"Tikinti şirkətləri vətəndaşlara ev satarkən kvadratı qəsdən səhv hesablayırlar"

Bakıda yeni salınmış yaşayış massivlərindən ev alan vətəndaşların etiraz aksiyaları keçirmələri barədə vaxtaşırı məlumatlar yayılır. Bunun bir çox səbəbləri var ki, onlardan biri də mənzillər vətəndaşlara satılarkən kvadratın düzgün hesablanmamasıdır. Vətəndaşlar bildirirlər ki, onlarla tikinti şirkətləri ilə öncədən bağlanmış alqı-satqı müqaviləsində göstərilən kvadratla bina hazır olanda onlara təhvil verilən sahə uyğun gəlmir.

Problemlə bağlı hüquqşünas Qaçay Şahbazov "Yeniavaz.com" saytının suallarını cavablandırıb.

Onun sözlərinə görə, tikinti şirkətlərinin əksəriyyəti vətəndaşlara mənzil satarkən kvadratı səhv hesablayırlar: "Bu məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən tənzimlənir. Məcəllənin həmin maddəsində qeyd olunur ki, mənzillərin sahəsi, çöl divarlar, orta divarlar, məhəccər, sobanın yeri hesaba aid edilmədən mənzilin kvadratı müəyyən olunmalıdır. Bundan əlavə, xidməti - mətbəx, eyvan isə 0,3 və ya 0,5 aşağı sahələrlə hesablanmalıdır. Bu gün tək Bakı şəhərində yox, ümumiyyətlə, respublika ərazisində vətəndaşlara satılan mənzillərin kvadratı çöldən götürülür. Bu isə qanunvericiliyə ziddir. Tikinti şirkətlərinin bu hərəkəti Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, Şəhərsalma və Mənzil Məcəlləsinin tələblərinə ziddir".

Bəs bu hallarda narazı vətəndaşlar nə edə bilərlər? Həmsöhbətimizin sözlərinə görə, bu məsələ hökmən məhkəmə qaydasında həll olunmalıdır: "Burada ilk baxışdan belə anlaşılır ki, bu məsələ mülki qanunvericiliyin tələblərinin pozulması deməkdir, amma əslində birbaşa dələduzluqdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif olunmalıdır. Belə şəxslər vətəndaşları aldatmaqla pul qazanmaq niyyətindədirlər və onların bu addımı Azərbaycan Respublikasının öz vətəndaşına olan münasibəti siyasətinə ziddir. Yeri gəlmişkən, onu da qeyd edim ki, bununla bağlı şəxsən mənim icraatımda bir məsələ olub. Lakin çox təəssüflər olsun ki, məsələyə biganə münasibət bəslənilir. İşə Yasamal Rayon Məhkəməsində, Appelyasiya Məhkəməsində baxılıb, amma... Belə məsələlərdə nədənsə, vətəndaşın hüquqları pozulmuş vəziyyətdə qalır. Mənim dediyim faktda da Abdullayeva Nazilə Əli qızından alınmış 6000 dollardan çox pul bu gün də tikinti şirkətində qalmaqdadır. Tikinti şirkətlərinə dəfələrlə bildirirsən ki, qanunvericiliyin tələbinə əsasən çöl divarlar, orta divarlar, məhəccər, sobanın yeri vətəndaşa satılan mənzilin kvadratı hesablanarkən nəzərə alınmamalıdır, amma alırlar. Bu, qanunvericiliyin tələbinə tamamilə ziddir".

"Vətəndaşlar ev almamışdan əvvəl bununla bağlı hansı addımlar atmalıdırlar ki, aldanmasınlar?" sualımıza hüquqşünasın cavabı belə oldu: "Qanunvericiliyi bilən, öz hüquqlarını qorumaq istəyən şəxslər mənzil alarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssislər dəvət etməli, həmin ərazini ölçülməli, mövcud ərazinin sahəsini dəqiq bilinəndən sonra satılmış kvadrata uyğun olaraq pulun ödənilməsi təmin edilməlidir, yəni belə daha məqsədəuyğun olardı. Təəssüflər olsun ki, nədənsə bu sahəyə çox laqeyid münasibət bəslənilməkdədir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top