"Çox vaxt FHN gələnə kimi camaat meşələrdəki yanğının qarşısını alır"

"Azərbaycanda meşələrin bərpası 2 istiqamətdə gedir. Təbii bərpa və əkin üsulu ilə. Prezidentin müvafiq qərarından sonra planlı əkinlərin böyük əksəriyyəti meyvə bağları formatında gedir". "Yeniavaz.com" saytına açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin baş məsləhətçisi Cavid Qara belə deyib.

Onun sözlərinə görə, aqro meşə üsulu çərçivəsində əkilən ağaclar fındıq, qoz, alma, armud, şabalıd, badam və püstədir: "Yerli şəraitə uyğun olaraq hər bölgədə meyvə ağacları əkilir. Əkinlər aqro meşələr sistemi formasında gedir. Təbii meşə bərpasına kömək məqsədi ilə kənd ətrafı ərazilərdə çəpərlər çəkilir. Meşəyə əgər mal-qara girməsə, təbii bərpa sürətlə gedər. Mal-qaranın girməsi meşədə təzə pöhrələri məhv eləyir, təbii bərpasını ləngidir. Bütün regionlarda əkin işləri aparılır, hər regionun iqliminə uyğun. Hər bölgəyə uyğun əkin planı var və buna uyğun işlər gedir. Dağlıq ərazilərdə şabalıd, qoz, fındıq, alma növlərinə üstünlük verilir. Ağaclar böyüdükcə çətirləri yayılır deyə əkin zamanı məsafə nəzərə alınır. Alma, armud ağacları bir hektara 425 ədəd, qoz, şabalıd, fındıq ağacları hektara 156 ədəd əkilir".

C. Qara qeyd edib ki, aqro meşə üsulu dünyada yayılmış bir təcrübədir: "Meşə ehtiyatı böyük olan ölkələr buna ehtiyac hiss etmirlər, orada meşələrin təbii bərpası öz sürəti ilə gedir. Amma meşə ehtiyatı az olan ölkələrin bərpa planları olur və bu istiqamətdə gedirlər ki, gəlir gətirsin. Bu zaman meşələrin ətrafında yaşayan insanlar da ağacların qırılmamasında maraqlı olurlar".

C. Qara bir maraqlı məqama da toxunub: "Bəzi kəndlərin camaatı o ərazidəki meşəyə başqa insanların gəlməsinə razı olmurlar. Camaat o meşəni özününkü hesab edir. Elə kəndlər var ki, orada camaat meşəqıranları əraziyə buraxmır. Bu, əsasən icma münasibətlərini qoruyan kəndlərdə olur. Onlar kənardan kimlərinsə kommersiya məqsədi ilə gəlib ağacları qırmasına göz yummurlar. Etirazlarını bildirirlər, şikayət edirlər və s. Ancaq icma münasibətləri sıradan çıxmış kəndlərdə bu cür hallara rast gəlinmir. Kimsə fərdi şəkildə etiraz edir, amma buna kollektiv şəkildə etirazlar olmur. İsmayıllı rayonunun bir kəndində camaat uzun müddət mübarizə aparmışdı ki, kənar şəxslər ora gəlib ağacları qırmasınlar".

Həmsöhbətimiz yanğınlara qarşı mübarizədə meşələrə yaxın kəndlərdə yaşayan əhalinin aktiv mübarizəsindən də danışıb: "Diqqət etmisinizsə, bizdə geniş yayılmış meşə yanğınları olmayıb. Yanğın olan zaman çox çevik şəkildə söndürülür. Bunların hamısı kənd camaatının hesabınadır. Çünki FHN ora yetişənə kimi, digər qurumlara məlumat çatana kimi kənd camaatı işə müdaxilə edir. Əgər meşə yanğını bir ərazidə geniş vüsət alarsa, sonradan onun qarşısını almaq çox çətin olur. Lakin kəndlərdə insanlar çevik şəkildə yanğınlara müdaxilə edirlər və yanğınsöndürənlər gələndə onların işi daha rahat olur. Bəzən yanğın elə ərazidə olur ki, ora yanğınsöndürən maşınlar çıxa bilmir. O zaman camaat əllə söndürür, köməyini əsirgəmir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top