Professor: "Konsidioneri "sərinkeş" adlandırmışdıq, ömrü gödək oldu"

"Ehtiyac varsa, başqa dillərdən söz almağın qorxusu yoxdur". "Yeniavaz.com" xəbər verir ki, bunu filologiya elmləri doktoru, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin və Mətbuat Şurası İdarə heyəninin üzvü, pedaqoq Nəsir Əhmədli bildirib.

"Bəzən bu prosesə hədsiz pis münasibət duyulur, lakin milli-professional jurnalistikamızın banisi Həsən bəy Zərdabinin yazdığı kimi, "dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalarla gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərm qədri günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyiri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur".

Rus və ingilis dillərinin təcrübəsi göstərir ki, başqa dillərdən söz almaqla hətta müstəqil milli dil də yaratmaq mümkündür. İngilis dilindəki sözlərin yalnız 26 faizi onun daxil olduğu german dil qrupuna aiddir, qalanları isə latın (29%), fransız (29%), yunan (6%), Norveç (4 %) və başqa naməlum dillərdən (6%) alınıb. Bu baxımdan Azərbaycan türkcəsi əsasən öz kökü üstündə dayanıb inkişaf edən azsaylı dillərdən biridir. Feillərin, sayların, bizi əhatə edən təbii əşya, hadisə, bədən üzvləri adlarının və s., demək olar, hamısı öz sözlərimizdir. Bununla belə, ərəb, fars, Avropa dillərindən alınmalarımız da az deyil. Dilimizdə sözalma prosesi olub, var və olacaq. Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdi də çox vaxt uğursuzluqla nəticələnir. XX əsrin 70-ci illərində Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında Bakıda Məişət Kondisionerləri Zavodu tikildi. O zaman kondisioner (latınca: normaya salan, müəyyən vəziyyətə gətirən) bizim üçün yeni söz idi. Onu "sərinkeş" adlandırdıq, lakin bir çox başqa terminlər kimi üç səbəbdən onun da ömrü gödək oldu: 1) Həmin əşyanın özü bizə yad idi (traktor kimi, parovoz kimi);

2) Söz dilimizin qanunları əsasında yaradılmamışdı: -keş leksik şəkilçisi isimə artırılaraq ona "çəkən" anlamını verir (zəhmətkeş - zəhmət çəkən; xətkeş - xətt çəkən; cəfakeş - cəfa çəkən…). "Sərin" sözü isə sifətdir;

3) Sonralar məlum oldu ki, kondisioner təkcə sərinlik yox, həm də istilik verə bilir",-deyə N. Əhmədli vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top