Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün cari ilin iyul ayının 3-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından yapışqanlıq keyfiyyəti 23% -dən çox olan 3-cü sinif buğdanın 1 tonunu 300 manatdan qəbul edəcək. "Yeniavaz.com" xəbər verir ki, bu ötən illə müqayisədə 20 manat və ya 7,1% çoxdur. Qeyd edək ki, Dövlət Taxıl Fondu ölkə daxilində buğdanın ən böyük alıcısı hesab olunur. Elə bu səbəbdən də daxili bazarda buğdanın topdansatış qiymətini Taxıl Fondu müəyyən edir. Bu isə o deməkdir ki, yaxın aylarda buğdanın qiymətində artımlar müşahidə oluna bilər.
Məlumat üçün bildirək ki, ölkəmizə buğdanın idxal edildiyi iki əsas ölkədə - Rusiya və Qazaxıstanda buğdanın qiyməti Fondun elan etdiyi qiymətdən aşağıdır. Hazırda Rusiyada yapışqanlıq keyfiyyəti 23% -dən çox olan 3-cü sinif buğdanın 1 tonu təxminən 9 min 500 rubl (161 dollar -273 manat) təşkil edir. Qazaxıstanın ən böyük ticarət birjası olan "Avrasiya Ticarət Sistemi"ndə isə dünən buğdanın 1 tonunun qiyməti 52 min tengəyə (162 dollar - 275 manat) bərabər olub.
Rusiya və Qazaxıstanda buğdanın qiymətinin yüksək olması bu məhsulun ixracına da təsir edib. Belə ki, ötən ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may aylarında buğdanın ixracı 39% azalıb. İxracın azalması və daxili bazarda qiymətlərin artması onu deməyə əsas verir ki, buğdadan hazırlanan məhsulların, o cümlədən də çörəyin qiymətində artımlar baş verə bilər.
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Taxıl Fondu üçün alınacaq buğda “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL-Babatürk” MMC, “Pak-Nur” firması, “Xırman” MMC, “Rəşad” firması,”Səma”FF firması,m, “Avropa” firması, “Sarı sünbül” firması, “Azəri-Arapoğlu” US, T.Ltd BM və “Svinks” MMC müəssisələri vasitəsilə qəbul olunacaq.