"Can Azərbaycan" ifadəsini ilk dəfə Türkiyə ədəbi mühitinə kim gətirib?

Bu günlərdə Türkiyədən gəlmiş bir neçə nəfərlə ədəbi mühitlə bağlı fikirlərimizi bölüşdük. Söhbətimizin ən maraqlı məqamı isə "Can Azərbaycan" ifadəsi ilə bağlı oldu... Mən dedim ki, bəs, zənnim məni aldatmırsa, bizim böyük şairimiz Əhməd Cavadın "Can, can, can Azərbaycan" şeiri var:

Toprağına can demişəm,

Suyuna mərcan demişəm,

Canımı qurban demişəm.

Canım-gözüm, gözüm-canım,

Azərbaycanım!

Can, can, can Azərbaycan!

Üstəlik, əlavə etdim ki, bəs bu şeirə tanınmış bəstəkarımız Emin Sabitoğlu mahnı da bəstələyib. Daha sonra onlara Əjdər Olun bu misralarını da xatırlatdım:

Mənim Azərbaycanım,

Adının da "can"ı var.

Könlümün nə qorxusu,

Nə də həyəcanı var.

Bilməyən bilə bilməz,

Bu Vətən ölə bilməz,

Niyə?

Nədən?

Nə üçün?

Çünki tükənməz gücün,

Hamı sənə "can" deyir,

"Can Azərbaycan" deyir.

Amma bu ifadənin Türkiyə ədəbi mühitinə ilk dəfə kim tərəfindən gətirilməsi əsil polemikaya çevrildi. Bu məsələyə aydınlıq gətirmək məqsədilə bir neçə ziyalıya, o cümlədən üzeyirbəyşünas Səadət xanım Qarabağlıya müraciət etdim. O dedi: "2002-ci ildə Türkiyədə, Azərbaycanda və bütün Türk dünyasında tanınan və sevilən şair, publisist, alim, fenomenal şəxsiyyət, nəhayət, Azərbaycan sevdalısı Yavuz Bülənd Bakilər Bakıda olarkən mənə dedi ki, böyük dramaturq, filosof-şair, nisgilli həyat yaşamış Hüseyn Cavidin yadigarı - qızı Turan Cavidlə görüşmək istəyirəm.

Gözəl bir yay günündə bir dəstə qızılgül alıb Yavuz Bülənd bəylə bərabər Turan xanımın görüşünə getdik. Əvvəlcədən gələcəyimizi söyləmişdim. Turan xanım muzeydə bizi çox səmimi qonaqpərvərliklə qarşıladı, süfrə açdı.

Turan Cavidlə Yavuz Bülənd Bakilərin görüşü olduqca təsirli keçdi. Təsəvvür edirsinizmi, millətinin vurğunu olan Yavuz Bülənd Bakilər və İstanbulda təhsil alan, əsərlərini türkcə yazan və türkçülüyün də qurbanına çevrilən Hüseyn Cavid əfəndinin yadigarı... Bu görüş sizcə necə ola bilərdi?... Yavuz Bülənd bəy böyük bacı kimi Turan xanımın hüzurunda təzim edərək, onun əlindən, T. Cavid isə kövrələrək onun alnından öpdü. Sonra çox maraqlı söhbət başladı.

Yavuz Bülənd Bakilər bildirdi ki, "Can Azərbaycan" ifadəsini ilk dəfə Türkiyə ədəbi mühitinə o, gətirmişdir və "Can Azərbaycan" adlı kitab üzərində işləyir. Buna görə də maraqlı insanlarla, tanınmış şəxsiyyətlərlə görüşmək onun üçün çox vacibdir. Bu baxımdan Cavid əfəndinin qızı Turan xanımla görüş olduqca önəmli və şərəflidir.

Mən bilirdim ki, Türkiyəni və türkləri çox sevən Turan Cavidin yaradıcı bir şəxsiyyət kimi Y. B. Bakilərə böyük hörməti və rəğbəti vardı. Biz qohum olduğumuz üçün dəfələrlə mənim vasitəmlə Yavuz bəyə salam göndərmişdi.

Hər ikisinin də ürəyincə olan bu görüşdə onlar müxtəlif sahələrdən söhbət açdılar. Ümumi problemlərimizdən danışdılar. Əsas mövzu, təbii ki, repressiya qurbanı olan Hüseyn Cavid idi. Onların görüşü xeyli çəkdi və olduqca mehriban, səmimi şəraitdə keçdi".

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top