“Çalışıram ki, hər əsərim düşündürücü olsun”

Oktyabrın 14-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam, ehtiyatda olan zabit, II qrup Qarabağ əlili, Azərbaycan Rəssamlar İttifaqının üzvü İntiqam Ağayevin “Xatirələrim” adlı fərdi sərgisi keçiriləcək. Sayca 3-cü olan fərdi sərgidə onun 60-a yaxın əsəri nümayiş olunacaq. Sərgi, eləcə də rəssamın sənət dünyası ilə bağlı ona bir neçə sualla müraciət etdik.

- Bu dəfə sərgiyə “Xatirələrim” adı vermisiniz. Ümumiyyətlə, sizin sərgilərə verdiyiniz adlar maraqlı olur. Məsələn, səhv etmirəmsə, onlardan biri “Ağrının, ümidin və sevincin də öz rəngi var” adlanırdı. Belə maraqlı, düşündürücü adlar necə formalaşır?

- Bəri başdan deyim ki, hər sərgidən öncə nümayiş etdirəcəyim əsərlərlə bağlı sənət yoldaşlarımla müzakirələr aparıram. Məhz bu məsləhətləşmələrdən sonra sərgiyə ad verirəm. Elə “Xatirələrim” də belə görüşlərin nəticəsinin məhsuludur.

- Siz həm məişət, həm dəniz, həm də müharibə (batalist) mövzularına müraciət edirsiniz. Onlardan hansını çəkmək sizin üçün daha asandır?

- Dəniz mənim həyatımdır. Odur ki, bu mövzusuz özümü təsəvvür edə bilmirəm. Məişət reallığımdır. Yəni bu mövzularda elə bir problem yaşamıram. Amma neçə illər öncə iştirak etdiyim Qarabağ müharibəsini hər dəfə rənglərlə canlandıranda cəbhədə keçirdiyim günləri bir daha yaşamalı oluram. İnandırım sizi, belə əsərlər üzərində işləyərkən özümə gələ bilmirəm. Qarabağla bağlı çox əsərim hələ yaddaşımda qalıb. Zaman-zaman onları da kətana köçürəcəyəm. Onları kətan üzərinə köçürməməyə mənim mənəvi haqqım yoxdur. Onu da deyim ki, hər rəssam bu mövzuda çəkmir.

- Məncə, bu o deməkdir ki, İntiqam Ağayev məişət və dəniz lövhələri üzərində işləyərkən İntiqam Ağayev, müharibə mövzusunda çalışarkən isə “Asiman” (”Asiman” ehtiyatda olan zabit, II qrup Qarabağ əlili İntiqam Ağayevin döyüş bölgələrində ləqəbi olub) olur.

- Mən sizin bu fikrinizlə tam razıyam.

- İntiqam bəy, sizə indiyədək Qarabağla bağlı əsər sifariş verən olubmu?

- Məni tanıyanlar hərdən bu ağrılı mövzu ilə bağlı müraciət edirlər. Amma rəsmi sifariş almamışam.

- Pikassonun emalatxanasına bir milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur ki, burada nə təsvir olunub. Rəssam: “200 min dollar” cavabını verir. Sizin belə müştəriləriniz olurmu?

- Yox, elə bir müştərim olmayıb. Amma yaradıcılığımla daha yaxından maraqlananlara müxtəlif əsərlər hədiyyə etmişəm.

- Ümumiyyətlə, indiki zəmanədə rəssamlıqla ailə saxlamaq mümkündürmü?

- Birmənalı şəkildə deyərdim ki, bu, çox müşkül məsələdir.

- Demək olar ki, bütün əsərlərinizdə impessionizm cərəyanına xas olan təəssürat, əhvali-ruhiyyə hakimdir. Yaradıcılığınıza bələd olan bir şəxs kimi deyə bilərəm ki, bu tipli əsərlərin hər birində bir hekayə gizlənir. Məsələn, sizin “Ümid var” adlı rəsm əsərinizdə qarlı təpə üstündə əlində avtomatla əyləşmiş, gözlərini uzağa zilləmiş Azərbaycan döyüşçüsü təsvir edilib. Əsgərin yanında torpağın hələ donu tam açılmamış qatından baş qaldıran fidan təsvir edilir. Şübhəsiz ki, bu əsər işıqlı gələcəyə, haqqın-ədalətin təntənəsinə bir inam rəmzidir. Bu mənada sizi rəssamlığımızın hekayə ustası adlandırmaq olarmı?

- Ümumiyyətlə, çalışıram ki, hər bir əsərim düşündürücü olsun. Daha deyə bilmərəm, onlarda bir hekayə yaşayır, ya yox. Əsas odur ki, onlar sənətsevərlərin ürəklərində yaşasın.

- Necə oldu ki, əgər belə demək mümkünsə, impressionizm yoluna düşdünüz?

- Bunu mən Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində müəllimim Sabir Şıxlıdan əxz etmişəm.

- Xarici ölkələrdə fərdi sərgi açmaq barədə düşünmürsünüz ki?

- Bu hələ ki arzu olaraq qalır. Yeri gəlmişkən, mənim bir neçə tablom bir qrup azərbaycanlı rəssamların əsərləri ilə birgə Gürcüstanın Şalva Amiranaşvili adına İncəsənət Muzeyində sərgilənib. Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təşkil etdiyi həmin sərgi Gürcüstan-Azərbaycan diplomatik əlaqələrinin 20 illiyinə həsr edilmişdi.

- Əgər sizə: “Bir əsərinizlə yola çıxın” tapşırığı verilsə idi, hansı əsərinizi seçərdiniz?

- Mənə elə gəlir ki, hələ şah əsərimi yaratmamışam.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top