Rac Kapurun dəvətini qəbul etməyən rejissorumuz

Hüseyn Seyidzadənin 1956-cı ildə dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırdığı "O olmasın, bu olsun" filmi kinomuzda bir inqilab sayılır. Bu film onun quruluşunda Azərbaycan kino tarixinə ilk rəngli bədii film kimi daxil oldu. Bu film həm də digər məziyyətlərinə görə də Hüseyn Seyidzadəyə böyük şöhrət gətirdi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini də dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar. Və elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.

1960-cı ildə isə o, "Koroğlu" ilə kinomuzda ilk genişekranlı film yaratdı. O daha sonra öz "Yenilməz batalyon"u (1965) və "Dəli Kür"ü ilə (1969) kino salnaməmizin yeni bir tarixini yazdı. Doğrudur, "Dəli Kür" Moskvada senzuranın qəzəbinə tuş gəldi, nəticədə bir çox epizodlar çıxarıldı. Müstəqillik illərimizdə isə həmin epizodlardan bəziləri bərpa edildi.

Bu filmdən 9 il sonra o, sonuncu filmini - "Qaynana"nı çəkdi.

"Qatır Məmməd" və "Dərviş Parisi partladır" filmlərini də o, ekrnalara gətirməli idi. Lakin sonradan həmin filmlərin çəkilişləri başqa rejissorla həvalə edilib. Bunun da müəyyən səbəbləri olub. Əməkdar incəsənət xadimi, professor, kino və televiziya rejissoru Tariyel Vəliyevin sözlərinə görə, Hüseyn Seyidzadə mübariz sənətkar idi: "O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. "Qatır Məmməd" filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Ssenarini özü yazmışdı. Bədii Şuranın senzurasından keçən ssenariyə baxmamışdı. Demişdi ki, Qatır Məmmədi məndən yaxşı tanıyacaqsınız? Sonra isə filmi yarımçıq qoydular, ona çəkməyə icazə vermədilər. O bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin". Bəlkə də yaradıcılığı boyu bu kimi bir çox haqsızlıqlarla üzləşmiş Hüseyn Seyidzadə elə buna görə: "Mən anadan olandan taleyimlə əlbəyaxayam", - deyərdi. Ömrünün sonuna yaxın Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. 1979-cu il iyunun 2-də böyük sənətkar dünyasını dəyişib.

Bəli, o vətənini xalqına bağlı dünya şöhrətli bir kino xadimi idi...Elə bu səbəbdən də hind kinosunun böyük ustadı Rac Kapurun dəvətini qəbul edib Hindistana getmədi. Halbuki Rac ona demişdi: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top