Bir neçə həftə öncə "Yeniavaz.com" saytında Ağstafa rayonunun Dağkəsəmən kənd sakini Oktay Əmirovun müraciəti yayılmışdı. Oqtay Əmirov onun və 4 həmkəndlisinin torpağının Qarabağ döyüşçüsü, "Qazaxlı Alik" ləqəbli polkovnik Alik Muradov tərəfindən mənimsənildiyini iddia etmişdi. İddiaçı Alik Muradova yerli dövlət strukturlarının kömək etdiyini, hara şikayət yollasalar belə baxılmadığını demişdi.
Bu günlərdə Alik Muradov "Yeniavaz.com" saytının redaksiyasına zəng vurub və öz mövqeyinin işıqlandırılmasını istədiyini bildirib.
A. Muradov barəsində səsləndirilən ittihamlarla razılaşmadığını dedi: "Əgər qarşı tərəfin əlində onların xeyrinə məhkəmə qətnaməsi varsa, ortaya qoysunlar. Hansısa sənəd kiminsə əlində ola bilər. Əgər ortada qətnamə yoxdursa, məhkəmə gedirsə, onun ictimaiyyətə açıqlanması nə dərəcədə doğrudur? Torpaq şalvar deyil, köynək deyil, onu zəbt edəsən, 11 ildir məndən yazırlar. Mən odlar aşmışam, nə qədər şəhid vermişəm, bu ona əsas vermir ki, qanunsuzluqlara əl atım. Döyüşmüşəm, vuruşmuşam, bu başqa məsələ, ancaq şər-böhtanı da qəbul edə bilmərəm axı. Onun kürəkəni yeri satıb, mənim kürəkənim də alıb. Mülkiyyət mənim deyil, kürəkənimin adınadır. Orada evi yox, eşik yox, yamacın düzündə, kənd yerində 14 kvadrat yer, lap olsun 1 sot nə torpaqdır axı? Bu adam 1 dənə qüvvəyə minən qətnaməsini göstərsin. Torpaq zəbti cinayət məsuliyyətidir. Mən subyekt deyiləm. Bu hadisələrdən sonra mən onu məhkəməyə vermişəm ki, yolumu bağlayır. Mən hava yolları şirkətini məhkəməyə verəsi deyiləm ki. Özü də həmin şəxs şikayətləri 5 nəfərin adından yazır. Bir dənə kağız versin ki, həmin 5 nəfərdən birinin torpağı haqqında məhkəmə qətnaməsi var. Əgər torpaq mübahisəsi varsa, qətnamə çıxmalıdır. Yekun qərar, qüvvəyə minmiş qətnamə varsa, ver. Bu adamlar 11 ildir yazırlar. Hətta iddia etdilər ki, adam bıçaqlamışam".
Alik Muradov dedi ki, bu günədək qarşı tərəfdən şikayət ərizəsi yazmayıb: "Bir müddət əvvəl Ağstafa rayonunun Dağkəsəmən kəndində Dövlət Təhlükəsizlik Xidməti, Prokurorluq, DİN və digər nazirliklərin nümayəndələri iclas keçirdilər və bu adamlara qol çəkdirdilər ki, bir daha sizin şikayətinizə baxılmayacaq. Ancaq yenə də məndən neçə vaxtdır əsassız olaraq şikayətlər edirlər. Dünən, yəni avqustun 30-da Ağstafa Rayon Məhkəməsində işə baxıldı və Oqtay Əmirova məxsus alqı-satqı sənədi etibarsız sayıldı. Alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə məhkəmə qərar verir, bununla əlaqədar digər sənədlər də qüvvədən düşür. Ya yolumu məhkəmə qərar verib açmalıdır, ya da hava yolu şirkətini məhkəməyə verməli olacağam. Belə çıxır ki, mən hava yolları şirkətindən yol istəməliyəm? Mən heç kəsin sənədinə və şəxsiyyətinə ayrı cür yanaşa bilmərəm. Məhkəmə qərarı, məhkəmə qətnaməsi varsa, ortaya çıxarılsın. Mənim əlimdə onların yazdığı 2 "papka" şikayət var, onları oxuya bilərəm sizə".
A. Muradov onu da əlavə etdi ki, qarşı tərəflə barışmaq istəyib, hətta əvvəlki məhkəmə proseslərinin birində ona əl də uzadıb: "Bir neçə ay bundan qabaq məhkəmədən çıxanda əlimi uzatdım ona, dedim Oqtay Əmirov, çəkil otur yerində, bəsdir. Aradan bir az keçdi, eşitdim ki, işi verib Ali Məhkəməyə. Nəyə can atırsan axı, mənə izah elə bilim. 14 kvadratmetrəmi? Gəl, 5 sot torpaq verim sənə. Məsələ bu deyil, bunun kökündə başqa şeylər durur. Mən ondan şikayət eləsəm, bu adam kirə çıxacaq, yox olacaq. Bu adamın istəyi nədir - 10 sot torpağın möhürü vuruldu, verildi, niyə götürmədi?
Mən ölümlər keçmişəm, Qarabağda 3 dəfə də yaralanmışam. Mənim üçün bu problem deyil. Bunlar fəraridilər. Bunların məqsədi torpaq deyil. Kadastr mülkiyyət hüququ demək deyil. Kadastr torpağın adıdır. Mənə lazımdır illər boyu məhkəmə? Əgər kimlərinsə torpağını zəbt eləmişəmsə, niyə məni tutmurlar? Yeməkxanası var, oranı bağlatdırdım. Yalvar-yapış elədi, barışdıq. Sonra məni verdi məhkəməyə 2000 manat təzminat tələb elədi. Mən elə fikirləşirəm ki, bu adamların Ermənistanda, erməni qohumları var, onlara toxunmuşam, ona görə də belə edirlər. And olsun Allaha, onlar torpaq istəmirlər, mənim qəsdimi çəkirlər. Həmin adam məni ağır cinayətdə ittiham edir, saytınızda üzr istəməsə, yenidən məhkəməyə müraciət edəcəyəm".