Niyə bizimkilərə Rusiyada iş tapmaq Azərbaycandan daha rahatdır? - Ekspert rəyi

Hər il yay mövsümündə minlərlə soydaşımız iş dalınca Rusiyaya üz tutur. Onlar şimal qonşumuzda 3-4 ay ərzində müxtəlif işlərdə çalışıb payız-qış mövsümündə yenidən vətənə qayıdırlar. Qəribədir ki, hətta ən ucqar kəndlərimizdən bu ölkəyə yollananlar da, qısa müddət ərzində Rusiyada iş tapa, pul qazana bilirlər. Halbuki onlar eyni işi vətəndə görə bilərlər, ancaq həmin pulu qazana bilmirlər.

İqtisadçı Akif Nəsirli "Yeniavaz.com" saytına açıqlamasında bunu belə əsaslandırdı: "Məlumdur ki, Rusiya iqtisadiyyatı Azərbaycan iqtisadiyyatına nisbətən çox inkişaf eləyib, burada bazar iqtisadiyyatına uyğun iqtisadiyyat qurulub. Mən belə deyərdim ki, Azərbaycan iqtisadiyyatı neft hasilatı, ixracatı və digər məhsulların ölkəyə idxalından ibarətdir, az miqdarda yerli istehsalı çıxmaq, istisna etmək şərti ilə. Rusiyada iqtisadi qaynaqlar, iqtisadi fəaliyyət daha çoxdur. Ayrı-ayrı lokal zonalarda insanların iş qurması, işlə məşğul olması, hansısa bir fəaliyyət növü ilə məşğul olub ondan qazanc götürməsi mümkündür. Ona görə orada iş daha çoxdur. Bir tərəfdən də əhalinin rifah halı yüksək olduğundan azərbaycanlının buradan gedib orada işlədiyi işlə Rusiya vətəndaşı məşğul olmaq istəmir. Rusiya vətəndaşı daha rahat, daha gəlirli işlə məşğul olur. Hansı rus səhər saat 4-də durub bazarda satmaq üçün mal alıb gətirər? Bunu eləmirlər, çünki onlarda rifah səviyyəsi daha yaxşıdır, yüksəkdir. Onlar bu işlərə "qara iş" kimi baxırlar. Ona görə bu işlərə girişmirlər. Bir çox soydaşlarımız isə burada ümumiyyətlə, iş tapa bilmirlər. Rusiyada olan belə işlər Azərbaycanda prestijli iş sayılır. Bu gün Azərbaycanda bazarda yer tuta bilən adam bir çoxlarından yaxşı pul qazanır, yaxşı da yaşayır. Oturub bazarda alver eləyən adam rəsmi maaş baxımından götürsək, müəllimdən, həkimdən, lap elə jurnalistdən çox qazanır. Lakin regionlarda, kənd yerlərində yaşayanların hamısı bu işlə məşğul ola bilmirlər, bu imkan yoxdur. Rusiyada müəllim də bizim müəllimlərdən 5-10 dəfə çox qazanır. Yəni dediyim istiqamətdə Rusiyada bizimkinə baxanda xeyli fərqlər var. Rusiya iqtisadiyyatı Avropa səviyyəsində olmasa da, daxili qaynaqlar yaratmaq baxımından inkişaf eləyib. Ölkə daxilində qaynaq var, iqtisadi qaynaqlar var. İqtisadiyyat inkişaf elədiyi üçün əhalinin rifah halı bizimkinə nisbətən yüksəkdir. Bizim vətəndaşların Rusiyaya getməsi asan başa gəlir, əlçatandır. Əslində Rusiyada qazanılan pulu bizim vətəndaşlarımız Türkiyədə də qazana bilərlər. Məsələ burasındadır ki, bizim ənənələrimiz olub - lap Sovet hökumətinin dövründən azərbaycanlılar Moskvaya və Rusiyanın digər şəhərlərinə mövsümi qazanc dalınca gediblər. Buna uyğun orada bizim vətəndaşların qohum-əqrabası, yaxını, dayaq olan başqa insanı var. Buna görə bizim vətəndaşlarımız Türkiyəni yox, Rusiyanı daha sərfəli sayırlar. Müqayisə eləsək, Azərbaycana nisbətən Gürcüstanda iş qurmaq, pul qazanmaq asandır. Yenə qeyd edirəm ki, adət-ənənə, uyğunlaşmaq baxımından bizim vətəndaşlarımız daha çox Rusiyaya üz tuturlar".

"Məmur ya məmur olmalıdır, ya da bizneslə məşğul olmalıdır"

Akif Nəsirli vəziyyətin dəyişməsi üçün bir sıra mühüm addımların atılmasını vacib sayır: "Hökumət sahibkarlıq fəaliyyətinin qarşısını kəsən, ona mane olan bütün məsələləri həll etməlidir. Maneələr aradan qalxmalıdır, sahibkara münasibət dəyişməlidir. Əsas məsələ sahibkara münasibətdir. Sahibkarlar ölkədə iqtisadiyyatın sütunlarıdırlar. Sütunların sayı nə qədər çox olsa, iqtisadi tavan da möhkəm olar, inkişaf çox gedər. Bu gün Bakı şəhərindən tutmuş rayon icra hakimiyyətlərinə qədər - kim hər hansı bir işlə məşğul olmağa başlayırsa, ilk sualları ona bu olur ki, mənə nə qədər verəcəksən? Amma bu sual 100 faiz tərsinə dəyişməlidir. Yerli icra hakimiyyətləri iş qurmaq istəyən vətəndaşa o sualla müraciət etməlidir ki, mən sizə nə köməklik eləyə bilərəm? Belə olmalıdır, iş adamlarına münasibətdə bu baxış dəyişməlidir. Rayon icra hakimiyyətlərinin başçılarından soruşulmalıdır ki, bu il sənin rəhbərlik etdiyin rayonda hansı iqtisadi artım olub, hansı istehsal sahələri yaradılıb, neçə iş adamı iş qurub? Ümumi digər məsələlər də var - rüşvətxorluq, korrupsiya tam aradan qalxmalıdır, rəqabət mühiti formalaşmalıdır, məmurların biznesə gedən yolu kəsilməlidir. Məmur ya məmur olmalıdır, ya da bizneslə məşğul olmalıdır. Sahibkarın öz hüququnu müdafiə eləməsi üçün müstəqil məhkəmələr formalaşmalıdır. Bu gün yerli icra hakimiyyətinin, istənilən məmurun sahibkarla mübahisəsi düşürsə, ona qalib gəlir. Bunlar ümumi problemlərdir ki, aradan qalxsa, münasibət dəyişsə, vəziyyət də tamamilə dəyişər. Əslində Azərbaycan xalqı işlək xalqdır, zəhmətkeş xalqdır, öz əli ilə öz başını dolandıran xalqdır..."

Nicat

DİGƏR XƏBƏRLƏR

Top