Xəbər verdiyimiz kimi, dünən “CBS Sport”un şərhçisi, tanınmış jurnalist Pərviz Musayev “NLT Telekom” tərəfindən aldadıldığını bildirərək bu barədə məlumat yaymışdır. Jurnalist aldığı “iPhone” markalı telefonun bundan öncə kreditlə başqasına satıldığını qeyd etmişdir. "Yeniavaz.com" xəbər verir ki, jurnalist Pərviz Musayevin məsələ iilə bağlı apardığı araşdırmada maraqlı məqamlar ortaya çıxıb. Jurnalistin həmin araşdırmasını təqdim edirirk:
"Bu gün Azercell Müştəri Xidmətləri Ofisinə (*1111) zəng edərək özümü potensial müştəri kimi təqdim etdim və kampaniya çərçivəsində "iPhone 7" və ya "iPhone 6S Plus" telefonunu hansı şərtlər çərçivəsində əldə edə biləcəyimlə maraqlandım. Aldığım cavabları təqdim edirəm:
1. Kampaniyaya qoşmaq istədiyim nömrə mütləq son 6 ay ərzində mənim adıma olmalıdır.
2. Adıma başqa Azercell nömrəsi varsa, onun borcu olmamalıdır.
3. Kampaniyaya qoşmaq istədiyim və mənim adıma olan nömrəyə son 6 ay ərzində minimum 120 AZN (iPhone 6S üçün) və ya 150 AZN (iPhone 7 üçün) pul yükənmiş olmalıdır.
Bütün bunlar sistemdə yoxlanılır və nömrə bu standartlara uyğun gəlirsə, SADƏCƏ ŞƏXSİYYƏT VƏSİQƏSİ ilə (düz oxudunuz, sadəcə şəxsiyyət vəsiqəsi) mən adlarını yazdığım telefonlardan birini əldə edirəm. Vəssalam!
Sonrası isə məlumdur - təzə telefonu əldə etdikdən sonra mən onu telefon satışı ilə məşğul olan dükana münasib qiymətə satıram. Dükan da onu mənim kimi birinə satır, aylar keçir, mən ilk alıcı kimi Azercell-ə kredit borcumu ödəmirəm, yekunda Azercell telefonu bloklayır, bundan isə son alıcı əziyyət çəkir, maddi və mənəvi zərərə uğrayır.
Sual: Azercell telefonun ilk alıcısına kredit borcunu niyə ödətdirmir?
Cavab: Görünən qədərilə Azercell bu işdə sadəcə maraqlı deyil. Əgər şirkət azacıq da olsa zərərə uğrama ehtimalını düşünsəydi, o zaman telefonu satdığı şəxsin ən azı iş yerindən arayış istəyər, onun krediti ödəmə imkanının olub-olmadığını araşdırardı. Telefonun sadəcə şəxsiyyət vəsiqəsi ilə kreditlə satılması və kredit müqaviləsində gecikən ödəmələrə görə alıcını hüquqi məsuliyyətə cəlb edən maddələrin olmaması onları sərbəst şəkildə, heç bir qorxu hiss eləmədən bu cür əməllərə sövq edir.
Sual: Azercell telefonun 2-ci, 3-cü, 4-cü və sairə şəxsə satılmasının qarşısını ala bilərmi?
Cavab: Əlbəttə ki ala bilər. Bunun üçün sadəcə ilk alıcıya kreditlə satılan telefonun İMEİ kodu sistemə vurulmalı və onun kredit borcu tam ödənilənə qədər Azercell-in mülkiyyətində olması bildirilməlidir. Və ya həmin telefon ancaq ilk müştərinin adına olan nömrəyə təhkim edilməlidir. Loru dildə desək, kreditlə satılan telefon kredit borcu tam ödənilənə qədər ancaq ilk alıcının adına olan nömrəni qəbul etməli, başqa nömrəni isə "oxumamalıdır". Bunun üçün Azercell-in texniki imkanları olsa da, nədənsə bunlar edilmir. Telefonu daha sonra sadə müştəriyə satan dükanlar isə məhz bunun əsas gətirərək həmin telefonun Azercell-in kredit kampaniyasında olduğunu müəyyənləşdirə bilmədiklərini bildirirlər. Son yazdıqlarımı mənə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 157 Məlumat Hesablama Mərkəzinə etdiyim zəng zamanı dedilər.
Gördüyünüz kimi, mənim kimi onlarla, yüzlərlə müştərinin maddi və mənəvi zərərə uğraması prosesinin başında məhz Azercell şirkəti dayanır. Amma bu o demək deyil ki, NLTTelekom kimi telefon satışı ilə məşğul olan tanınmış dükanlar saf və təmizdirlər. İstənilən halda onlar hər yoldan keçəndən telefon almağın nə ilə nəticələnə biləcəyini dərk etməlidirlər. Odur ki, mənə dəyən maddi zərəri NLT Telekomdan tələb etməkdə davam edirəm. Çünki mən həmin telefonu Azercell-dən yox, məhz NLT Telekomdan almışam və satdıqları malın məsuliyyətini də onlar daşıyırlar.
P.S. Yeri gəlmişkən, Azercell-in məlum kampaniyası hələ də davam edir və deməli mənim kimi potensial "qurbanlar"ın sayı bu gedişlə artmaqda davam edəcək".