Qanun hamı üçündür - bəs DYP-nin saxladığı sürücülər kimə zəng vurur?

Qayda pozan sürücülər arasında elələri də olur ki, yol polisləri onları saxlayan zaman kiməsə zəng vururlar. Onlar zəng vurduqları həmin şəxslə danışdıqdan sonra telefonu yol polislərinə verirlər. Həmin şəxs yol polislərinə nə deyir, nə demir biz bunu bilmirik. Amma reallıq ondan ibarətdir ki, bəzi hallarda yol polisləri həmin şəxslərlə telefonla danışandan sonra qayda pozan sürücünün sənədlərini qaytarır, onları cərimələməyə tərəddüd edirlər. Hər sürücüyə şamil eləmək olmaz, amma məsələ burasındadır ki, bir zənglə cərimədən yaxa qurtaran sürücülərin çoxunda arxayınlıq yaranır, qayda pozuntusundan çəkinmirlər. Bilirlər ki, yenə həmin daydaya zəng vurub yollarına davam edəcəklər. Bəs yol polislərinin bir zənglə qayda pozan sürücülərin sənədlərini qaytarmaları, cərimə etməmələri nə dərəcədə doğrudur? Qanun hamı üçün eyni deyilmi? Yol polisləri ilə telefonda danışıb onlara "qohumumu, tanışımı burax, ona cərimə yazma" deyənlər kimlərdir? Onlar da qanun qarşısında məsuliyyət daşımırlarmı? Mövzu ilə bağlı "Yeniavaz.com" saytının suallarını "Digesta" hüquq mərkəzinin rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov cavablandırdı.

- Ərşad müəllim, qeyd etdiyimiz kimi, bəzi hallarda sürücülər qaydaları pozan zaman kimlərəsə zəng vurub telefonu yol polislərinə verirlər. Yol polislərinə həmin şəxs telefonda nə deyirsə, necə xahiş edirsə, onlar da qaydanı pozan sürücünü cərimələmirlər. Həmişə belə olur deyə bilmərik, ancaq belə hallar az deyil. Bu məsələdə məsuliyyəti kim daşıyır - qaydanı pozduğu halda cərimədən yaxa qurtarmaq üçün daydayına zəng vuranlar, yoxsa həmin daydayla danışandan sonra sürücünü cərimələməkdən imtina edən yol polisləri?

- Bilirsiniz, yol polisi həmin anda rüşvət almır, tələb etmir ki. Buna görə onun məsuliyyəti ancaq intizam məsuliyyəti ola bilər. Bu çox maraqlı məsələdir, burada insani münasibətlər var. Azərbaycan cəmiyyətini bilirsiniz də, bunu geniş tirajlasaq ki, belə bir şey olmasın, bəziləri başlayacaqlar ki, bunların iş-gücü qurtarıb, hər şey düzəlib bir bu qalıb. Həmin insanların nöqteyi-nəzərindən yanaşsaq, bu, insani münasibətləridir.

- Bildiyimə görə, belə hallar Rusiyada da baş verir. Orada yol polislərinə vəzifəli şəxslərdən zəng gələndə qaydanı pozan sürücləri buraxırlar...

- Mən maraqlanmışam, dünyanın hər yerində var bu. Amerikadan təxminən 5 il bundan əvvəl Azərbaycana bizim həmkarlarımız - hüquqşünaslar gəlmişdilər. Onlarla söhbət edirdim. Təxminən 55-60 yaşlarında bir hüquqşünas idi. Dedi ki, uzun illər Amerika prokurorluğunda işləmişəm və pensiyaya çıxmışam. Həmin sabiq prokuror bildirdi ki, bizdədə belədir. Polis saxlayanda və görəndə keçmiş prokurorluq işçisidir, ona hörmət edir. Yaxud onun oğlu maşın sürür və yol polisi saxlayır, atası maşından düşəndə və deyəndə prokurorluq işçisidir, hörmət eləyirlər. İranda da belədir, Türkiyədə də belədir. Burada da insan münasibətlər sayılır. Əgər vətəndaşa hörmət elədisə, güzəşt elədisə, insani münasibətlər sayılır.

- Bəs hüquqi baxımdan bu güzəştin əsası varmı?

- Bu güzəştin hüquqi əsası yoxdur. Yol polisi əməkdaşı qaydanı pozan sürücünü saxlayırsa, yalnız qanunda nəzərdə tutulmuş hallarda və əsaslarla ona hörmət, güzəşt edə bilər. Qanunda nəzərdə tutulmuş hallar və əsaslar yoxdursa, ona güzəşt eləməməlidir. Sürücü açıq-aşkar qaydanı pozubsa, ona qarşı məsuliyyət tədbiri görməlidir.

- Bəs kimlərə güzəşt edilməsinin qəti əleyhinəsiniz?

- Elə hallar var ki, yol polisi əməkdaşı heç hörmət etməməlidir. Niyə? Çünki bəzi sürücülərdə harınlıq əlamətləri var. Görürsən açıq-aşkar cəmiyyətə meydan oxuyur, kobud qayda pozuntusu törədir. Onlara ümumiyyətlə güzəşt olmamalıdır. Heç bir güzəştdən söhbət gedə bilməz. Belə hallarda əgər məlum olsa yol polisi əməkdaşı kiminsə xahişinə, kiminsə sözünə görə vətəndaşa güzəşt eləyib, onu intizam məsuliyyətinə cəlb eləmək olar. Sorğu-sual eləmək olar ki, sən niyə səlahiyyətlərindən kənara çıxmısan, niyə güzəşt eləmisən? Bu çox incə məsələdir. Aydındır ki, orada korrupsiya filan olsa, bu kobud hüquq pozuntusu sayılır və hətta buna görə cinayət məsuliyyətinə cəlb etmək də olar.

- Açıq-aşkar işıqforun qırmızı işığında keçən, qoşa xətti tapdalayan sürücülər də olur...

- Harınlıq əlaməti varsa, açıq-aşkar cəmiyyətə meydan oxumaq əlaməti varsa, yol polisinin qarşısında hamı dayanırsa, həmin sürücü qırmızı işıqdan keçirsə, bütün maşınlar dayanıb həmin maşın qoşa xəttin o biri tərəfinə keçirsə, belələrinə heç bir halda güzəşt olunmamalıdır. Amma elə vəziyyətlər də var ki, vətəndaş deyək ki, yol şəraitini yaxşı qiymətləndirə bilmir və maşını nişanın yanında yox, bir az irəliyə keçir. Ona güzəşt eləməyi alqışlamaq lazımdır. Ancaq harınlıq, kobud qayda pozuntuları, hamıda qıcıq doğuran, aqressiya yaradan qayda pozuntularını bağışlamaq olmaz. Bu, qətiyyən yolverilməzdir. Kim olursa olsun. Belə bir yanaşma formalaşmalıdır. Əks təqdirdə, hüquqi məsuliyyətin labüdlüyü prinsipi pozulur. Həmin sürücü fikirləşir ki, məni burada bağışladılar, dayıma deyəcəm oradada bağışlayacaqlar, birisigün adam vuranda da dayım mənə kömək edəcək. Bir də görürsən vurub kimisə öldürdü. Bax həmin cəzasızlıq mühiti olmamalıdır...

- Ərşad müəllim, bəs qaydanı pozan sürücülərin zəng vurduqları daydaylar barədə nə deyərdiniz? Onlar da məsuliyyət daşımırlarmı bu əməllərinə görə?

- Ola bilsin ki, yol polisi əməkdaşının öz rəisidir. Onun rəisidirsə, elə özünü də cəzalandırmaq lazımdır ki, niyə sən əməkdaşa təzyiq edirsən? Yaxud belə deyirlər də yol polisinin "işi keçən" adamlar. Məsələn, prokurordur, başqa bir rayonun rəisidir, deputatdır. Bunların özünün barəsində də tədbir görmək lazımdır ki, siz dövlət yol polisinin sıravi əməkdaşının, rəisinin fəaliyyətinə müdaxilə etməyin. Bu özü də qanunsuzluqdur. Hətta korrupsiya halı olarsa, bizdə nüfuz alveri deyilən bir cinayət var, həmin adamları buna görə məsuliyyətə cəlb eləmək olar. Yəni bu nə deməkdir - yüksək vəzifəli bir şəxsin, yaxud onun bacısı oğluna, tabeçiliyində olan bir şəxsə "hörmət" eləyir ki, belə hallarda məni polisdən buraxdır. Bu özü də bir korrupsiya halıdır, təhlükəli bir şeydir. Bu adamlar barəsindədə tədbir görülməlidir.

Burada bizim cəmiyyətimizin yanaşmaları çox eybəcərdir. Dediyim kimi, dünyanın hər yerində var, xırda-para səhvləri hamıya güzəşt edirlər, qanun da imkan verir. Amma harınlıq halına güzəşt eləyəndə gəlir aeroport yolundakı kimi 2 adamı öldürür. O tərəfdə gedir kimisə bıçaqlayır, bu tərəfdə başqa bir qanunsuzluğa yol verir.

- Burada bir məqamı da qeyd etmək lazımdır - bəlkə də qaydanı pozan sürücü bəzilərinə zəng vuranda yol polisi düşünür ki, telefonda onunla danışmaq istəyən adam vəzifəli şəxsdir, onun tanışını buraxmasam, mənə təzyiq olar. Belə bir şey mümkündürmü?

- Mən yol polisi əməkdaşları ilə dəfələrlə söhbət eləmişəm. "Səbəbsiz yerə bizə təzyiqlər olub" deyənlər olub. Bunun özü təhlükəli bir tendensiyadır.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top