Hindistan hakimiyyəti bütün müsəlman qaçqın rohincaları (digər adı arakan) ölkədən deportasiya etmək niyyətindədir.
“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Hindistan onların BMT-də qaçqın kimi qeydiyyatdan keçmələrinə önəm vermək fikrində deyil.
Hazırda Hindistanda təxminən 40 min rohinca qalır, BMT bunun 16,5 minə yaxınına qaçqın vəsiqəsi verib. Lakin ölkənin daxili işlər nazirinin müavini Kiren Ricicu bildirib ki, beynəlxalq təşkilatda qeydiyyat heç nəyə təsir etmir: “Onlar qeydiyyat prosesini davam etdirirlər, biz onlara qadağa qoya bilmərik. Lakin onların hamısını qanunsuz miqrantlar hesab edirik. Onların burada qalmağa əsasları yoxdur. Bütün qeyri-leqal miqrantlar deportasiya olunmalıdır”.
Qeyd edək ki, rohinca dünyada ən çox sıxışdırılan xalqlardan biridir. 2012-ci ildə dinlərarası toqquşmalardan sonra təxminən 120 min rohincalı evlərindən qovulub. Onlara vətəndaşlıq verilmir, tibbi yardım ala bilmirlər, ölkə üzrə hərəkətlərinə məhdudiyyət qoyulub. Rohincalar iddia edirlər ki, İslam dininə inandıqları üçün təqiblərə məruz qalırlar.