdir və dəyişməsi lazımdır.

- Bilirsiniz, təkcə "Azəristilikhtəchizat"ın payız-qış mövsümünə keçidi ilə iş düzəlmir. "Azəriqaz", "Azərenerji", ümumiyyətlə, ölkənin mənzil-kommunal sektoru kompleks olaraq, birlikdə bu keçidi etməlidir. Yəni tək "Azəristiliktəchizat"ın payız-qış mövsümünə başlaması ilə alınmır. İkincisi, hidrometereoloji amillərdən də asılıdır bu işlər. Bir də görürsən havalar oktyabr ayında çox soyuyur, yaxud əksinə. Amma bu gün Bakıda havanın temperaturu 17 dərəcəni göstərir. Yəni istilik mövsümünün başlanması üçün yetərli deyil. İndiki hava o qədər də əsas vermir ki, istilik mövsümü başlansın.

- Rejimin dəyişməsi üçün hansısa quruma müraciət edilibmi, ümumiyyətlə, bu məsələ gündəmə gətirilibmi?

- İstilik rejiminə keçidin tənzimlənməsi məsələsi təkcə bizdən asılı olan məsələ deyil. Bu barədə gərək Nazirlər Kabinetinin qərarı ola, aidiyyəti qurumların göstərişi ola. Çünki bizdə işlər planlaşdırılır, idarə də zərərlə işlədiyindən biz il ərzində 5 ay nəzərdə tuturuq istilik mövsümünü. 5 aydan artıq planlaşdırsaq, xərclərimiz artar. Ona görə də bizim təşkilatın səviyyəsində həll olunası məsələ deyil bu. Gərək hökumət səviyyəsində bu işə baxılsın.

- Mərkəzi istilik sisteminə qoşulmaq istəyən mənzillər də var ki, istəsələr də bunu edə bilmirlər. Tutaq ki, vətəndaş 5-ci mərtəbədə yaşayır, ancaq alt mərtəbədə yaşayan qonşu ümumi istilik xəttinin mənzilindən keçən hissəsini kəsib atıb. Kənardan əlavə xətt çəkdirmək həm baha başa gəlir, həm də xətt çöldən gəldiyi üçün isti su soyuyur. Bu halda vətəndaş nə etməlidir?

- Biz məsləhət görürük, kim istəmirsə, digər sakinlərə mane olmamalıdır. Əgər binanın 3-cü mərtəbəsində yaşayan vətəndaş ümumi istilik xəttinin öz mənzilindən keçən hissəsini kəsibsə və üst mərtəbədəkilər buna görə evlərinə istilik xətti çəkdirə bilmirlərsə, o zaman məhkəmə qaydasında qonşudan öz hüquqlarının təmin olunmasını tələb etməlidir. Ya binanın, ya da mənzilin mülkiyyətçiləri bizə müraciət etsinlər. Həmin şəxslərlə bağlı məhkəmə qarşısında iddia qaldırırıq ki, məcburi şəkildə istiliyi bərpa eləsinlər, digər qonşuların istilik sisteminə mane olmasınlar.

- İnsanlar mərkəzi istilik sisteminə həm də təhlükəsiz olduğu üçün maraq göstərirlər...

- Hazırda istilik tarifləri 1 kvadratmetr üçün 15 qəpik müəyyənləşdirilib. Mənzili digər vasitələrlə qızdırmaqdan ən az 10 dəfə ucuz başa gəlir. Ona görə də vətəndaşların özlərinin bu saat marağı var ki, mənzilləri ucuz vasitələrlə qızdırılsın. Həm ekoloji cəhətdən təmizdir, həm ucuzdur, həm də komfortdur - mərkəzi isitmə sistemi ilə gələn istilik digər qızdırıcılarla müqayisədə insan sağlamlığı baxımından da əlverişlidir. Bir var kondisionerlə və ya qaz sobası ilə mənzili qızdırasan, bir də var mərkəzi istilik sistemi ilə. Təhlükəsizlik cəhətdən də bu məsləhətlidir.

- İstilik sisteminə qoşulan, ancaq istilik pulunu ödəməkdən yayınanlar varmı?

- Mövsüm vaxtı biz bütün mənzilləri yoxlayırıq. Hansında istilik varsa, onların hamısı qeydiyyata alınır. Aşağı paylama istilik xəttinə dik dayaqlar qoşulur və oradan mənzillərə qalxır. Həmin xəttin üzərindəki bütün mənzillər yoxlanılır. Qeydiyyatdan yayınma halları çətin ki, olsun.

- Bu il neçə binaya istilik veriləcək?

- Bu il respublika üzrə 3750 yaşayış binasının, eyni zamanda "Azəristiliktəchizat"ın mənbələrinə qoşulmuş sosial obyektlər, məktəblər, səhiyyə müəssisəsi və digər obyektlərin istiliklə təmin olunması nəzərdə tutulur. 550 qazanxana vasitəsi ilə bu xidmət göstəriləcək. Təxminən 50-ə yaxın yeni yaşayış binasına istilik verilməsi nəzərdə tutulur.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top