"ASAN"ın layihəsində "qəhrəman" necə "qəhraman" olub? - FOTO

Təxminən 2 il öncə "ASAN Məktub" adlı cəmiyyətimiz üçün çox önəmli, təqdirolunası bir layihəyə start verilib. Layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcədə cəmiyyətə qayğı hissini daha da artırmaqdır. "Uşaqlara ASAN sevgi" şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirir. Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazır və imkanı olan şəxslər onların arzuladıqlarını alıb verir və sevinclərinə səbəb olurlar. Bir neçə müddətdir dayanacaqlarda, avtobuslarda, reklam bilbordlarında bu layihə ilə bağlı reklamlar yerləşdirilib və insanlar dəstək olmağa dəvət edilir. Lakin bu reklamlardakı səhv diqqətimizi çəkdi - "Onların qəhramanı sən ol!". Bildiyiniz kimi, Azərbaycan dilində "qəhraman" sözü yoxdur, "qəhrəman" yazılmalıdır. Şəhərimizdə əksər yerlərdə yayılan bu reklamlardakı səhv bilərəkdən, diqqət çəkmək üçün edilib, yoxsa texnikidir?

"Yeniavaz.com" saytı olaraq bununla bağlı əvvəlcə "Asan məktub" layihəsinin saytına sorğu göndərdik. Sorğumuza cavabı qısa ixtisarla təqdim edirik: "Müraciətiniz və dəstəyiniz üçün minnətdarıq. Bildirdiyiniz hər fikir bizim üçün olduqca dəyərlidir. Məlumat üçün qeyd etmək istərdik ki, "ASAN Məktub" layihəsi yarandığı gündən xeyirxah vətəndaşlarla yanaşı, həm də bir çox özəl və dövlət qurumları, təşkilatlar da bu işdə öz dəstəyini əsirgəməmiş və layihəyə müxtəlif üsullarla dəstək göstərmişlər. Onlardan biri də tərəfdaşlarımızdan olan "United Aid For Azerbaijan" (UAFA) tərəfindən şəhərin müxtəlif yerlərinə layihə ilə əlaqədar afişaların yerləşdirilməsi olmuşdur. Afişalar ilə bağlı hər hansı sual və təklifiniz varsa, bununla əlaqədar UAFA-nın bu məsələlər üzrə məsul nümayəndəsi Saleh Nəsirova müraciət etməyiniz xahiş olunur. Hörmətlə, "ASAN Məktub" komandası".

"Necə eşitmişəmsə, elə də yazmışam"

Məsələ ilə bağlı Saleh Nəsirovla əlaqə saxladıq. Onun isə sualımıza cavabı belə oldu: "Bu mənim səhvimdir. "Asan məktub" layihəsinin saytında yazır ki, "onun qəhrəmanı sən ol". Əslində, reklamda bu getməli idi, ancaq sonra biz onu dəyişdik: "Mənim qəhrəmanım sən ol" və yaxud "Onların qəhrəmanı sən ol". Onu isə kompüterdə mən hazırlamalı oldum. Mən yazmışam o sözləri. Necə eşitmişəmsə, bu sözü elə də yazmışam. Amma hazırlayandan sonra onu göndərmişəm ki, baxsınlar, görsünlər. Əfsuslar olsun ki, həmin hərif səhvini heç kim görməyib. Nə qədər adam baxıb çapa getməmişdən həmin reklama, amma heç kim fərqinə varmayıb. Çapa gedəndən 3-4 gün sonra kimsə görüb və deyib ki, bannerlərdə, bilbordlarda hərif səhvi var. Biz sonra fərqinə varmışıq ki, doğrudan da səhv gedib. Dramatik səhvdir, təbii ki, səhvdir. Mütəmadi olaraq dəyişirik reklamları, yeniləri ilə əvəz edirik. Bilbordlarda, avtobus dayanacaqlarında, köşklərdədə var o hərif səhvi. Bu layihədə məqsəd bəllidir, istək bəllidir, sadəcə, texniki səhvdir. Əfsuslar olsun ki, ilkin mərhələdə, yəni çapa getməmişdən öncə kimlər baxıblarsa, həmin səhvi görməyiblər. Bu yaxşı hal deyil əslində, bir səhvə neçə adam baxır, amma görmür. Belə olmamalıdır əslində. Mən sizə çox maraqlı bir tendensiyanı da bildirmək istərdim - əgər həmin reklamı 100 adam görürsə, onlardan cəmi 5-6-ı səhvin fərqinə varır. Bu da biabırçı bir haldır. Yaxşı, mən rus bölməsini bitimişəm, qrammatikadan zəif olmuşam - baxmayaraq ki, 3 dildə - Azərbaycan, rus, ingilis dillərində nitqim mükəmməldir, amma qrammatikam "axsayır" və bu da özünü büruzə verdi. Bilsəydim ki, "ə" ilə yazılmalıdır, təbii ki, "qəhrəmanı" yazardım. Amma məndən başqaları da baxıblar axı buna. Növbəti çaplarda həmin səhv düzəldilir və "qəhrəman" yazılır".

Saleh Nəsir bu səhvin müsbət tərəfinin də olduğunu qeyd etdi: "Neqativ xəbər tez cəlb edir insanların diqqətini. Pozitiv bir iş neqativ bir səbəblə diqqətə gəlib. Çox adam maraqlanıb, elə siz özünüz də. Təki bu missiya geniş yayılsın, daha çox danışılsın, daha çox diqqət cəlb etsin. Səhvin belə bir tərəfi də oldu".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top