"Mağaza elanlarındakı "komisyon haqqı" müştərilərin aldadılması deməkdir" - EKSPERT RƏYİ

Əsasən elektronik və ev əşyalarının satıldığı mağazalarda “faizsiz kreditlə" yazılan elanlarla, reklamlarla qarşılaşırıq. Həmin mağazalara getdikdə isə aydın olur ki, “komisyon haqqı” deyilən ödəniş də tələb olunur.

“Yeniavaz.com” xəbər verir ki, “Baku Electronics” mağazasından telefon almaq istəyən müştəridən də “komisyon haqqı” tələb olunub. Amma telefon sənədləşdiriləndə “əvvəlcədən ödəniş” kimi qeyd olunub. Bunun səbəbini öyrənmək üçün “Baku Electronics”lə əlaqə saxladıq. Telefona cavab verən xanım, bu mövzulara görə elektron məktubla müraciət etməmizi bildirdi. Elektron müraciətimizin üstündən təxminən 3 həftə keçməsinə baxmayaraq mağazadan heç bir cavab ala bilmədik.

“Məlumatın verilməsində aldadılma var”

Saytımıza açıqlamasında bu mövzuya aydınlıq gətirən tanınmış hüquqşünas Əkrəm Həsənov bildirdi ki, “faizsiz kredit” elanı ilə satılan məhsullar üçün imzalanan müqavilələr kredit sayılmır: “Bunun adı qanunvericiliyimizə görə nisyə alqı-satqıdır. Komisyon məbləği üstünə gəlməklə nisyə satdığı malın qiymətini artırır. Qanunvericilikdə bununla bağlı heç nə yoxdur. Sadəcə qanunla bu qadağan da edilməyib. Mülki qanunvericiliyin ümumi prinsipi var ki, qanunla qadağan edilməyən hər şeyi müqavilədə göstərmək olar. Faizsiz kredit elanı yalnış məlumat verməkdir. Bu istehlakçıların hüquqlarının pozulması deməkdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqda qanun var. Həmin qanuna görə, sahibkarlar istehlakçılara düzgün məlumat verməlidirlər. Belə olan halda isə bu artıq aldatmadır. O baxımdan aldatmadır ki, onun adı kredit deyil, bu məlumat yalandı. Kredit deyilsə faizsiz də deyil. Bunun adı nisyə alqı-satqıdır, bu da əvəzsiz deyil. Burada komisyon haqqı var. Deməli burda da müştərilərin aldadılması var. Aldadılması yalnız o mənada ki, məlumatın verilməsində aldadılma var”.

“2003-cü ildə bankların dükanlara istehlak kreditinin verməsi qadağan olunub”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovda məsələyə münasibət bildirdi. Onun sözlərinə görə, sədri olduğu birlik 6 ay bundan əvvəl dükanda kreditlə, faizsiz, normal şərtlərlə satılan mallarla bağlı təhqiqat aparıb: “Apardığımız təhqiqatdan sonra dövlət orqanları qarşısında məsələ qaldırdıq. Bizim təhqiqatımız göstərdi ki, 2003-cü ildə bankların dükanlara istehlak kreditinin verməsi qadağan olundu. Banklar dükanlardan getdi, onun yerini sələmçilər tutdu. İstehlakçı elə bilir ki, dükandan kreditlə mal alır. Amma əslində isə orada üçüncü adam-sələmçi var. O nağd pulla malı alır və vətəndaşa şişirdilmiş qiymətlə satır. Bizim hesablamalarımıza görə, dövlət büdcəsindən 1 milyard manatdan çox pul bu dövriyyədə gizlədilir. Dükan kreditləri istehlakçıları aldadan, xüsusən keyfiyyətsiz malların satılması ilə müşahidə olunan aldadıcı bir sistemdir. Faizsiz kredit və s. hamısı aldatmadır. Mallar ən azı 20-30% şişirdilmiş qiymətlə satılır. Üstəlik əlavə olaraq komisyon haqqı alınır. Heç bir hüquqi sənəddə əksini tapmayan və mənası bilinməyən “komisyon haqqı” deyilən bir məsələdir”.

“Hökümətin bu səhv siyasəti ilə bağlı dəfələrlə təkliflər vermişik”

E. Hüseynov təəssüflə qeyd etdi ki, istehlakçı hüquqları arxa planda qalıb: "İqtisadiyyat nazirliyinin dəstəyi yalnız biznesin aktivləşməsin yönəlib. İnsanlar necə aldadılır aldadılsın. Hökümətin bu səhv siyasəti ilə bağlı dəfələrlə təkliflər vermişik ki, xüsusən bu kreditlərlə bağlı insanları aldadırlar. Bu ciddi problemdir. Nazirlər Kabinetinin (NK) 94 saylı qərarında bir kəlimə var ki, “dükanlar vətəndaşlara nisyə mal sata bilər”. Bu nisyə mal adı altında bu cür kreditləşmə gedir. Üstəlik onu da qeyd edim ki, biz təklif vermişik bu kredit müqavilələri NK tərəfindən təsdiqlənsin. Onlar reysterdə qeydiyyata alınsın. Bilirsiniz ki, bankdan kredit götürəndə mərkəzi sistemdə qeydiyyata alınır. Ödənişdən yayınan vətəndaşa başqa yerdə kredit vermirlər. Dükan kreditlərinə isə böyük biabırçılıq var. Özlərini asanlar, körpüdən atanlar, intihar edənlərin çoxu dükan kreditlərindən əziyyət çəkən insanlardır”.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top