Rəsmi məlumatlar ilin sonuna kimi ətin qiymətinin 15-16 manata çatacağını göstərir

Son 2 ildir Azərbaycanda çoxillik otların, əsasən də yoncanın əkildiyi sahələr sürətlə azalır. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, bu ilin yanvar-may ayları ərzində ölkə üzrə 49 min 497 hektar sahədə çoxillik bitkilər əkilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 31,3% və ya 22,5 min hektar azdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə isə çoxillik bitkilərin əkin sahəsi 40,4% və ya 33,5 min hektar az olub.

Məlumat üçün qeyd edək ki, çoxillik bitkilərin əkin sahələrinin azalması heyvandarlıq sahəsində istehlakçı qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Çünki heyvanların əsas yem mənbəyi olan yoncanın azalması bu məhsulun qiymətini yüksəldir. Elə bu səbəbdən də ilin ilk yarısına olan məlumata görə heyvandarlıq sahəsində istehlakçı qiymətləri 12,5% bahalanıb. İstehsalçı qiymətlərinin bu şəkildə artması isə bu sahədə istehsal olunan məhsulların da bahalanmasına səbəb olur. Məsələn, ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin ilk 5 ayında ət məhsularının qiyməti 26% bahalanıb. Çoxillik bitkilərin əkin sahələrinin azalması ət və ət məhsullarının qiymətinin bir qədər də bahalaşacağını göstərir.

2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 2016-cı ilin yanvar-may aylarında çoxillik bitkilərin əkin sahələri 13,2% azaldığı (82,9 min hektardan 72 min hektara) zamanı ət məhsullarının qiyməti 26% bahalanıb. Bu isə onu deməyə əsas verir ki, 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə isə 2017-ci ilin yanvar-may aylarında çoxillik bitkilərin əkin sahələri 31,3% azalması ət və ət məhsullarının ən azı 50%-dək bahalanmasına gətirib çıxara bilər. Bu isə o deməkdir ki, hazırda 10-11 manata satılan ətin qiyməti ilin sonuna kimi ən azı 15-16 manat ola bilər.

Onu da bildirək ki, çoxillik bitkilərin əkin sahələrinin azalmasına paralel olaraq son 2 ildə pambıq əkilən sahələr sürətlə genişlənib. Əgər 2015-ci ilin yanvar-may aylarında ölkə ərazisində 18,3 min hektar sahədə pambıq əkilibsə, bir il sonra 2016-cı ilin eyni döbründə bu göstərici 2,8 dəfə artaraq 50,9 min hektara yüksəlib. Bu ilin analoji dövründə isə pambıq əkilən sahələr ötən illə müqayisədə 2,6 dəfə artaraq 134,6 min hektara çatıb. Göründüyü kimi son 2 ildə çoxillik bitkilərin əkin sahələri 82,9 min hektardan 49,5 min hektara kimi azaldığı halda, pambıq əkilən sahələr 18,3 min hektardan 134,6 min hektara qədər artıb.

DİGƏR XƏBƏRLƏR

Top