Təxminən 10 gündən artıqdı Sumqayıt şəhərini tüstü və xoşagəlməz qoxu bürüyüb. Xüsusən Xəzər bağları yaşayış massivi ərazisində bu qoxu daha çox hiss olunur. Bunu həmin ərazidə yaşayan sakinlər təsdiqləyirlər. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyilə (ETSN) ilə əlaqə saxladıq.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev “yeniavaz.com”a məsələ ilə bağlı açıqlama verdi.
Onun sözlərinə görə, mətbuatda qabardılmışdı ki, guya Sumqayıtda məişət tullantısı poliqonu yandırılır: "Amma əslində bu belə deyil. Doğrudu əvvəllər məişət tullantısı poliqonunda zibil yandırılıb. Bununla bağlı ayrı-ayrı şəxslər cərimələnib. Cari ilin ötən dövrü ərzində 1500 manat məbləğində cərimə olunub. Keçən il hardasa 29000 manat cərimə olunub. Şəhər icra hakimiyyətinə məktubla müraciət edilib. Amma əsas məsələ o tullantı yox, İnşaatçılar qəsəbəsinin aşağı hissəsində, dəniz kənarında “26-lar” bağlar sahəsi var, orda iki həftə əvvəl qamışlıq yanmışdı. 4 hektara yaxın qamışlıq sahəsi axşam yanmağa başladı, səhərə yaxın söndürüldü. Sumqayıtdakı bu tüstü və qoxu bununla bağlıdı”.
Sektor müdiri bildirdi ki, avqust ayının 29-31-i günlərində həmin ərazidə nazirlik monitorinq aparıb: “Monitorinqin nəticəsinə görə, nümunələr götürüldü, analizlər olundu. Əsas çirkləndirici olaraq dəm qazıdı, sulfidlərdi, karbon oksiddi, tozlardı hamısı norma daxilində çıxdı. Sumqayıtda hazırda heç bir tullantı yandırılması faktı və heç bir qoxu da yoxdur”.
R. Mirzəyev qamışlığın yandırılmasına görə atmosferdə hələ də iyin qala biləcəyini dedi: “Sumqayıtda vaxtilə o qədər iylər olub. Belə qoxuların insan orqanizminə hər hansı ziyanı yoxdu. Əsas odur ki, atmosferə atılan tullantılar normadan artıqdırsa ziyan olur. Amma bizim apardığımız monitorinqlər zamanı atmosferdə çirkləndiricilərin hamısının norma həddində olduğu müəyyən edildi. Heç bir təhlükə yoxdur. Həmin ərazidə ictimai iaşə obyektləri var, kanalizasiya təmiri olur və bəzən açıq qalır, sözsüz ki, biz bununla bağlı tədbirlər görürük. Qamışqlıq olan ərazi sırf qamışlıq deyil, uzun müddət ora zir-zibil atılıb. Onun iyi də ola bilər. Tullantı poliqonu daimi nəzarətdədir. Normadan artıq çirklənidirici olarsa biz tədbirlər görəcəyik”.
Rasim Məmmədli