Səhiyyə Nazirliyi: Azərbaycana idxal olunan bəzi məhsullar dövlət qeydiyyatına alınmayıb

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə zəruri fəaliyyətlər həyata keçirir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbər görə, bu məqsədlə müfəttişlik Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Respublika Taun Əleyhinə Stansiya ilə vaxtaşırı əlaqələr yaradır, zəruri tədbirlər həyata keçirir: "Bundan əlavə yoluxucu xəstəliklərin ölkə ərazisinə gətirilməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsinə metodiki yardımlar və sorğulara uyğun müvafiq məsləhətlər verilib.

Respublikanın həmsərhəd dövlətlərində Krım – Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşdiyindən Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyə qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr verib. Əmrin icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsinə xəstəliyin törədicisi, klinikası, epidemiologiyası, müayinəsi və profilaktikası barədə geniş həcmli məlumat göndərilib.

Azərbaycana idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Belə ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırılıdıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür. Nümunələr təhlükəsizlik göstəricilərinə görə müayinə edilir və nəticələrə əsasən məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir.

Dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə vaxt itirilmədən məlumat olur".

Qeyd olunub ki, 2017-ci ilin birinci yarım ili ərzində müfəttişliyin laboratoriya şöbəsində sanitariya-kimyəvi göstəricilər üzrə 6381 müayinə, sanitar-bakterioloji - 4785 müayinə, toksiloji - isə 5550 müayinə aparılıb. Onlardan 6 nümunə (quş əti farşı və dərisi) sanitar-kimyəvi müayinələrə, 1 nümunə süd məhsulu və 1 nümunə isə bioloji aktiv əlavə sanitar-bakterioloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib və bu məhsullar gigiyena qeydiyyatına alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top