Estoniya, Latviya və Litvanın Parisdəki diplomatik missiyalarının rəhbərləri Fransanın “Le Monde” qəzetinə göndərdikləri məktubda rica ediblər ki, gələcəkdə nəşrin materiallarında onların ölkələrini keçmiş sovet respublikaları adlandırmasınlar. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, səfirlərin məktubu “Le Monde” redaksiyasının rəhbəri Lyuk Bronnerə ünvanlanıb. Məktubda deyilir: “Əgər sizin məqalələrinizdə keçmiş sovet respublikaları terminindən bundan sonra istifadə olunmazsa, biz həddən ziyadə minnətdar olardıq, çünki bununla da yuxarıda göstərilmiş tarixi və beynəlxalq səviyyədə tanınmış faktlar lazımınca əks olunmuş olunardı”.
Üç ölkənin nümayəndələri məktublarında bəyan ediblər ki, onların ölkələri 1940-cı ildə Sovet İttifaqının tərkibinə könüllü daxil olmayıblar, hərbi ilhaq nəticəsində ona daxil ediliblər: “Bu səbəbdən dünyanın əksər ölkəsi, o cümlədən Fransa Baltikyanı ölkələrin ilhaqını heç vaxt tanımayıblar”. Diplomatlar, həmçinin qeyd ediblər ki, SSRİ-nin dağılmasından sonra bu regionda yeni dövlətlər yaranmayıb, lakin Baltikyanı ölkələr öz müstəqilliklərini bərpa ediblər”.
Xatırladaq ki, xəritə ilə birlikdə Finlandiyaya həsr olunmuş məqalənin dərc edilməsi məktubun yazılmasına səbəb olub. Belə ki, Estoniya, Latviya və Litva xəritədə keçmiş sovet respublikaları kimi göstərilib.