"Azərbaycanda təhlükəli zərərvericilər yayıla bilər" - Açıqlama

"Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığı (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurur. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir". Bu barədə "Yeniavaz.com" saytına Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya məlumat verdi. Onun sözlərinə görə, bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçiblər və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar: "Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dovrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Qeyd edək ki, mərmər bağacığı yarimsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür ki, adlandırmada bu əlamət nəzərə alınıb. Bədənin aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 mm təşkil edir. Yetkin fərdləri aprel ayının əvvəllərindən etibarən qışlama yerindən çıxır və qidalanma üçün qida mənbəyi axtarır. Qidalanma dövrü 1-2 həftə davam edir. Dişi fərd yarpaqların alt hissəsində 1,3-1,6 mm ölcüdə 20-30 ədəd yumurta qoyur. Yumurtalar ağ kürə şəklində olur. Əlverişli şəraitində üç nəsil vermə qabiliyyətinə malikdir. I nəsil, əsasən may-iyun, II nəsil iyun-avqust və III nəsil isə avqust-oktyabr aylarında inkişaf edir".

Rövşən Ziya bildirib ki, çoxillik təcrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu ən səmərəli mübarizə tədbirləri sayılır: "Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidirlər. Karate Zeon (lyambda siqalotrin) - 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir. Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidirlər".

Rövşən Ziya respublika ərazisində sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələrinə qarşı görülən tədbirlər barədə də məlumat verdi: "Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən Tovuz rayonu ərazisində 3440 hektar, Qazax rayonunda 460 hektar, Samux rayonunda 500 hektar, Ağstafa rayonunda isə 1420 hektar dövlət ehtiyat fond torpaqlarında kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Eyni zamanda, Biləsuvar rayonu ərazisindəki 2200 hektar, Salyan rayonunda 600 hektar, Saatlı rayonunda 1400 hektar, İmişli rayonunda 4405 hektar, Hacıqabul rayonunda 1250 hektar, Şamaxı rayonunda isə 425 hektar dövlət ehtiyat fond torpaqlarında zərərvericilərin məhv edilməsi həyata keçirilib. Ümumilikdə isə ölkə üzrə 16100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb. Mübarizə tədbirləri müasir və yüksək manevr qabiliyyəti olan "AU8115M" çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir. Hazırda Dövlət Xidmətinin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Tovuz, Qazax, Ağstafa rayonlarının Ağdağ adlanan ərazisində və Çeyrançöl adlanan dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri həyata keçirilir. Nəzərə alınmalıdır ki, çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar sutka ərzində sürü ilə 30 km, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın".

DİGƏR XƏBƏRLƏR

Top