3-4 aylıq kurs bitirib "həkimlik" edəndə axırı belə olur...

“Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbdən baza təhsili var, ya yox”.

Azərbaycanda təhsil aldığını deyən və türk qızın dodaqlarını bərbad hala salan "saxta estetik cərrah” Soner Gülnaz Yunanıstana qaçmağa çalışarkən tutulub.

Türkiyə mətbuatına istinadən aldığımız xəbərə görə, Yunanıstana qaçmağa hazırlaşan Soner Gülnaz, həbsxanadan yoxa çıxdıqdan 5 gün sonra tutulub.

Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G. ona dodaq silikonu etdirən bir neçə qadının sağlamlığında problem yaranmışdı. Saç ustası 4 nəfərin dodağını bərbad hala saldığı üçün deyil, oğurluq etdiyi üçün həbsxanada yatırdı. Oğurluqdan barəsində 5 il 3 ay şərti azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün Adana Açıq Ceza Təcridxanasına göndərilib. Qeyd edək ki, Soner qızların dodağını bərbad hala salması barədə açılan cinayət işindən bəraət alıb.

Maraqlıdır, bu barədə mütəxəssislər nə düşünür? 3-4 aylıq kurs bitirməklə gözəllik salonlarında, estetik mərkəzlərdə həkim-kosmetoloq işləmək nə dərəcədə düzgündür? Müvafiq tibbi təhsili olmayan, insan anotomiyasını bilməyən şəxslərin gözəllik salonlarında qanla bağlı müxtəlif prosedurlar həyata keçirməsi mümkündür?

Bu suallar ətrafında apardığımız araşdırmalar əsasında bir sıra dövlətlərin təcrübələri ilə tanış olduq. Əldə etdiyimiz məlumatlara görə, Rusiyada bu sahə kifayət qədər inkişaf edib. Həkim-kosmetoloq ixtisası rəsmi şəkildə ölkənin Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Türkiyədə də kifayət qədər professional mütəxəssislər var. Hazırda Türkiyənin ən tanınmış ali təhsil ocaqlarında kosmetoloq olmaq üçün azı 3 il təhsil almaq şərtləri qoyulub.

Avropada isə kosmetoloq olmaq üçün mütləq müalicə işi üzrə ali tibbi təhsil almaq tələb olunur. Bizdə isə xarici ölkələrdən fərqli olaraq adi qadın salonlarında "kosmetoloq” işləyən şəxslər çox zaman orta təhsilə malik olurlar. Mütəxəssislər isə deyir ki, kosmetoloq olmaq üçün farmakologiya, kimya, anotomiya, biokimya, dəri xəstəlikləri, onlara diaqnoz qoyulması və müalicə olunması sahəsində dərin biliklərə malik olmalıdır. Ali tibbi təhsil olmadan, kimya, biologiya, fizika və psixologiyadan ətraflı məlumatı olmadan necə kosmetoloq işləmək olar?

Bir neçə aylıq kursla kosmetoloq işləməyin düzgün olmadığını deyən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, aidiyyəti qurum bu sahəyə diqqət ayırmalıdır.

Professor hesab edir ki, problemin həlli üçün ilk növbədə istifadəsinə imkan verilən müalicə metodları müəyyən olunmalıdır. Özbaşına hansısa müalicə metodlarından istifadə etmək olmaz, çünki ayrı-ayrı dərmanların dəri altına yeridilməsi qarşısıalınmaz fəsadlara yol aça bilir.

A.Qeybullanın fikrincə, sistematik olaraq kosmetoloq kimi fəaliyyət göstərənlərin dairəsi müəyyənləşdirilməli, onlara verilən sertifikatlarda göstərilməlidir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbdən baza təhsili var, ya yox.

Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir.

Botoksların saxlanma şəraitinə riayət olunmadığını qeyd edən professorun sözlərinə görə, xüsusi saxlanma şəraitində olmalı, buzun arasında gətirilməli olan botoksları bəzən "həkimlər” botoksu çantalarında gəzdirərək pasientlərə vururlar.

Həkim kosmetoloq Sevinc Fətəliyeva da "Şərq”ə açıqlamasında 3-4 aylıq kurs bitirib, sertifikat alanların estetik mərkəzlərdə həkim-kosmetoloq kimi çalışıb, kosmetoloji lazer prosedurları, botoks həyata keçirməsinin çox ciddi təhlükə olduğunu deyib:

"Hazırkı dövrdə kosmetoloji prosedurlara inyeksion metodlar daxil olduğundan kosmetoloqun tibbi savadı mütləq olmalıdır. Kurs bitirən kosmetoloqlar üz masajı, dərinin gigiyenik təmizlənməsi, maska qoymaq və s. kimi prosedurları həyata keçirə bilərlər. Həkim kosmetoloqlar isə dəri xəstəliklərinin müalicəsi, kosmetoloji lazer prosedurları, inyeksion metodikaların həyata keçirilməsi ilə məşğul olmalıdır.

Çox təəssüf ki, müasir cəmiyyətimizdə heç bir tibbi savadı olmayan dırnaq arası mütəxəssislər botoks, dərinin kontur plastikası, mezoterapiya, plazmaterapiya kimi tibbi prosedurları həyata keçirir və ağırlaşmalar olduqda onların vaxtında və fəsadsız aradan qaldırılması üçün heç bir tədbir görə bilmirlər”.sherg.az

DİGƏR XƏBƏRLƏR

Top