Pinəçiliklə dolanan qadın: “Dəfələrlə sosial yardım almaq üçün müraciət etmişəm”

Mingəçevir şəhərində yaşayan Təranə Mehdiyeva artıq 8 ildir ki, pinəçilik etməklə ailəsini dolandırır. O, Mingəçevirdə fəaliyyət göstərən ayaqqabı sexlərinin birində çalışır. Bu xanımla bağlı mətbuatda əvvəllər də yazılar dərc olunub. Həyat yoldaşı dünyasını dəyişəndən sonra 5 uşaqla çətin vəziyyətdə yaşayan Təranə xanımla bu günlərdə yenə görüşdük.

Deyir ki, ömür-gün yoldaşı dünyasını dəyişəndən sonra ailənin bütün yükü onun üzərinə düşüb. O vaxtdan bəri Təranə evin həm xanımı, həm də kişisi olub. O, gününün əsas hissəsini bu sexdə keçirir. Zərif əlləri ağır işdə kobudlaşıb. Lakin o, gördüyü işdən yorulmur. Özü də etiraf edir ki, çalışdığı sənət qadın işi deyil. Amma nə etməli, işləməyə məcburdur. Axı o, bu işdə qazandığı halal qazancla ailəsinə çörək aparır. 48 yaşlı Təranə xanım deyir ki, əlini artıq ağır işə alışdırıb. Bu sənətin bütün sirlərini öyrənib. Elə bunun nəticəsidir ki, bu vaxta qədər hazırladığı ayaqqabılardan heç kim şikayət etməyib. Əksinə razı qalanların sayı daha çoxdu.



Təranə Mehdiyevanın kiçik oğlu anasının sənətini davam etdirir. Pinəçi xanım özü də istəyirdi ki, övladı onun yolunu davam etdirsin. Amma artıq bu sənətin də heç bir özəlliyi qalmadığını deyir. Vaxtı ilə ustasından öyrəndiyini indi o, övladına öyrədir. Onu da qeyd edək ki, çalışdığı sexdə iş yoldaşları ona xüsusi hörmət bəsləyirlər. Deyirlər ki, Təranə xanım qayğıkeş ana olmaqla yanaşı, həm də öz işinin peşəkarıdır.

Təranə xanımın sosial problemləri də var. O, bildirir ki, 5 övladı və iki nəvəsi ilə bir otaqlı mənzildə yaşayırlar. Uşaqların hamsı həddi buluğa çatıb. Amma onlar üçün heç bir şərait yarada bilmir: “Deyirlər sənətkar günortaya kimi ac qalar. Amma ayda bir dəfə aldığım 250-300 manat məvaciblə gündəlik çörək pulunu bir təhər ödəyirəm. 4 övladım işsizdir hamsı mənim əlimə baxır. Dəfələrlə sosial yardım almaq üçün müraciət etsək də bu imkandan istifadə edə bilməmişik. Heç olmasa övladlarıma bir gün, bir şərait yaratsaydım heç bu dünyada dərdim olmazdı”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top