Hüquqşünas: "Maaşlar gecikəndə, işçilərə hər günə əlavə 1 faiz pul hesablanmalıdır"

"Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə ödənc verilməlidir". "Yeniavaz.com" xəbər verib ki, bunu hüquqşünas Azər Quliyev bildirib. Hüquqşünas qeyd edib ki, ödənc hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində verilməlidir.

A. Quliyev həmçinin qeyd edib ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir: "İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir".

Ekspert bir maraqlı məqama da toxunub: "İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az haqqı ödənilən işə malik olduqda isə işsizlik müavinəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müavinətin minumum məbləğində (55 manat) müəyyən edilir".

DİGƏR XƏBƏRLƏR

Top