Sovet dövründə - planlı təsərrüfat sistemində, pambıqçılığa xüsusi diqqət yetirilirdi və bu sahədən yüksək gəlir götürülürdü. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra pambıq əkininə maraq azaldı. Hazırda pambıqçılığa ilk maraq göstərənlərdən biri də, Ağdaş rayon Kotavan kənd sakini Əliyev Vüsal Məzahir oğludur. Keçən il əkdiyi pambıqdan bol məhsul götürən Vüsal Əliyev hazırkı vəziyyətlə bağlı "Yeniavaz.com" saytının suallarını cavablandırıb: "Ağdaş rayonu tarixən Azərbaycanın pambıq yetişdirilənən əsas bölgələrindən olub. Ərazidən axan Kür çayı və Şirvan kanal şəbəkəsinin bol suyu, geniş meliorasiya işələri, əkinçilərin zəngin təcrübəsi və əməksevərliyi ötən əsrin son onilliklərində burada bol pambıq istehsal etməyə imkan verirdi. Yeddi il əvvəl Milli Məclisdə "Pambıqçılıq haqqında" Qanun qəbul olunanda fikirləşdim ki, bu strateji məhsulun inkişafı yenidən dövlətin diqqət mərkəzinə çevriləcək və "ağ qızıl"ın əvvəlki şöhrəti qaytarılacaq. Aran zonasında yaşayanlar pambığın necə qiymətli bitki olduğunu çox yaxşı bilirlər. Pambığa "ağ qızıl" deyənlər həqiqətən, yanılmayıblar. Mənim 35 yaşım var. Ağsaqqallardan, ata-anamdan eşitmişdim ki, ötən əsrin 90-cı illərinə kimi yaşadığım Kotavan kəndində 100 hektarlarla sahədə pambıq əkilirmiş. Kənd adamlarının əsas qazancı da bu sahədən əldə edilirmiş. Elə buna görə də Ağdaş Rayon İcra Hakimiyyətinin kəndlərimizdə pambıqçılığı bərpa etmək çağırışını eşidəndə, bu sahədə fermələrə böyük dəstə olacağını biləndə mən də həvəsləndim. Keçən il təsərüfatımın üzvləri ilə məsləhətləşdim, 30 hektar sahədə pambıq əkməyi nəzərdə tutdum. Səpini aqrotexniki qaydada apardıq. Yaxşı çıxış alıb bitkilərə aqrotexniki tələblər səviyəsində qulluq etdik. Məhsulun yığımını da yaxşı təmin etmişik. Keçən il 50 ton pambıq yığımışdıq. Havaların yağmurlu keçməsini nəzərə alsaq, bu yaxşı göstərici idi. Bu il pambıq əkinlərimizi genişləndirmişik. 78 hektar sahədə pambıq əkmişik. Normal çıxış almışıq. Əkinlərin seyrədilməsini, alaqdan təmizlənməsi işlərini yüksək aqrotexniki qaydalar əsasında həyata keçirdik.
Fermer təsərrüfatımızın üzvlərindən Şıxaliyeva Afət, İbrahimova Zinyət, Bəxtiyarova Kəbirə, Rüstəmova Gültəkin, Abdullayeva Siyatel və başqaları bu il də pambığın becərilməsində fəal iştirak edirlər. Onlar yaxşı başa düşürlər ki, bol məhsulun əsası indidən qoyulur. Bol məhsul isə yüksək gəlir deməkdir. Pambığın satınalma qiymətinin artırılması bizi daha da ruhlandırır. Hələlik havaların isti keçməsi pambıqçılıq üçün əlverişlidir. Biz bol məhsul yetişdirmək üçün əkin suyundan və kübrələrdən qənaətli, səmərəli istifadə etməyə çalışırıq. Başa düşürük ki, bazar iqtisadi şəraitində nə qədər qənaətçil olsaq, işimizin səmərəsi bir o qədər də yüksək olar. Rayonumuzun kənd təsərrüfat idarəsinin mütəxəssisləri tez-tez əkin sahələrimizlə tanış olur və öz məsləhətlərini əsirgəmirlər.
Vüsal Əliyev deyir ki, bu il 78 hektar sahədən 280 ton pambıq yığmağı nəzərdə tuturlar: "Bildiyiniz kimi, pambığın həm becərilməsi, həm də yığılması hava şəraitindən bilavasitə asılıdır. Keçən il havaların yağmurlu keçməsi işimizə mane oldu. Havalar əlverişli keçərsə, 280 tondan da çox məhsul götürəcəyimizə inanıram. Biz yaradılmış fürsətdən istifadə edib həm əkin sahəmizi genişləndirə, həm də işçilərin sayını artıra bilərik. Ümid edirəm ki, möhtərəm Prezidentimizin pambıqçılığın inkişafına xüsusi önəm verdiyi bir vaxtda torpağa bağlı adamlar əl-ələ verəcək, pambığın əvvəlki şöhrətini bərpa edəcəklər".
Pərviz Əliyev, Ağdaş