Azərbaycanda hüquqşünaslar arasında fikir ayrılığı yaranıb...

Məhkəmələrdə nümayəndəlik institutunun ləğvi barədə mətbuatda və Milli Məclisdə aparılan müzakirələr hüquqşünaslar arasında fikir ayrılığına səbəb olub. "Yeniavaz.com" xəbər verir ki, institutun ləğvinin ciddi problemə səbəb olacağını vurğulayanlar da var, əksini düşünənlər də.

Hüquqşünas Samir İsayev bildirib ki, vətəndaşların hüquqi xidmətsiz qalacaqları barədə iddialar əsassızdır: "Yaxın qohum və hüquqi şəxslərin nümayəndəliyi istisna olmaqla nümayəndəliyin vəkillər tərəfindən həyata keçirilməsi ağlabatan və ədalətli bir haldır.

Nümayəndəlik institutunun təklif olunan yenilənməsi nəticəsində gənc hüquqşünasların və Vəkillər Kollegiyası üzvü olmayan hüquqşünasların məşğuliyyət imkanından mərhum olacağı barədə yazılanları tam əsassız hesab edirəm.

Qanuna təklfi edilən dəyişiklik (bu barədə yalnız müxtəlif şərhlərdən məlumat almışam) nümayəndəliyin məsuliyyətli olmasına gətirib çıxaracaqdır.

Bu gün Azərbaycanda 10-larla hüquq şirkəti və 900-ə qədər vəkil var. Nümayəndələrin vəkillərin köməkçisi kimi fəaliyyət göstərməsi və hüquq şirkətlərində işlə təmin olunması mümkündür. Hətta bir neçə hüquqşünasın birləşib yeni hüquq şirkəti yaratması da çıxış yoludur.

İnsanların nümayəndə kimi prosesə qatılan şəxslər tərəfindən aldadılması, keyfiyyətsiz hüquqi xidmət göstərməsi halları ilə mütəmadi olaraq rastlaşırıq.

Vətəndaşların hüquqi xidmətsiz qalacaqları barədə iddialar da əsassızdır".

Onun fikrincə, amma bu sahədə ciddi islahatlar aparılmasına ehtiyac vardır:

"Hesab edirəm ilk növbədə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun əhəmiyyətli dərəcədə yenilənməlidir.

Hüquqi şirkətlərin vətəndaşlarla və hüquqi şəxslərə göstərdiyi hüquq xidmətinin mahiyyətinin vəkilliyin prinsiplərinə yaxınlaşdırılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir.

Nəhayət, dövlət, bələdiyyə və ya ictimai fondlar hesabına ödənişsiz hüquqi yardım göstərilməsi barədə qanunvericilik bazası yaradılmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top