Jurnalistlər üçün tikilmiş növbəti binada ev alanların sevincinin həddi-hüdudu yoxdur. Artıq 2 gündür ki, evlə təmin olunan jurnalistlər bununla bağlı sosial şəbəkədə paylaşımlar edir, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Sənədlərini təqdim edən, lakin adı ev verilən jurnalistlərin siyahısında olmayanlar da var ki, onlar gileylidirlər. "Yeniavaz.com" xəbər verir ki, elə onlar da öz gileylərini sosial şəbəkədəki səhifələrində paylaşırlar. Onlardan bəzilərini qısa ixtisarla təqdim edirik.
Ceyhun Səfər (ATV-nin xəbər aparıcısı): "Bu gün qızımın mənə birinci sualı belə oldu: papa bizə ev verdilər? Bilmədim nə cavab verim, gözlərim doldu. Çünki hər ay jurnalistlər üçün inşa olunan binaya gedib kənardan baxırdıq. Qızım və oğlum öz otaqlarının necə olacağını təsəvvür edirdilər. Məncə, mən bu cür münasibətə layiq deyildim. Çünki uzun illərdir ki, xəbər aparıcısı kimi çalışıram. Kirayə və qohum qardaş evində qalmaqdan bezmişəm. İndi də yaxınlarımın himayəsinə sığınaraq qalıram. Layiq olmadığımı həm də ona görə deyirəm ki, uzun müddətdir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında akreditə olunan jurnalistəm, elmi dərəcəm var (elmlər namizədiyəm), dövlət başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm. İşlədiyim müddətdə dövlətçiliyimizlə bağlı çox sayda sənədli filmlər hazırlamışam. Ən əsası da ölkəmizin siyasi, iqtisadi, sosial həyatı ilə bağlı ədalətli bir xəbər aparıcısı və redaktor olmuşam. Məncə, "Azərbaycanda Jurnalistikanın inkişafında xidmətlərinə görə" fikrinə mənim sadaladıqlarım cavab verir. Ən azı xidmətim olub ki, "Tərəqqi" medalına layiq görülmüşəm. Məncə, sənədlərimdə hansısa məqam sual doğururdusa, bunu namizəd olaraq müvafiq komissiya fərdi qaydada məndən də soruşa bilərdi. Amma mən belə bir qüsur görmürəm. Aydınlaşdırardı. Məncə, düz olmadı. Bu dediklərimi heç kim sıradan olan bir narazılıq kimi qəbul etməsin. Çünki mən heç vaxt haqsız yerə narazılıq etmərəm. Mən özümdən 2 balamın arzularına nail ola bilmədiyim üçün özümü günahkar sayıram. Əgər məndən asılı olsaydı.... Mən halal adamam. Halallıq verməyi də xoşlayıram. Həmkarlarıma sağlıqla yaşasınlar deyirəm".
Aytən Telmanqızı ("Space" TV-nin əməkdaşı): "Mən də təşəkkür edirəm. Mənə ev vermədiklərinə görə. Son anda adımı siyahıdan çıxardıqlarına görə. 20 il televiziyada çalışmağıma baxmayaraq, haqqıma girdiklərinə görə. Kiminləsə qohum olduğumu bəhane edib neçə illik əziyyetimin üstündən xətt çəkdiklərinə görə. Mənzil şəraitimi yaxşılaşdırmaq istədiyimə görə. Xüsusi təşəkkürlərim də var. Vaqif Mustafayevə təşəkkür edirəm. Ondan da əvvəl işlədiyim "Space"də mənim adımı siyahıya belə yazmayıb, məni fərdi müraciət etməyə vadar etdiyinə görə. Mənə ilk gündən hədəqorxu gələrək onun "adamları" ev almasa mənim əlimdən evi alacağını dediyinə görə. Nə yaxşı ki, dediyinin üstündə də durdu. Kişinin sözü bir olar! İndi minnətsiz filan yaşamaq olar. Və aylarla verilməyən maaşla ev də almaq olar. Təki canımız sağ olsun".
Azadə Balayeva ("Space" TV-nin Xəbərlər xidmətinin redaktoru): "Bir neçə il əvvəl jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına dair verdiyiniz sərəncam mənzilə ehtiyacı olan qələm adamı kimi məni də çox sevindirdi və mənim də özümə məxsus mənzilimin olacağına dair ümidlərimi artırdı. Çünki buna haqqım çatırdı. Özüm Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Jurnalistikada 19 il stajım var. Onun da 6 ilini qəzerlərdə, 13 ilini televiziyada işləmişəm və artıq 4 ildir "Space" televiziyasında çalışıram. İstər süjetlərimlə, istərsə də filmlərimlə öz fəaliyyət sahəmdə gərəkli xidməti göstərmişəm. Azərbaycanın tarixi üçün önəmli sayıla biləcək 10-dan artıq sənədli filmim var. Uzun illər parlament müxbiri işləmişəm, 2007-2008-ci illərdə Sizin xarici səfərlərinzdə görüşlərinizi, fəaliyyətinizi ən operativ şəkildə işıqlandırmışam. 2008-ci ildə NATO-nun Buxrest sammiti çərçivəsində Sizin həmsədrlərlə görüşünüz, bir neçə saat sürən danışıqlarınız barədə Bakıya ilk məlumatı da mən çatdırmışdım. Cənab prezident! Artıq 44 yaşımdayam. Bir oğlum var. Oğlum hələ 5 yaşında olanda həyat yoldaşımdan ayrılmışam. Tələbəlik illərimi də nəzərə alsam 17 il kirayələrdə yaşamışam, 8 il əvvəl isə ipoteka krediti ilə cibimə uyğun, hər ay pulunu ödəyə biləcəyim prinsipiylə ucuz, kürsüsüz, bir daşdan tikilmiş 22 kvadratmetrlik bir ev tapıb aldım və ayrı-ayrı şəxslərin evlərində kirayənişinlikdən bankın kirayənişinliyinə keçdim, o ümidlə ki, ölməyib qalsam, 57 yaşımda özümə aid evim olacaq. Evi aldığımız zaman məhz naşılığımdan əslində bu ərazinin nəmişlik bir yer olduğunu, evin rütubət olduğunu anlamamışam. Gerçək vəziyyəti evə köçdükdən sonra anladıq və artıq gec idi. Bu gün də çox ağır şəraitdə, nəm, rütubətli evdə yaşayıram. Başımıza toz-torpaq tökülməməsi üçün divara "klyonka" çəkmişəm. Divarları rütubətdən kif bağlayır. Dolabda paltarlarım kif atır. Qışda soyuqdan, yayda istidən bu evdə oturmaq qeyri-mümkündür. Kvadratı balaca olduğundan evdə qaz peçi də quraşdırmağa icazə yoxdur. Qışı çox çətinliklə başa vururuq. 10 il əvvəl bir qrup parlament müxbiri bir araya gəlib ev üçün torpaq ərazisinin ayrılması xahişi ilə Bakı Şəhər İçra Hakimiyyətinə müraciət etmişdi. O jurnalistlərin sırasında mən də var idim. Sonradan Siz jurnalistlərə mənzillərin inşası üçün yer ayrılması və çoxmərtəbəli binanın tikilməsinə dair sərəncam verdiniz. Və bu sərəncam məni də hədsiz sevindirmişdi. Ehtiyacıma görə, stajıma və xidmətlərimə güvənərək inanırdım ki, mənim də orada bir evim olar. Mənzil almağa namizədlər üçün bütün kriteriyalara sahib idim və 2013-cü idə bir sıra həmkarlarım kimi mən də mənzil üçün müraciət etdim. Amma o vaxt kənarda qaldım. Ona görə də növbəti mənzil üçün daha dörd il gözləməyə qərar verdim və həmin vaxt söz verdilər ki, 2013-də müraciət edənlər heç bir qeyd-şərtsiz mənzillə təmin olunacaq. Amma təəssüf ki, mənim son 4 ildə qurduğum xəyallar puça çıxdı və ən acınacaqlısı da odur ki, haqqım çatdığı halda kənarda saxlanıldım, məni ölkədəki 255 jurnalistdən biri olmağa layiq görmədilər (bilmirən layiq gördüklərindən neçəsi heç olmasa bir il də olsa kirayədə yaşayıb). Bu məni çox sarsıtdı. Siz hər kəsin, mənim də Prezidentimsiniz. Məmurlar vətəndaşın haqqını pozanda "Yanınızda mən varam" deyirsiniz hər zaman. Sizə inanıram və Sizə güvənirəm! Son söz Sizindir cənab Prezident".
Aytən Əhmədova (ATV-nin müxbiri): "Əsas ev yox o evin içərisindəki xoşbəxtlikdir. Mənim evimdə xoşbəxtliyimdə sənsən İlkin Əhmədov. Şükülər olsun ki, həyatda heç kimin qarşısında əyilməmişik nəyəsə görə. 5 ildir evliyik 7 nəfərlə 3 otaqlı evdə yaşayırıq. Amma şükürlər olsun ki, xoşbəxtik. Evimizdən bəzilərindəki kimi dava-dalaş yox, həmişə gülüş səsləri gəlir. Evdə olduğu kimi, çöldədə hamının üzünə dik baxa bilirik. Layiq olanlar sırasında sənində adın olmalı idi. Amma nə edək. Qismət. Layiqli, şərəfli ev alanlara isə bir arzum var. O evlərdə daim işığınız yansın. Daim gülüş səsləri eşidilsin".
Kərəm Ələsgərov (ATV-nin müxbiri): "Məni zəng edib təbrik etmək istəyən dostlarım, təbrik etməyin. Siyahıda mənim adım yoxdur. Sadəcə onu deyə bilərəm ki, əvvəlcədən də siyahıdan adımın çıxacağını gözləmirdim. Çünki ömür boyu istədiyim heç nəyə nə qədər əziyyət çəkməyimdən asılı olmayaraq, ilk dəfə nail ola bilməmişəm. Ona görə də bu evi də gözləmirdim. Həyat davam edir. Əsas odur ki, mənə güc verən sevdiklərim yanımda olsun. Bundan sonra hər şeyə nail ola biləcəyəm. Ev alan dostlarımı da təbrik edirəm. Həmin mənzillərdən ancaq şad xəbərlərinizi eşidək. Növbəti bina hazır olana kimi inşallah, öz evim olacaq".
Aytən Səfərova (tanınmış teleaparıcı): "Bir neçə il ümidlə yaşadım. Məktəbli qızım hətta otağının oboylarını təsvir edib günləri sayırdı. "Ana, prezidentimiz bizi sevindirəcək, az qalıb" deyib, sevincini gizlətmirdi. 11 yaşlı qızım prezidenti hamıdan güclü sayır. O qədər demişdim ki, prezidentimiz bizə ev verəcək. Bu da komissiyanın "ədalətli" və "hərtərfli" araşdırması. 255 nəfərdən nə qədər həmkar tanıyıram ki, doğrudan da layiqdir. Halal xoşları… Lakin elə jurnalistlər var ki, mənzil problemləri yoxdur. Valideynlərimin evi uzun müddət adımda olub. Burada atam, anam və qardaşım böyük ailəsi ilə qalır. Bu ilin martında haqlı olaraq anama bağışladım, çünki anamın və atamın evi idi. Qardaşıma qalmalıdır. İki balamla gözlədik. Bu da son... Mən - Aytən Səfərova 25 yaşlı, jurnalistikaya "dünən" gələnlər qədər olmadımmı, ay "ədalətli" komissiyanın üzvləri? Budurmu xalqın rəğbətini qazanan jurnalistə verdiyiniz dəyər?".