Yağmurlu hava fermerlərə də ziyan vurur

Son günlər yağmurlu hava şəraiti özü ilə bir sıra problemlər gətirib. Bu mənada ilk ağıla gələn yolları su basması, bəzi ərazilərdə torpaq sürüşməsinin aktivləşməsidir. "Yeniavaz.com" xəbər verir ki, yağmurlu hava pambıq əkən fermerlərin də işini xeyli çətinləşdirib. Belə ki, hava ilə əlaqədar olaraq pambıq yığımı ləngiyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, soyuq və yağışlı hava davam edəcək, bəzi yerlərdə leysan olacaq, bəzi dağlıq ərazilərdə isə qar yağacaq. Rayonlarda mülayim küləklər əsəcək, bəzi rayonlarda arabir güclənəcək.

Pambıq əkən fermerlərdən biri saytımıza bildirib ki, artıq 4 gündür pambıq yığımı dayanıb: "Hər gün ailə üzvlərimiz və digər fəhlələrlə birlikdə pambıq sahəmizdən xeyli məhsul toplayırdıq. Lakin 3-4 gündür yağmurlu hava imkan vermir".

"Yağmurlu havanın pambığa başqa hansı ziyanları var?" sualımıza Zərdab rayonundan olan fermer İ. Məmmədovun cavabı isə belə olub: "Dünən yağış bir az ara vermişdi. Sahəyə gedib baxdıq, pambığın rəngi qaralmışdı. Belə pambıqlar itkiyə getmir, pambıq zavodu onu da alır. Onu da əlavə edim ki, biz məhsulu yığan kimi zavoda təhvil vermirik. Gərək yığılan pambıq heç olmasa 1-2 ton olsun ki, zavod onu daşımaq üçün texnika göndərsin".

Həmsöhbətimiz qeyd etdi ki, günəş olmayanda tam açmayan pambığın, qozaların pambıq açması da gecikir: "Dünən sahəyə gedib baxanda da bunun şahidi olduq. 4-5 gün əvvəlki qozalar necə var idisə, elə də qalmışdı. Halbuki hava günəşli olsaydı, pambıq açmışdı və yığmaq olardı".

"Xərciniz borcunuzu ödəyirmi?" sualımıza həmsöhbətimizin cavabı belə oldu: "Kimin imkanı varsa, pambığı öz cibinin pulu ilə əkib. Amma mənim kimilər pambıq zavodu ilə əvvəldən müqavilə bağlayıb, əkin, aqrotexniki qulluq və digər işlərə çəkilən xərcləri məhz həmin zavod ödəyir. Məsələn, mənim zavoda bu işlərə görə 1500 manat borcum yaranmışdı. İndiyədək yığılan pambıqdan həmin borcdan 600 manata yaxınını qaytarmışam, qalan borc isə durur. Gərək pambığı yığasan, məhsul götürəsən ki, borcu da qaytarasan, üstəlik, özün də qazanc götürəsən. Ötən il hətta dekabr ayında da pambıq yığımı davam edirdi. Odur ki, ümidliyik, inşallah, hər şey arzuladığımız kimi olar".

Tarlalarda əkilən pabmığın yığılarkən çəkisinin az olması barədə deyilənlərə gəlincə, həmsöhbətimiz: "Bəli, deyilənə görə, sovet dövründə yığılan pambıqların çəkisi daha ağır gəlirmiş. O vaxtlar pambığın çiyidi bir az böyük olurmuş və bu da çəkiyə təsir edirmiş. İndi əkilən pambıq növlərinin çiyidi bir qədər kiçik olur. Məsələn, Sovet dövründə basma üsulu ilə yığılan bir xaral pambığın çəkisi 70-80 kiloqram olurdu. İndi eyni üsulla yığılan bir xaral pambığın çəkisi 50-60 kiloqram olur",-dedi.

Oktyabr-noyabr aylarında günəşli hava olacağı təqdirdə fermerlər bol məhsul götürəcəklərinə ümid edirlər.

DİGƏR XƏBƏRLƏR

Top