Azərbaycanda çoxuşaqlı analar azalıb

Əhməd Qəşəmoğlu: “Əsas odur ki, uşaqlar keyfiyyətli böyüsün...”

Azərbaycanda çoxuşaqlı anaların sayı azalıb. Sovet dönəmində 5 uşaqlı analar çoxuşaqlı sayılmır, buna normal baxırdılar. O dövrlərdə ən azı 6-7 uşağı olan analara çoxuşaqlı ana kimi baxırdılar. İndi isə 3 uşağı olanlara artıq çoxuşaqlı ana kimi baxırıq.

Təəssüf ki, indi hər kəs 1, maksimum 2 uşaqla kifayətlənir. Bunun da səbəbi ailələrin iqtisadi vəziyyəti, imtiyazların verilməməsidir. Sovet dövründə çoxuşaqlı analara müxtəlif imtiyazlar, orden verilir, tez təqaüdə çıxarılırdı. İndi isə belə analara heç bir imtiyazlar, stimul verilmir. Hazırda Azərbaycanda olmasa da, bir çox ölkələrdə çoxuşaqlı ailələrin xüsusi statusu, əlavə güzəşti və imtiyazları var.


Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən, dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyalar və imtiyazlar verilir. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür. İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur.


Finlandiyada isə çoxuşaqlı ailələrə müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1 yaşına qədər hər bir ehtiyacı ödənilir. Paketin məbləği 1 neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.


Polşada hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125$-dan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir.
Çexiyada isə hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır. Almaniyada “Gəlir vergisi haqqında” və “Uşaq müavinətləri” haqqında qanunlar qəbul olunub. 2 yaşına qədər hər uşaq üçün anaya ayda 300 avro verilir. Bundan əlavə, əgər ailədə 3 və daha çox uşaq varsa hər uşağa 179 avro verilir. Bu müavinət 27 yaşadək valideynləri ilə yaşayan və işləməyən şəxslərə verilir. Almaniyada çoxuşaqlı ailələrdə uşaqlara verilən imtiyazlar yaşa görə fərqlidir.
Rusiyada 1992-ci ildə “Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi haqqında” sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl (təxminən 25 dollar), 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.


Maraqlıdır, Azərbaycanda niyə çoxuşaqlı anaların sayında kəskin azalma gedir? Sosioloq Əhməd Qəşəmoğlu ilk öncə ailələrin iqtisadi vəziyyətinin normallaşdırılmalı olduğunu dedi: “Əvvəllər Azərbaycanda xeyli qəhrəman analar vardı. 10 uşaqdan çox uşağı olan anaların qəzetdə adları çıxır, mükafat verilirdi. O zaman bütün Yer üzündə də əhali artımına münasibət indiki kimi deyildi. Yəni o vaxt ümumi nəzarət də yox idi. Hansı ölkədə nə qədər əhali artır artsın - bu müzakirə mövzusu deyildi. Azərbaycanda sovet dövründə ailə modeli, cəmiyyətin dəyərləri başqa idi. 70-ci illərdən başlayaraq dünyanın aparıcı təşkilatları, daha sonra BMT diqqət etməyə başladı ki, Yer üzündə əhali sürətlə artır. Əhali sürətlə artdıqda isə resurslar azalır və gələcəkdə əhalinin sayı o qədər çox ola bilər ki, resurslar bu əhalini yedirməyə çatmaz. Ona görə də 70-ci illərdən sonra belə bir böyük siyasət formalaşmağa başladı ki, çalışmaq lazımdır ki, ölkələrdə əhali belə sürətlə artmasın. Bu, ümumiyyətlə, bir az da Qərb ölkələrini həyəcanlandırırdı. Çünki Qərb ölkələrində əhali artımı çox aşağı idi, müsəlman ölkələrində isə əhali sürətlə artırdı. Bu da həm siyasi, həm demoqrafik, həm də dini cəhətdən müəyyən mərkəzləri qıcıqlandırırdı. Beynəlxalq təşkilatlar hərəkətə keçdi ki, ölkələrdə situasiyanı elə dəyişək ki, əhali artımı davam etməsin. Hətta SSRİ-nin özünə qarşı belə proseslər yaranmağa başladı. Maraqlı bir məqamı deyim. Amerikanın Futurologiya İnstitutu 69-cu illərdə hesablamışdı ki, 2000-ci ildə sovet ordusu müsəlman türk ordusu olacaq. Çünki müsəlman ailələrinə orta hesabla 5-6 uşaq düşürdüsə, o biri millətlərə 1-2 uşaq düşürdüsə, 2000-ci illərdə sovet ordusu müsəlman türk ordusu olmalı idi. Buna görə də Moskva da qorxmağa başladı. Daha sonra Yer üzündə siyasət tamamilə dəyişməyə başladı. Bunun üçün bir neçə metodlar tətbiq etməyə başladılar. Bunlardan biri BMT-nin metodu idi ki, demoqrafik siyasətlə bağlı maarifləndirmə işlərinin aparılması və sairə. BMT əsas ideya irəli sürdü ki, hər bir ölkədə bir ailədə uşaqların sayı o qədər ola bilər ki, o uşaqlar keyfiyyətli böyüyə bilsin. Bu, əslində yaxşı ideya idi. Bir ailədə 11-12 uşaq olub yarısı türməyə, yarısı işsizliyə düşməkdənsə, 4 uşaq olmağı yaxşıdır. Bu dəqiqə Yer üzündə əhalinin artması arzuolunan sayılmır”.


Sosioloq bildirdi ki, yaxşı olar ki, Azərbaycanda bir ailədə 3 uşaq olsun: “Mən bununla bağlı vaxtilə Milli Məclis üçün sənədlər hazırlamışam, başqa təhlillərim də olub. Bir ailədə 3 uşağın olması həm əhalinin artımına kömək edər, həm də gələcəkdə vergi ödəyicilərini və sairə ailə tənzimləyir. Ailədə 3 uşaq olanda onların psixologiyası da yaxşı inkişaf edir. Ancaq təəssüf ki, əksər ailələrdə 1-2 uşaq olur. Burada da əsas məsələ iqtisadi vəziyyətdir. Çünki insanlar özləri də hiss edir ki, çox uşaq olanda problem yaranır. Əvvəllər bir ailədə 7-10 uşaq vardısa, kiçik uşaqlar böyüyün paltarlarını geyinirdi. Yəni paltara pul xərclənmirdi. Əsas diqqət uşaqların yeməyinə verilirdi. O zamanlar uşaqları təbii süd, qatıqla dolandırırdılar. Amma indi tələbat artdığından, paltarlara, kitablara xərclənən pul, məktəbə gedib gəlmək hamısı ailənin büdcəsinə kifayət qədər ciddi təsir edir. Ona görə də ölkədə bununla bağlı müəyyən işlər həyata keçirilir. Amma kompleks işlər həyata keçirilməlidir. Məsələn, Rusiyada bu məsələyə artıq diqqət artıb. Azərbaycanda da diqqət artmalı, ailələrin bununla bağlı iqtisadi vəziyyətinin düzəlməsinə yardım edilməlidir. Amma bir məsələ həmişə diqqət mərkəzində olmalıdır. Doğrudan da biz çalışmalıyıq ki, ailədə neçə uşaq olursa-olsun əsas əhalinin keyfiyyəti məsələsidir. Təəssüf ki, Azərbaycanda əhalinin keyfiyyəti məsələsi haqqında danışan demək olar ki, yoxdur. Biz həm stimullaşdırmalıyıq ki, ailədə uşaqlar çoxalsın, həm də paralel olaraq o uşaqlar keyfiyyətli böyüsün”. musavat.com

DİGƏR XƏBƏRLƏR

Top