Yol polisinin VƏZİFƏLƏRİ...

"Eyni sualı 2 və daha çox adam verirsə (özü də mətbuat adından), deməli, bunun cavabının ictimai əhəmiyyəti var. Ona görə də cavabı açıqlayıram, kimə maraqlıdırsa, oxusun". "Yeniavaz.com" xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

"Yol Patrul Xidməti əməkdaşlarının vəzifələri hansılardır" sualınI ekspert belə cavablandırıb:

- Yol hərəkətini tənzimləmək;

- Yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə bu Təlimatla nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, o cümlədən xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərmək;

- İctimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək;

- Yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək;

- Küçə-yol şəbəkəsinin texniki tənzimləmə vasitələrinin vəziyyətinə və onların saz halda saxlanılmasına, avtomobil yollarında və küçələrdə təmir-tikinti işlərinin aparılmasında müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət etmək;

- Yol şəraiti hərəkət üçün ciddi təhlükə yaratdıqda, fövqəladə hadisələr zamanı və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı və qanunla nəzərdə tutulmuş digər hallarda yol hərəkətini müvafiq qaydada müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək;

- Sürücüsü tərəfindən dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş, habelə 24 saatdan artıq parklanma yerində saxlanılmış nəqliyyat vasitələrini mühafizə olunan duracağa göndərmək;

- Yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi səbəbləri barədə məlumat vermək;

- Xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, bu cür nəqliyyat vasitələrini, habelə mütəşəkkil nəqliyyat dəstəsini müəyyən edilmiş qaydada müşayiət etmək;

- İnzibati xətaların qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək;

- Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı inzibati xəta haqqında protokol tərtib etmək və ya səlahiyyəti daxilində qərar vermək;

- İnzibati məsuliyyətə cəlb olunmuş şəxslərin uçotunu aparmaq;

- Yol hərəkəti ilə bağlı həyata keçirilən tədbirlərdə iştirak etmək.

"Gördüyünüz kimi, sürücünü və başqa hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb etmək bu vəzifələr arasında 11-ci yeri tutur. Yəni ondan qabaq daha 10 vəzifə də var",-deyə ekspert bildirib.

DİGƏR XƏBƏRLƏR

Top