Politoloq: "Gözümüzü açıb görəcəyik ki, Şuşa, Laçın, Kəlbəcərdə boş yer qalmayıb"

"Ermənistanın baş naziri məzuniyyətini işğal altındakı torpaqlarımızda keçirir, gedir Kəlbəcərə və orada mineral su istehsal edən zavodun açılışında iştirak edir, bir neçə gün keçir bu dəfə Ermənistan prezidenti Qarabağa gəlir və yol açılışında iştirak edir, üstəgəl Şuşa və Laçında nəsə tikirlər, kimlərisə buralara köçürürlər, Xankəndidəki hava limanını tədricən işə salırlar, helkopterlər ora-bura uçur". "Yeniavaz.com" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Həmsədr dövlətlərin vecinə də deyil, İrəvana demirlər ki, buralarda niyə tikirsən, köçürmə həyata keçirirsən, axı həll planına görə boşaldacaqsan. Azərbaycan XİN ara-sıra açıqlama verir, o da işğalçıya mənasız gəlir. Bəs nə etməli? Erməni separatçılarının davamlı təxribatlarının qarşısının almağın hansı yolları var? Bu suallar üzərində düşünməsək, çıxış yolu tapmasaq, bir gün gözümüzü (uzaqdan) açıb görəcəyik ki, işğal altındakı Şuşa, Laçın və Kəlbəcərdə boş yer qalmayıb"...

Politoloq Ermənistanın son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimlərində iştirakdan imtina etməsinə də münasibət bildirib: "Bəzi dostlarım Ermənistanın bir müddət əvvəl NATO-nun Gürcüstanda təlimlərində iştirakından uzaqgedən nəticələr çıxarmışdılar. Hətta "Ermənistan Rusiyadan üz döndərir", "Ermənistan Qərblə əməkdaşlığa üstünlük verir" kimi başlıqlara rast gəldim. Məndən məsələyə münasibət öyrənən jurnalistlərə hər zaman eyni cavabı söylədim: "Ermənistanın NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirakından böyük nəticələr çıxarmaq lazım deyil. İrəvan bu təlimlərdə iştiraka görə Moskvadan icazə alıb. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım atmayacaq".

İndi bu sözlərimin təsdiqi kimi onu deyə bilərəm ki, Ermənistan hakimiyyəti son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimlərində iştirakdan imtina edib və bunun səbəbini izah etməyib. Səbəbi aydındır. Moskva bu dəfə qadağan edib. Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı Azərbaycan da iştirak edəcək. Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur".

DİGƏR XƏBƏRLƏR

Top