Biznes qurmaq istəyənlər bu şərtlərə əməl etməlidirlər

Bu ilin ilk yarısında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 690 investisiya layihəsinin maliyyələşdirilməsinə 63 milyon 257 manatdan çox güzəştli kredit verilib. "Yeniavaz.com" Sahibkarlığa Kömək Milli Fondundan açıqlanan məlumatlara istinadən bildirir ki, güzəştli kreditlər hesabına maliyyələşdirilən bu layihələrin reallaşdırılması nəticəsində 2 min 328 yeni iş yerinin açılacağı gözlənilir.

Yuxarıda qeyd olunan rəqəmlər onu göstərir ki, sahibkarlar güzəştli kreditləri almaqda maraqlıdırlar. Sahibkarların güzəştli kreditlərə olan marağının yüksək olması isə heç şübhəsiz ki, kreditlər üçün tələb olunan illik faiz dərəcələrinin aşağı olması ilə bağlıdır. Belə ki, müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6%-dən, kütləvi informasiya vasitələrinin inkisafı sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4%-dən artıq olmamalıdır. Məlumat üçün onu da qeyd edək ki, vəsaitlər kiçik həcmli kreditlər - 5000 manatdan 50000 manatadək, orta həcmli kreditlər - 50001 manatdan 500000 manatadək və böyük həcmli kreditlər - 500001 manatdan 10000000 manatadək kreditlər şəkilində ayrılır. Güzəştli kreditlər maksimum 7 il müddətinə verilir. Bəs görəsən güzəştli şərtlərlə kredit əldə etmək istəyən sahibkar hansı şərtlərə əməl etməlidir? Sahibkar hansı tələbləri yerinə yetirməlidir ki, güzəştli şərtlərlə kredit ala bilsin? Qeyd etmək lazımdır ki, ayrılan vəsaitlər yalnız Sahibkarlığa Kömək Milli Fondunun müəyyən etdiyi istiqamətlər üzrə istifadə oluna bilər. SKMF-dən verilən məlumata görə, vəsaitlər əsasən informasiya texnologiyalarının inkişafına, turizm və kənd təsərrüfatı sektoruna, yeyinti, yüngül, kimya və maşınqayırma sənayesinə, yerli xammala əsaslanan tikinti materiallarının istehsalına, əhalinin ənənəvi və tarixi əmək vərdişlərinə əsaslanan iqtisadi sahələrə (xalçaçılıq, misgərlik, duluzçuluq, dəmirçilik, dülgərlik və s.) ağac emalı və mebel istehsalına, həmçinin xidmət sahələrinə yönəldilə bilər. Sahibkar kredit almaq istəyirsə ilk növbədə yuxarıda qeyd olunan sahələrdən hər hansı biri üzrə investisiya layihəsi tərtib etməlidir. Ancaq apardığımız araşdırmalar göstərir ki, bir çox hallarda sahibkarlar investisiya layihəsinin necə hazırlanacağını və layihəyə nələrin daxil ediləcəyini bilmirlər. Bəzi hallarda isə sahibkarlar investisiya layihəsi barədə tamamilə məlumatsız olurlar.

İnvestisiya layihəsi hazırlanarkən bazardakı potensial rəqiblər də nəzərə almalıdır

Məlumat üçün bildirək ki, investisiya layihəsi müəyyən məbləğdə vəsaitdən istifadə edərək gəlir əldə etmək məqsədilə qurulan vahid plandır. İnvestisiya layihəsi hazırlayarkən sahibkar sərmayə yatırmaq istədiyi sahəni hərtərəfli analiz etməlidir. Məsələn deyək ki, sahibkar çörək sexi açmaq niyyətindədir. Bu zaman investisiya layihəsini tərtib etməzdən əvvəl çörək bazarını planlı və diqqətli bir şəkildə araşdırmalıdır. Bazarı analiz edərkən ilk növbədə müştərinin ehtiyacları müəyyən edilməlidir. Həmçinin potensial müştərilərin sayını və cəmiyyətin hansı təbəqəsini (müəllim, iş adamı, fəhlə və.s) təmsil etdiklərini dəqiqləşdirmək lazımdır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən sahibkarlar - rəqiblər haqqında ətraflı məlumat toplamaq lazımdır. Burada potensial rəqibləri də nəzərə almaq lazımdır. Onların istehsal və maliyyə imkanları diqqətlə təhlil olunmalıdır. "Müştərilər nə üçün rəqiblərimizin məhsulunu deyil, bizim məhsulumuzu almalıdırlar?" sualına dəqiq cavab tapılmalıdır. İstehsal etdiyiniz məhsulu müştərilərə nə zaman, harada və necə çatdıracağınızı müəyyən etməlisiniz. Bu araşdırmaların nəticəsi müsbət olarsa investisiya layihəsini hazırlamaq olar.

Sahibkarlığa Kömək Milli Fondunun investisiya layihələri ilə bağlı tələbləri var

Onu da qeyd edək ki, investisiya layihəsi Sahibkarlığa Kömək Milli Fonduna təqdim edilmək üçün hazırlanarırsa, o zaman Fond tərəfindən qoyulan tələblərə əməl olunmalıdır. Fondun investisiya layihələri ilə bağlı tələbləri aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir.

- İnvestisiya layihəsinin xülasəsi: Layihənin əsas məqsədini qeyd etməklə sahibkar haqqında müvafiq məlumatları - onun güzəştli kreditə olan ehtiyacı, investisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsullar (iş və xidmətlər) və bu məhsullara olan tələbatları, investisiya layihəsinin nəticələri ilə bağlı proqnozları və s. əks etdirilir.

- Sahibkarlıq subyekti haqqında məlumat: İnvestisiya layihəsinin bu bölməsində Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlıq subyekti haqqında ətraflı məlumatlandırılması üçün onun biznesinin təşkili və potensial üstünlükləri, investisiya layihəsinin reallaşdırılması ilə bağlı mövcud imkanlarının səviyyəsi və s. bu kimi məlumatların şərh edilməsi zəruridir.

- İnvestisiya layihəsinin məqsdi: İnvestisiya layihəsi üzrə alınması nəzərdə tutulan əsas vəsaitlərə (maşın və mexanizmlər, avadanlıqlar, nəqliyyat vasitələri, xammal və materiallar), layihə üzrə nəzərdə tutulan təmir-tikinti və quraşdırma işlərinə, həmçinin mənfəətin təmin edilməsi və yeni iş yerlərinə dair məlumatlar qeyd olunmalıdır.

- Təşkilatı plan: İnvestisiya layihəsinin təşkilati planı ilk növbədə layihə üzrə görüləcək işlərin ardıcıllığını, reallaşdırılma mərhələlərini və digər mühüm təşkilatı prosesləri özündə əks etdirməlidir.

- İstehsalı nəzrdə tutulan məhsulun (iş və xidmətin) xarakteristikası: Sahibkar tərəfindən istehsalı nəzərdə tutulan məhsul barədə məlumatların verilməsi investisiya layihəsinin mühüm tərkib hissələrindən biridir. Buraya məhsulun adı, keyfiyyət üstünlükləri, qablaşdırma və dizaynı, istehsal texnologiyası, analoji məhsullardan əsas üstünlükləri, idxalı əvəz edən və ya ixrac yönümlü olmasına dair məlumatlar daxildir.

- Satış bazarının xarakteristikası: Sahibkar tərəfindən investisiya layihəsinin səmərəli həyata keçirilməsinin başlıca şərti istehsalı nəzərdə tutulan məhsulun satış bazarının öyrənilməsi və satışın reallaşdırılması ilə bağlı məqsədyönlü fəaliyyətin təşkilidir.

- İstehsal planı: Bu planının hazırlanması məhsul növü üzrə istehsalın təşkili prosesini, maddi-texniki təchizatını, istehsal prosesinin idarə olunmasını və istehsalla bağlı digər müvafiq məlumatları özündə əks etdirir.

- Güzəştli kreditə olan tələbat və onun ödənmə qrafiki: Əsas kredit borcu və faizlərin ödənişi ilə bağlı pul vəsaitlərinin təhlili, güzəştli kreditin təyinatı və ödəniş qrafiki.

- Maliyyə planı: Sahibkarın sərəncamında olan kapitalın pul ifadəsində əks etdirilməsi, güzəştli kredit və öz vəsaitinin hərəkəti və layihə dövrü ərzində pul vəsaitlərinin dövriyyəsi barədə məlumatlar.

- İnvestisiya layihəsinin səmrəliliyinin qiymətləndirilməsi: Layihənin səmərəliliyi zaman amili nəzərə alınmaqla qiymətləndirilir və investisiyanın, layihənin icra dövrü ərzində xalis pul daxilolmalarının ümumi məbləği göstərilir.

-Risklərin qiymətləndirilməsi: Layihənin reallaşdırılması mərhələlərində sahibkarın qarşılaşa biləcəyi təhlükəli (riskli) halların nəzərə alınması, qabaqlayıcı tədbirlərin görülməsi və minimallaşdırılması istiqamətlərini nəzərdə tutur. Layihə dövrü ərzində risklər sahibkar tərəfindən qruplaşdırılaraq qiymətləndirilməli və onların minimuma endirilməsi üçün tədbirlərin siyahısı hazırlanmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top