İsrailin “Aeronautics” hərbi şirkətinə məxsus “Kamikadze dron”ların (“Orbiter K1”) ixracatı müvəqqəti dondurulub. “Yeniavaz.com” “HAARETZ” nəşrinə istinadən bildirir ki, İsrail Müdafiə Nazirliyi şirkətdə yoxlamalara başlayıb. Yoxlamaların nazirliyə daxil olan şikayət əsasında aparıldığı bildirilir. “HAARETZ”in iddiasına görə, sözügedən şikayət Ermənistan rəhbərliyi tərəfindən edilib. İddia olunur ki, “kamikadze dron”ların Azərbaycan ordusu tərəfindən erməni mövqələrinə qarşı istifadə olunmasında şirkət mütəxəssisləri də iştirak edib.
“Aeronautics” isə “HAARETZ”ə açıqlamasında ittihamları qəbul etmədiklərini söyləyiblər. Şirkət dronların yalnız müştəri tərəfindən istifadə olunduğunu və “Aeronautics”in heç vaxt canlı qüvvələrə qarşı aparılan əməliyyatlarda iştirak etmədiyini bildirib. Bununla yanaşı şirkət sözcüsü qadağanın müvəqqəti olduğunu və tezliklə satışların yenidən bərpa olunacağına ümid etdiyini dilə gətirib.
İsrail Müdafiə Nazirliyi “Aeronautics”də yoxlamaların aparıldığını təsdiqləsə də əlavə məlumat verməyib.
Qeyd edək ki, “Aeronautics”in ən böyük müştərisi Azərbaycandır. Şirkətinin dərc etdiyi məlumata əsasən “Aeronautics” 2017-2018-ci illərdə mühüm müştərisinə 20 milyon dollar məbləğində “Orbiter K1” dronların satışını həyata keçirməli idi.
B.M.
Kamikadze dron