Azərbaycanda fəaliyyət göstərən səyahət agentlikləri və turoperatorların fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşır. Bir-iki şəhər və rayon istisna olmaqla ölkənin digər şəhər və rayonlarında səyahət agentlikləri və turoperatorların fəaliyyəti mövcud deyil. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycanın əksər bölgələrində insanlara turizm xidmətləri göstərən səyahət agentlikləri və turoperator yoxdur.
Bakıdan başqa cəmi 7 rayonda turoperator var
Açıqlanan sonuncu statistik göstəricilərdə qeyd olunur ki, ölkədə cəmi 272 səyahət agentliyi və turoperator fəaliyyət göstərir və bu qurumlarda ümumilikdə 1838 nəfər işçi çalışır. Bu işçilərin 88,6%-i və ya 1628 nəfəri Bakı şəhərində fəaliyyət göstərən səyahət agentlikləri və turoperatorların payına düşür. Bakıdan başqa cəmi 7 rayon və şəhərdə səyahət agentliyi və turoperatorun olduğu bildirilir. Bu 7 rayondan 3-də isə (Şamaxı, Şirvan, Mingəçevir) səyahət agentliyi və turoperatorun cəmi 1 işçisi olub. Azərbaycanın əsas turizm bölkələrindən hesab olunan, Quba, Qusar, İsmayıllı, Qəbələ, Şəki və digər bu kimi rayonlarda isə ümumiyyətlə səyahət agentlikləri və turoperatorlar mövcud olmayıb.
Bakı şəhərində cəmləşən səyahət agentlikləri və turoperatorun əsas fəaliyyəti isə yerli turistləri xarici ölkələrə göndərməkdən ibarət olub. Məsələn, ötən il ölkə üzrə 45 min 50 turist göndərilib və bunun 31 min 601 nəfəri Bakının payına düşüb. Bunlardan da 24 min 368 nəfəri xarici ölkələrə göndərilib. İl ərzində səyahət agentlikləri və turoperatorların xətti ilə ölkə ərazisində səyahət edən cəmi 9 min 546 turistə xidmətlər göstərilib ki, onların da 7 min 465-i Bakı şəhərində olub.
66 rayon və şəhərdən cəmi 8-nə birgünlük səfərlər təşkil edilib
Açıqlanan məlumatlarda açıq şəkildə görünür ki, səyahət agentlikləri və turoperatorlar ötən il ərzində əsas turizm bölgələrinə olduqca az sayda turist göndərib. Məsələn, Statistika Komitəsinin açıqladığı məlumatda göstərilir ki, ötən il səyahət agentlikləri və turoperatorlar tərəfindən ölkə ərazisində səyahətə göndərilən birgünlük ziyarətçilərin sayı cəmi 873 nəfər olub. İl ərzində səyahət agentlikləri və turoperatorlar tərəfindən göndərilən birgünlük ziyarətçilər arasında Quba rayonuna 57, Siyəzən rayonuna 15, Şəki şəhərinə 58, İsmayıllı rayonuna isə 88 nəfər turist göndərib. Cənub bölgəsinin turizm rayonlarına (Lənkəran, Masallı, Lerik), həmçinin Şamaxı, Ağsu, Qax, Şabran, Xaçmaz, Gəncə kimi rayonlara turist göndərilməyib. Ümumiyyətlə, ölkənin 66 rayon və şəhərlərindən cəmi 8 rayon və şəhərə birgünlük səfərlər təşkil edilib.
Turizm bölgələrinə birgünlük səyahətlərin təşkili barədə yüzlərlə reklam məlumatları var
Məsələnin maraqlı tərəflərindən biri isə odur ki, hər gün müxtəli KİV-də və sosial şəbəkələrdə səyahət agentlikləri və turoperatorların Azərbaycanın turizm bölgələrinə birgünlük səyahətlər təşkil etdikləri ilə bağlı yüzlərlə müxtəlf reklam məlumatlarına rast gəlmək mümkündür. İnternet üzərindən axtarış verdiyiniz zaman həmin reklam məlumatlarını asanlıqla görə bilərsiniz. Əgər həqiqətəndə rəsmi statistikada qeyd olunduğu kimi, səyahət agentlikləri və turoperatorlar turizm bölgələrinə turist aparmırlarsa, o zaman bu cür reklamların mütəmadi olaraq verilməsi hansı məqsədə xidmət edir? Yox, əgər səyahət agentlikləri və turoperatorlar həqiqətəndə turizm bölgələrinə səfərlər təşkil edirlərsə, deməli həmin fəaliyyət rəsmi statistikadan və eyni zamanda da vergidən yayındırılır.
Rəsmi statistika şirkətləri təkzib edir
Ötən ilin may ayında daxili turların təşkili ilə məşğul olan "AFN Travel" şirkətinin tur meneceri Ziya Piriyev mətbuata açıqlama verdiyi açıqlamada ( bax: http://turizm.fins.az/furset/900568/hefte-sonu-hara-getmek-olar-rayon-turlari.html) qeyd edib ki, mayın 28-i, 29-u və 30-u üçün birgünlük turlar təşkil edilir: " Şəki-Qəbələ, Qəbələ, İsmayilli-Lahıc, Quba, Masallı turu, Qəbələ-Oğuz turları təşkil edilir. Turlar üzrə yerlərin çox hissəsi artıq tutulub. Hər tur üçün cəmi 3-4 yer qalıb". Ancaq şirkət rəsmisindən fərqli olaraq Statistika Komitəsi ötən il Masallı rayonun 1 nəfər də olsun turistin göndərilmədiyini bildirir.
"Səyyah.az" turizm şirkətinin tur meneceri Pərvanə Abbaslının açıqlamasında isə qeyd olunur ki, mayın 30-da artıq yay tətili başladığından Şamaxı-Pirqulu turu təşkil ediləcək: "Turun qiyməti 16 manatdır. Bu qiymətə avtobus, fotosessiya, Şamaxı rəsədxanasına giriş bileti daxildir". Statistika Komitəsinin hesabatı "Səyyah.az" şirkətinin də açıqlamasını təkzib edir.
Qeyd edək ki, turizm şirkətlərinin daxili turlar təşkil etdiyi ilə bağlı bu cur nümunələr mətbuatda yüzlərlədir. Lakin bu məlumatlara baxmayaraq, Dövlət Statistika Komitəsinin məlumatında göstərilir ki, adı keçən rayonlara həmin dövürdə səyahət agentlikləri və turoperatorlar tərəfindən bir nəfər də olsun turist göndərilməyib.
Mövzu ilə bağlı yazıda adı keçən və "Masallı turu" təşkil ediyini bildirən "AFN Travel" şirkətindən məsələyə münasibət öyrənməyə çalışsaq da, firmanın xanım əməkdaşından "mən sizə açıqlama verməyə borclu deyiləm" cavabını aldıq.
Dövlət Statistika Komitəsinin Xidmət statistikası şöbəsinin əməkdaşı Rauf Əliyev isə bizimlə söhbətdə bildirdi ki, rəsmi statistikada yer alan məlumarlar səyahət agentlikləri və turoperatorlar tərəfindən onlara verilən hesabatlar əsasında tərtib olunur. Bu isə o deməkdir ki, mətbuatda rayonlara turlar təşkil etdiklərini reklam edən şirkətlər bunu rəsmi hesabatlara salmırlar.