Yolçu Xanvəli: "At yoxlamadan keçibsə, onu kəsib satmaq olar"

Şadlıq evinə toya gedib buradakı ət yeməklərindən yeyənlərin əksəriyyətinin ağlına gələn ilk fikir bu olur - görəsən, nə ətidir? Bu isə təsadüfi deyil. Mətbuatda yayılan bəzi məlumatlarda at-eşşək ətinin şadlıq evlərinə də verildiyi bildirilir.

Məsələn, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu ilin əvvəlində jurnalistlərə açıqlasında buna işarə etmişdi: "İnsanlar çıxılmaz vəziyyət barədə bizə sorğular ünvanlayırlar. Aşkarlanan at-eşşək ətləri həm dönərxanlara, həm şadlıq evləri və restoranlara, həm də kolbasa-sosiska istehsalına verilir. Yəni, verilmədəyinə dair təminatımız yoxdur".

Bu cür məlumatlar yayılandan sonra hətta ürpərib şadlıq evlərində verilən yeməkləri yeməkdən imtina edənlər də var. Hər halda kifayət qədər müştərisi olmasa, heç kəs at, eşşək, murdar əti satmaq üçün cəhd göstərməz. Bəs belə ətlərin alıcıları kimlər ola bilər? Belələri ilə mübarizə istənilən effekti verirmi? Mövzu ilə bağlı "Yeniavaz.com" saytının suallarını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli cavablandırdı.

- Yolçu müəllim, murdar ət, at, eşşək əti satmaqla pul qazananlara qarşı mübarizəniz effekt verirmi?

- Tədbirlər davam edir. Bu yaxınlarda - Bərdə rayonunda Vəsilə Novruzovanın həyətində 100 kiloqram belə ət aşkar olunub. İnsanların sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan, bakterioloji çirklənməyə məruz qalmış ətlərin kəsimi və satışı ilə məşğul olanların aşkarlanması istiqamətində işlərin görülməsi davam edir.

- Statistika varmı - satışa çıxarılması planlaşdırılan neçə ton belə ət aşkarlanıb?

- Bəli, indiyədək tonlarla mənşəyi məlum olmayan, bakterioloji çirklənməyə məruz qalan, bəzən də aqoniya vəziyyətində - yəni murdar olmuş heyvanların əti aşkar olunub. Ümumilikdə belə ətlərin çəkisi 15 tondan artıqdır. Həmin ətlərin də 5 tona yaxını at əti olub. Qalanları isə iribuynuzlu və xırdabuynuzlu heyvan ətləridir.

- Daha çox hansı rayonlarda satış məqsədi ilə at, eşşək, murdar ət aşkarlanır?

- Yevlax, Daşkəsən, Cəlilabad, Xaçmaz rayonlarını qeyd etmək istərdim. Belə ətlərin aşkarlanması ən çox bu rayonlarda olur.

- Vətəndaşlar tərəfindən zəng vurub belə ətləri satanlar barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məlumat verən vətəndaşlar olurmu?

- Bəli, belələrinin sayı kifayət qədərdir. Bu cür ətlərin 90 faizi vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında üzə çıxarılıb. Vətəndaşlar bu məsələdə çox həssasdırlar. Onlar həmin ətlərin üzə çıxarılması işində dəstəklərini əsirgəmirlər. Bu isə alqışlanası haldır, çünki bilirlər ki, murdar ətlərin satışı insanların sağlamlığı üçün zərərlidir, eynisi ilə sabah həmin insan özü də rastlaşa bilər. Ona görə də onlar məlumat verirlər və biz də tədbirlər görürük.

- Vətəndaşlardan kimsə məlumat vermək istəyərsə, hara zəng vurmalıdır?

- Bizim xidmətin 012-562-76-13 nömrəli "qaynar xətt"i var. Yaxud Kənd Təsərrüfatı Nazirliyinin 16-52 nömrəli "Çağrı mərkəzinə" də zəng vurub məlumat verə bilərlər. Zəng vurub məlumat verən şəxslərin anonimliyi qorunur. Yəni bu cür xoşagəlməz hallarla mübarizə məqsədi ilə məlumat verən şəxslərin kimliyi açıqlanmır.

- Bu işlə məşğul olanlar aşkarlandıqları zaman onlara hansı cəzalar verilir?

- Bunlar hələ ki, araşdırılır. Yəni tutulanların əksəriyyəti məsələni araşdırmaq məqsədi ilə hüquq-mühafizə orqanlarına vermişik. Son nəticədə bunlar bəlli olacaq ki, onlar həmin əti hara verirlər, kimə verirlər, niyə verirlər. İlkin araşdırma zamanı təəssüf ki, bu cür ətlərin satışı ilə məşğul olan şəxslər bunu açıqlamaq istəmirlər. Güman edirik ki, hüquq-mühafizə orqanları bunları araşdırıb hüquqi qiymət verəcəklər.

Baytarlıq xətti ilə İnzibati Xətalar Məcəlləsinə əsasən, ilk dəfə aşkar olunarsa, 200 manat, 3-cü dəfə kəsərsə, 300 manat cərimə olunurlar və hüquq-mühafizə orqanlarına verilirlər. Hüquqi qiymət isə yenə deyirəm ki, digər orqanların işidir. Onlar araşdırırlar və cinayət tərkibi varsa, şübhəsiz ki, o barədə tədbir görülür.

- Onlar əti şadlıq evlərinə, dönərxanalara verdiklərini etiraf edirlərmi?

- Hələ ki, əldə elə bir sübut yoxdur. Ehtimal var, həmin ətləri ora verə bilərlər. Şadlıq evində əgər at əti aşkar olunarsa, onda deyə bilərik ki, bəli, belə fakt müəyyənləşib. Hazırda əlimizdə belə bir fakt yoxdur. At əti satanlar isə bunu boyunlarına almaq istəmirlər.

- Məsuliyyətə cəlb olunanlar arasında sonradan yenidən bu işlə məşğul olanlar varmı?

- Söhbətimizin əvvəlində adını çəkdiyim şəxs - Bərdə rayon sakini Vəsilə xanımın həyətində sentyabr ayının əvvəlində Baytarlıq İdarəsinin və Bərdə Rayon Polis Şöbəsinin birgə əməliyyatı zamanı belə ətlər aşkar olunmuşdu. O zaman həmin xanıma xəbərdarlıq edilmişdi və 200 manat cərimə olunmuşdu. Ay tamam olmamış, yəni oktyabr ayının 13-də bu şəxs yenindən əməlini təkrar elədi. Belə hallar olur.

Cəlilabad rayonunda da belə hadisələr tez-tez baş verirdi. Bizim mütəxəssislər aşkar edirdilər, bir həftə sonra yenə öz əməllərindən qalmırdılar...

- Həmin ətlərin şadlıq evlərinə verilib-verilməməsi ilə bağlı sizdə dəqiq məlumatın olmadığını deyirsiniz. Əgər belə bir ehtimal varsa, olmazmı digər qurumlarla birgə şadlıq evlərində yoxlama aparasınız, ət xörəklərinin tərkibini müəyyənləşdirəsiniz.

- 2015-ci ildə Prezident İlham Əliyev sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı qərar verdi. Buna görə də biz birbaşa hansısa obyektdə yoxlama və ya digər tədbir apara bilmirik. Kimlərsə tərəfindən dəqiq məlumat olarsa, biz Ədliyyə Nazirliyinə müraciət edirik və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri ilə birgə obyektdə yoxlama apara bilərik. Əks halda bizim yoxlama aparmağa səlahiyyətimiz yoxdur.

- Yolçu müəllim, son olaraq bir məqama da aydınlıq gətirməyinizi xahiş edirəm. Bildiyiniz kimi, bölgələrdə şəxsi təsərrüfatında at saxlayan kifayət qədər insan var. Həmin şəxslər at sağlamdırsa, onu kəsib satarlarsa, məsuliyyətə cəlb olunarlarmı?

- At əgər baytarlıq sanitariya ekspertiza laboratoriyasının müayinəsindən keçibsə, satışına heç bir qadağa yoxdur. Kim istəyirsə, bu at ətini ala bilər. Amma bilirsiniz ki, bizim insanlarımız at əti yemirlər. Həmin şəxs at ətini hansısa bazarda satışa gətirirsə, mütləq üstündə yazmalıdır ki, bu at ətidir. Mal əti adı altında, camış əti adı altında satarsa, bu artıq cinayətə aparıb çıxarır.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top