Vüqar Bayramov: "İndi insanlarımız daha qənaətcildilər"

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli konfranslardan birində çıxışı zamanı Azərbaycanda insanların qənaət etmək istəmədiklərini deyib. Deputat bildirib ki, Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı problem var: "Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən. Bizdə isə bu məsələ hələ də sovet psixologiyası ilə idarə olunur. Bizim insanlar qənaət etmək istəmirlər, qənaətçiliyi ayıb sayırlar. Bütün bunlar bizi düşündürməlidir və gənclərimizə də bu keyfiyyətləri aşılamalıyıq". İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı "Yeniavaz.com" saytının sualarını cavablandırıb.

"Etiraf etmək lazımdır ki, Azərbaycan əhalisi əvvəlki dövrlərlə müqayisədə daha qənaətcildir"

İqtisadçı bildirib ki, əksinə, indi insanlarımız bir neçə il əvvəllə müqayisədə daha qənaətcildirlər: "Azərbaycanlıların qənaət edib-etmədiyini qiymətləndirmək üçün tendensiyaya baxmaq lazımdır, çünki biz indi - 2017-ci ilin iyun ayında 2013-cü ilin və ya 2014-cü ilin iyun ayı ilə, yəni bir neçə il əvvəllə müqayisədə daha qənaətcilik. Xüsusən, neftin qiyməti aşağı düşdükdən sonra əhalinin gəlir səviyyəsinə təsir göstərdi və nəticə etibarilə əhali əvvəlki illərlə müqayisədə daha qənaətcil oldu. Bu da müşahidə edilməkdədir. Yəni etiraf etmək lazımdır ki, Azərbaycan əhalisi əvvəlki dövrlərlə müqayisədə daha qənaətcildir".

Vüqar Bayramov bildirir ki, Qafqaz xalqları qənaətcil hesab olunmur: "Qənaət baxımından sözsüz ki, Avropa ölkələri ilə müqayisə etsək, biz xalq olaraq tam qənaətcil hesab edilmirik. Bilirsiniz, bunun isə milli adət-ənənələrlə əlaqəsi var. Qafqaz xalqları qənaətcil xalqlar deyillər. Qafqazda ənənəvi və tarixi olaraq qənaət rejimi çox az tətbiq olunur, bəlkə qonaqpərvərliyimiz də bununla bağlıdır. Kasıb ailələr belə qonaq gələndə onu kifayət qədər yaxşı qarşılamağa, bir neçə çeşid yeməklər bişirməyə çalışırlar".

"Biz qərb ölkələri kimi qənaətcil deyilik, amma onlardan fərqli olaraq qonaqpərvərik"

İqtisadçının sözlərinə görə, Qərbdə isə belə deyil: "Qərblilər və ya inkişaf etmiş ölkələr üçün bu tip qonaq qarşılama ənənəsi yoxdur. Ona görə də sadəcə qənaəti götürüb təhlil etmək də doğru deyil. Biz qərb ölkələri kimi qənaətcil deyilik, amma onlardan fərqli olaraq biz qonaqpərvərik. Bu əksər qafqaz xalqlarının tarixindən və məişətindən gələn bir yanaşmadır. Hesab edirəm ki, qənaət məsələsindən daha çox ailə büdcəsinin planlaşdırılması məsələsinə diqqət ayırmaq məqsədəuyğun olardı. Hər bir şəxs bilməlidir ki, ailə büdcəsinin planlaşdırılmasına ehtiyac var. Bu istiqamətdə xeyli dəyişikliklər olub son illər. Öz büdcəsini planlaşdıran ailələrin sayı kəskin şəkildə artıb. Bunu etiraf etmək lazımdır. Əvvəlki illərdə ailə büdcəsini planlaşdıran ailələrin sayı xeyli az idi. Amma yenə də Böyük Britaniya ilə müqayisə etsək, orada rəsmi statistikaya əsasən, əhalinin təxminən 87 faizi öz büdcəsini planlaşdırır. Azərbaycan üçün bu rəqəm hesablanmayıb, amma təbii ki, müşahidələr əsasında bunu hesablasaq, rəqəm çox kiçikdir".

"Ailələr öz büdcələrini planlaşdıra bilsələr, qənaət önəmli deyil"

Həmsöhbətimizin fikrincə, qənət, vəsaitlərin doğru və zamanında istiqamətlərə xərclənməsi də ailə büdcəsinin planlaşdırılmasından başlayır: "Böyük Britaniyada olduğu kimi, bizdədə ailələr öz büdcələrini planlaşdıra bilsələr, o zaman artıq ailənin qənaətcil olub-olmaması önəmli deyil. Təbii ki, iqtisadiyyatda qənaət çox önəmlidir, amma ailə büdcəsini planlaşdıran vətəndaş elektrik enerjisi üçün tutaq ki, 15 manat ayırırsa, deməli, 15 manat çərçivəsində elektrik enerjisindən istifadə etməyə çalışır. Ərzaq üçün büdcəsində 100 manat planlaşdırıbsa, deməli, 100 manatlıq ərzaq almağa çalışacaq. Ona görə də düşünürəm ki, ailə büdcəsinin planlaşdırılması vəsaitlərin ailə daxilində daha məqsədəuyğun xərclənməsinə gətirib çıxara bilər. Bir daha vurğulayıram - bizim xalq olaraq qənaətcil olmamağımızı mən neqativ bir hal kimi qiymətləndirmirəm. Düşünürəm ki, Azərbaycan xalqı qonaqpərvərdir və qonaqpərvər olan xalqın qənaətcil olması zaman tələb edir, qısa zamanda praktik olaraq isə bu mümkün deyil".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top