"Təhsildə bu dəyişiklik problemlərə səbəb olacaq" - EKSPERT RƏYİ

“Təmayülləşmənin mənfi tərəfləri kifayət qədərdir”. Bu sözləri “yeniavaz.com” saytına açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. Ekspert orta məktəblərdə təmayülləşmə prosesi ilə bağlı danışarkən bildirdi ki, təmayülləşmənin müsbət tərəfi kimlər üçündü?: “Ali məktəbə hazırlaşmaq üçün qarşısına məqsəd qoyanlara faydası ola bilər. Amma məşqçi dəyişmyəndən sonra oyunçu kim olur olsun, yenə də nəticə olmayacaq. Yenə də əvvəlki illərdə zəif nəticə göstərmiş müəllimlər həmin təmayül siniflərə dərs deyəcək. Şagirdlər 1, 2, 3, 4-cu qruplara hazırlaşır, amma elələri də var heç bir qrupa hazırlaşmır. O ümumi əsaslarla olan qrupda oxumaq istəyir. Bu isə bütün məktəblərdə olmayacaq. Bundan əlavə hansısa şagird təhsilini xaricdə davam etdirməyi planlayıbsa, istəmir ona təmayül üzrə daha çox dərs keçilsin. Düzdü, 4 təmayül və 5-cisi ümumi əsaslarla olacaq. Sözün həqiqi mənasında bu proses ciddi problemlər yaradacaq. Şagirdlər təhsildən məhrum olacaqlar. Ona görə ki, məktəblər bundan sonra çalışacaqlar ki, bilik və bacarıq baxımından daha yaxşı şagirdləri götürsünlər. Yaxşı, bu şagirdləri də 9 il məktəb hazırlayıb, bu uşaqlar Marsdan gəlməyiblər ki?! Bu uşaqlara 9 il nə isə öyrədə bilməmisiz, dərs keçə bilməmisiz. Düzdü onlar repititor yanına gedərək müəyyən qədər hazırlaşırlar. Burda başqa diqqət çəkən məsələdə var. Yalnız seçdiyi ixtisas qrupundakı fənlərdən qiymətləri 4-5 alanlar həmin qruplarda oxuyacaqlar. Kimsə bu və ya digər səbəblərdən 3 alıb, amma istəyir ki, hansısa qrupa getsin. Amma müvafiq fəndən 3 aldığına görə istədiyi qrupa gedə bilməyəcək. Belə problemlər var. Amma hər məktəbdə də ümumi əsəslarla təmayül sinifləri olmayacaq. Qısası qarışıq sistemdir”.

“Yeni köklü dəyişikliklər edilməsi şagirdləri təhsildən məhrum etməklə nəticələnəcək”

Kamran Əsədov həmçinin bildirdi ki, təmayülləşmə gözəl layihə olsa da, Azərbaycanın indiki dönəmi üçün məqbul deyil: “Ona görə ki, əhalinin böyük əksəriyyəti rayonlarda yaşayır. Kəndlər sosial-iqtisadi cəhətdən normal inkişaf etməyib. Kəndləri bir-birinə bağlayan yollar bərbad vəziyyətdədir. Dağ kəndlərində isə vəziyyət olduqca dözülməzdir. Məsələn, Lənkəran, Astara, Lerik rayonlarının dağ zonasında yerləşən kəndlərində həm kəndlər arası yollar, həm də bu kəndləri rayonla birləşdirən yollarının böyük hissəsi bərbad vəziyyətdədir. Təmayülləşmə zamanı böyük məsafədə dağ yolu ilə marşrut olmadığı zaman 10 və 11-ci sinif şagirdləri, həm də qızlar necə mərkəzdə olan təmayüllü məktəblərə gedəcəklər? Mən bilirəm ki, respublikanın bütün dağ rayonlarında vəziyyət eynidir. Ona görə də, yerli şəraiti bilmədən və öyrənmədən, əhalinin vəziyyətini nəzərə almadan belə bir layihənin tələm-tələsik şəkildə tətbiq edilməsi dağ zonasında yerləşən kəndlərdə şagirdlərin məktəbdən kənarda qalmasına və kütləvi şəkildə savadsızlaşmasına gətirib çıxaracaqdır. Eyni şərait Daşkəsən, Gədəbəy rayonunlarında da yaşanır, Quba, Qusar, Xaçmaz rayonlarında da. Bakıda isti otaqda yumşaq kresloda oturub regionlarda yeni lahiyələrin hansı fəsadlar yaradacağını bilmək olmaz. Belə tələskənlik ciddi problemlər yaradacaq. Əlbəttə ki, təmayüllü məktəblər lazımdır, vacibdir, amma kurikulum da vacib idi, digər layihələr də. Amma kurikulumun nəticələrini təhlil etmədən yeni köklü dəyişikliklər edilməsi şagirdləri təhsildən məhrum etməklə nəticələnəcək”.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top