Yerli kartofu baha qiymətə xaricə satıb, ölkəyə ucuz kartof gətiririk ARAŞDIRMA

Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə 57 min 569,5 ton karof ixrac edib, əvəzində isə xarici ölkələrdən 104 min 800 ton kartof idxal olunub. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan kartofun 1 kiloqramının gömrük dəyəri 76 qəpik (45 sent) olduğu halda, ölkəyə gətirilən kartofun qiyməti bundan 2 dəfə ucuz olub. Belə ki, bu ilin ilk yarısında xaricdən gətirilən kartofun 1 kiloqramının gömrük dəyəri 36 qəpiyə (21 sent) bərabər olub.

Məlumat üçün qeyd edək ki, son illər Azərbaycanda karfof istehsalının azalmasına baxmayaraq xaricə satılan kartofun həcmi artmaqdadır. Bu ilin ilk yarısında ölkədə 526,2 min ton kartof istehsal olunu və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8,8% az olub. 2016-cı ildə istehsal olunan 902,4 min ton kartof isə 2015-ci ildəki göstəricidən 7,5% az olub. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda yerli istehsal daxili tələbatı ödəməyə imkan vermir. Kartofa olan yerli təlabat il ərzində 1 milyon 150 min tona yaxındır. Bu barədə, yəni yerli tələbatı 1 milyon 150 min tona çatdırılması hədəfi Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da qeyd olunub.

Lakin açıqlanan rəsmi rəqəmlər onu göstərir ki, daxili tələbatı ödəmək üçün yerli istehsalı artırmaq əvəzinə xaricdən ucuz qiymətə kartof idxal edilir. Məsələn, ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk yarısında xaricdən idxal olunan kartof 8,8%, eyni dövürdə xaricə satdığımız kartof isə 50,5% artıb.

Onu da qeyd edək ki, yerli istehsal olan kartoflar xaricdən idxal olunan kartoflarla müqayisədə daha keyfiyyətlidir. Yerli kartofun daha keyfiyyətli olduğunu həm ixrac-idxal qiymətlərindən, həm də daxili bazardakı satış qiymətlərindən açıq şəkildə görmək mümkündür.

Yuxarıda sadalanan rəqəmlər onu göstərir ki, kartof istehsalı ilə məşğul olan sahibkarlar öz məhsullarını xarici bazarlara satmaqda daha çox maraqlıdırlar. Bunun əsas səbəbi odur ki, həmin məhsullar daxili bazarda satılan ucuz ixrac kartoflarla rəqabət apara bilmir. Əhali Türkiyə, İran və Rusiyadan gətirilən ucuz və keyfiyyətsiz kartofları almağa üstünlük verdiyindən həm yerli kartofun istehsalı ildən-ilə aşağı düşür, həm də yerli kartof xarici bazarlara daha çox çıxarılır.

Bu eyni zamanda o deməkdir ki, Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası 2 ildir başa çatsa da kartofla bağlı qarşıya qoyulan hədəflərə çatmaq mümkün olmayıb. Tam əksinə yuxarıda açıqladığımız rəqəmlər onu göstərir ki, son illər ərzində qarşıya qoyulan hədəfdən bir qədər də uzaqlaşmışıq.

DİGƏR XƏBƏRLƏR

Top