Musiqi dünyamızın "Kəsmə şikəstə"si və "Arşın mal alan"ın Tellisi

Bənzərsiz səsi ilə ifa etdiyi "Kəsmə şikəstə", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi" və s. mahnılarla musiqi tariximizdə qalmış Əməkdar artist Fatma Yusif qızı Mehrəliyevanın nadan olmasından 91 il ötür...

... Fatma Yusif qızı Mehrəliyeva Qubada dünyaya göz açdı. Bu cənnnət məkanın gözəllikləri onun səsinə alayı çalarlar qatdı. Elə 11 yaşında Bakıda festivalda ifa etdiyi "Qubanın ağ alması" xalq mahnısı ilə dahi Üzeyir bəyin diqqətini çəkdi. Bununla da onun səhnə həyatında yeni bir era açıldı. Belə ki, Üzeyir bəy ona əsl atalıq qayğısı göstərdi. Fatmanı məktəbdə oxutdu, ona musiqi təhsili almaq üçün şərait yaratdı.

1941-1945-ci illərin Böyük Vətən müharibəsi illərində o, mahnıları ilə səngərdəki əsgərləri qələbələrə ruhlandırdı. Yeri gəlmişkən, Üzeyir bəyin Səməd Vurğunun sözlərinə bəstələdiyi "Şəfqət bacısı" mahnısının ilk ifaçısı da elə F. Mehrəliyeva oldu. O, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" (1945) filminə dəvət aldı və ekran əsərində Telli rolunu ifa etdi. Bu film böyük ustalıqla Telli obrazını canlandıran xanəndə Fatma Mehrəliyevaya kifayət qədər şöhrət gətirdi.

Amma ondan söz düşəndə bir qayda olaraq, Azərbaycanın zərb muğamlarından biri - "Kəsmə şikəstə" yada düşür. Fatma xanımın səsində bu muğam bir ayrı ecaz qazanıb. "Azərbaycan muğam ifaçılığı tarixində "Kəsmə şikəstə"nin yalnız Fatma Mehrəliyeva tərəfindən yüksək məharətlə oxunması bir gerçəklikdir. Bir çox qadın ifaçılar istəsələr də, onun kimi bu musiqi nümunəsinə nəfəs verə bilməyiblər" (Ramiz Zöhrabov). Bəli, Fatma xanım "Kəsmə şikəstə"yə möhür vurmağı bacardı. Elə ona görə də sənətkarlar bəzən bu muğama "Fatma şikəstəsi" də deyirlər. Musiqişünasların sözləri ilə desək, əslində bu, unudulmaz ifa "Kəsmə şikəstə"nin Fatma zirvəsidir.

Ömrünün son illərini faciəli şəkildə yaşayan unudulmaz sənətkar - Fatma xanım Mehrəliyeva 2000-ci il yanvarın 4-də həyata əlvida dedi.

Qvami

DİGƏR XƏBƏRLƏR

Top