Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

Almaniya Xarici İşlər Nazirliyi (XİN) alman hüquq müdafiəçisi Peter Ştoydtnerin saxlanması ilə əlaqədar Türkiyə səfirini nazirliyə çağırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şefer deyib. Onun sözlərinə görə, bu gün XİN başçısı Ziqmar Qabrielin göstərişi əsasında türk səfir söhbətə çağırılıb: “Ona aydın şəkildə deyilib ki, Peter Ştoydnerin və digər hüquq müdafiəçilərinin saxlanılması qəbuledilməzdir. Almaniya hökuməti Ştoydnerin azad olunmasını və konsulluğun kömək göstərməsinin təmin edilməsini tələb edir. Səfir əmin edib ki, tələblərin hamısını Ankaraya çatdıracaq”.

XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, hüquq müdafiəçisi iki həftədən artıqdır istintaq təcridxanasında saxlanılır: “Qabriel Ştoydtnerin saxlanılması ilə əlaqədar tətilini dayandıraraq Berlinə qayıdıb ki, vəziyyəti və mümkün addımları müzakirə etsin. Hüquq müdafiəçisinin terrorçuluqda ittiham edilməsi cəfəngiyyatdır. Türkiyəni itirməmək üçün yol tapmaq lazımdır. Avropa İttifaqında bütün səviyyələrdə Ankara ilə necə davranmaq barədə müzakirə aparılır. Əgər Türkiyə Şərqə doğru getmək barədə qəti qərar qəbul edibsə, burada görüləcək bir iş qalmayıb. Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Almaniyanın 9 vətəndaşı saxlanılıb, onlardan 4-ünün ikili vətəndaşlığı var”.

Xatırladaq ki, daha əvvəl Türkiyədə məhkəmə 6 hüquq müdafiəçisini, o cümlədən “Amnesty International” təşkilatının Türkiyə nümayəndəliyinin rəhbərini həbsə atıb. Onlar terror fəaliyyətində şübhəli bilinirlər. Almaniyanın “Die Welt” qəzetinin jurnalisti Dəniz Yücel oxşar şübhə ilə hazırda Türkiyədə istintaq təcridxanasında saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top