Azərbaycanda polislə işləyən vətəndaşlar - Nə qədər maaş alırlar?

Polislə əməkdaşlıq etdikləri iddia olunan vətəndaşlara demək olar ki, Azərbaycanın hər bölgəsində rast gəlinir. Qeyd edək ki, ötən il ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) bəzi normativ sənədləri təsdiq olunub. DİN-in kollegiyasının bununla bağlı qərarında bəzi maraqlı məlumatlar yer alıb. "Yeniavaz.com" ictimaiyyət üçün maraqlı olacağını nəzərə alıb, həmin qərardan bəzi məqamları ixtisarla təqdim edir.

Bununla bağlı qaydalarda qeyd olunur ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.

Vətəndaşların polis orqanları ilə əməkdaşlığı onların ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur və bu, onların qanunvericiliklə qadağan olunmayan fəaliyyətlə məşğul olmalarını istisna etmir.

Həminn vətəndaşlar özlərini polis orqanlarının vəzifəli şəxsi kimi təqdim edə, hal şahidi kimi prosessual hərəkətdə iştirak edə bilməzlər.

İctimai asayişin qorunmasına cəlb edilən şəxslərin fəaliyyəti bu məqsədlər üçün Daxili İşlər Nazirliyinə ayrılan dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

Vətəndaşların ictimai asayişin qorunmasına cəlb edilmə qaydası...

İctimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşların ümumi dünyagörüşünün, şəxsi və işgüzar keyfiyyətlərinin, habelə ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçirilir.

Belə ki, polisə ictimai dəstək məqsədilə vətəndaşların əməkdaşlığa cəlb edilməsinə ehtiyac yarandıqda bununla əlaqədar kütləvi informasiya vasitələrində və DİN-in saytında elan verilir. İstəyən vətəndaşlar elanda göstərilmiş müddətlərdə Nazirliyə müraciət edərək, aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsi ərizə;

- Şəxsiyyətini təsdiq edən sənədin surəti;

- Hərbi biletin surəti (qadınlar istisna olmaqla);

- Tərcümeyi-hal;

- 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

Onun yararlı olub-olmaması müraciətin daxil olduğu gündən bir ay müddətində Nazirlik tərəfindən yoxlanılır.

Bəs kimlər ictimai asayişin qorunmasına cəlb edilə bilməzlər?

- Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş şəxslər;

- Psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəxslər;

- Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

- İnzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər.

Onlar öz səlahiyyətlərini həyata keçirərkən təhkim olunduqları polisin vəzifəli şəxsinə tabedirlər.

Onlar açıq-aşkar qanunazidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir.

Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən ictimai asayişin qorunmasına cəlb edilən şəxs qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

Onların fəaliyyəti ildə bir dəfədən az olmayaraq şəhər, rayon polis orqanının xidmət üzrə rəis müavini tərəfindən qiymətləndirilir və əməkdaşlığın davam etdirilməsinin məqsədəmüfaviqliyi barədə rəy hazırlanıb polis orqanının rəisinə məruzə olunur.

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlar öz fəaliyyətini müəyyən olunmuş səlahiyyətlər çərçivəsində yerinə yetirməli, ictimai asayişin qorunması zamanı insanlara münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidirlər.

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır.

Fəaliyyətlərinin əsas istiqamətləri, vəzifələri və hüquqları...

- Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi;

- Hüquqazidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı qanuni tələb irəli sürmək;

- İnsanların həyat və sağlamlığına, ətraf mühitə zərər verə bilən təhlükəni aradan qaldırmaq, habelə əmlakın talanmasının və məhv edilməsinin qarşısını almaq;

- İctimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumatı toplayıb polis orqanlarına təqdim etmək;

- İctimai asayişin qorunması sahəsində polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;

- Qanunvericiliyə zidd olmayan digər tədbirlər həyata keçirmək və s.

- İctimai asayişin qorunmasına cəlb olunduğu ərazidə törədilmiş məişət zorakılığı halları barədə təhkim olunduğu əməkdaşı məlumatlandırmaq, məişət zorakılığı törətmiş şəxslərlə aparılan tərbiyəvi-qabaqlayıcı işdə iştirak etmək;

- İctimai asayişin pozulması, normal həyat fəaliyyətinə təhlükə yaradan hərəkətlər, onların başvermə səbəbləri və şəraiti barədə dəqiq məlumat toplayıb polis orqanlarına təqdim etmək;

- Hazırlanan, törədilən və ya törədilmiş cinayətlər barədə məlumatı dərhal əməkdaşlıq etdiyi polis orqanına təqdim etmək;

- Qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlayan, əldə edən, saxlayan, satan, həkim təyinatı olmadan qəbul edən, belə vasitələrin qəbuluna təhrik edən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər barədə polis orqanını məlumatlandırmaq;

- İctimai asayişin qorunmasına cəlb olunduğu ərazidə ictimai mənəviyyat əleyhinə hüquqazidd əməllərlə məşğul olan, o cümlədən əxlaqsızlıq yuvaları saxlayan şəxslər barədə polis orqanını məlumatlandırmaq, bu hüquqpozmaların qarşısının alınması üzrə tədbirlərdə (əməliyyat-axtarış fəaliyyəti istisna olmaqla) iştirak etmək;

- Avaralıqla, o cümlədən dilənçiliklə məşğul olan şəxslər barədə polis orqanını məlumatlandırmaq, bu hüquqpozmaların qarşısının alınması üzrə tədbirlərdə iştirak etmək;

- İctimai asayişin qorunmasına cəlb olunduğu ərazidə yaşayış yeri üzrə qeydiyyat qaydalarını pozan, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxslər haqqında polis orqanını məlumatlandırmaq və s.

Həvəsləndirmək üçün verilən mükafatlar

Bu sahə üzrə vəzifələrin yerinə yetirilməsində və intizam qaydalarına əməl edilməsində fərqlənən ictimai asayişin qorunmasında iştirak edən vətəndaşlara polis orqanının rəisi tərəfindən aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:

- təşəkkür elan etmək;

- pul mükafatı;

- qiymətli hədiyyə;

- sanatoriya-kurort müalicəsi və ya turist səfərləri yollayışı.

Vəzifələrini yerinə yetirməyən və ya hüquqlarından sui-istifadə edən ictimai asayişin qorunmasına cəlb olunmuş şəxslərə aşağıdakı intizam tənbehlərindən biri verilə bilər:

- töhmət;

- sonuncu xəbərdarlıqla şiddətli töhmət;

- ictimai asayişin qorunmasında iştirakına xitam verilməsi.

Onların maddi və sosial təminatı

İctimai asayişin qorunmasında iştirak edən vətəndaşlara DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil edilir.

İctimai vəzifələrini yerinə yetirərkən dövlət tərəfindən müdafiə olunurlar.

Bu şəxslərin həyat və sağlamlığı DİN tərəfindən sığortalanır.

Gündəlik 6 saat ictimai asayişin qorunması ilə bağlı fəaliyyətə cəlb edilə bilərlər.

Onlara DİN tərəfindən müəyyən edilmiş məbləğdə ödəniş verilir.

Daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanı ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir...

DİGƏR XƏBƏRLƏR

Top