Ekspert: "Azərbaycanda quraşdırılan modul məktəblər çox primitivdir"

"Son bir neçə ildə hökumətin modul tipli məktəblərə üstünlük verməsi anlaşılandır. Vəsaitlər tükənib və uzaq əyalətlərdə ənənəvi məktəblərin tikintisi, qəza vəziyyətində olanların əsaslı təmiri indiki zamanda effektiv və səmərəli deyildir". "Yeniavaz.com" xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

"Modul tipli məktəblər dünya praktikasında da var və üstünlüyü ondadır ki, azməsrəflidir, qısa müddətdə quraşdırılır, istənilən mühitə reylefə uyğunlaşa bilir, asan daşınır, sinif otaqlarını sagirdlərin sayına uyğunlaşdırmaq asandır və s. Əlbəttə, indiki zamanda ölkədə ucqar ərazilərdə olan, uyğunlaşdırılmış sınıq-salxaq tikililərdənsə, bu tip məktəblər daha çox məqbuldur. Bununla belə müşahidələr göstərir ki, dünyada mövcud olan çoxsaylı, çoxfunksilayı, texnoloji imkanları geniş olan modul tipli məktəblərin deyəsən, bizdə ən sadəsi, ən primitivləri seçilib. Bilmirəm, bəlkə də qiymətinə görə belə seçim edilib. Mən də bizdə indi quraşdırılan modul tipli məktəblərlə tanışam və düşünürəm ki, dünyada mövcud olan digər bu tip məktəb modelləri ilə müqayisədə bizdəkilərin imkanları kifayət qədər minimaldır, texnoloji imkanları isə demək olar ki, yoxdur. Ümumiyyətlə düşünürəm ki, dünyanın və Azərbaycanın indiki inkişaf imkanları və resurslarımız baxımından bu tip məktəblərə çox da aludə olmaq doğru yanaşma olmazdı. Bunlara sadəcə indiki zamanda qəzalı halda olan məktəblərdəki vəziyyətdən qısa zamanda çıxış üçün və müvəqqəti atılan addımlar olaraq yanaşmaq daha doğru olardı. Düşünürəm ki, indiki anda həm də məktəblərin və təhsilin modernləşməsinə, 5 ildən çoxdur ki, qəbul edilə bilməyən təhsilin informasiyalaşmasi ilə bağli dövlət proqramının qəbuluna, 5 il bundan əvvəl verilən İKT avadanlıqların köhnəlməsinə və məktəblərin İKT infrastrukturuna, İT servisin təşkil olunmamasına diqqət yetirmək daha çox vacibdir".

DİGƏR XƏBƏRLƏR

Top